Vaksinasiya-qorxulu pandemiyadan yeganə xilas yolu

Hazırda bəşəriyyət indiyədək üz-üzə gəldiyi ən qorxunc xəstəliklərdən biri ilə mübarizə aparmaqdadır. Artıq bir ildən uzun müddətdir ki, dünyanı cənginə almış koronavirus, sadəcə, səhhətimizdə deyil, sosial həyatımızda, insan haqlarında da əngəllər yaratmağa davam edir.

Hazırda bəşəriyyət indiyədək üz-üzə gəldiyi ən qorxunc xəstəliklərdən biri ilə mübarizə aparmaqdadır. Artıq bir ildən uzun müddətdir ki, dünyanı cənginə almış koronavirus, sadəcə, səhhətimizdə deyil, sosial həyatımızda, insan haqlarında da əngəllər yaratmağa davam edir.

Yevlax Şəhər İcra Hakimiyyətinin sektor müdiri Taleh Rəşidov deyir ki, Prezident İlham Əliyevin problemə strateji baxışı və risklərin dəyərləndirilməsinə əsaslanan uzaqgörən qərarları əsas məqsədə - virusun yayılmasının qarşısının alınmasına və yoluxma zəncirinin qırılmasına gətirib çıxardı. Onun sözlərinə görə, "Bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir" - deyən Azərbaycan Prezidentinin siyasəti pandemiyanın ilk günündən buna hədəflənmişdi. Sərt və qabaqlayıcı tədbirlər nəticəsində vəziyyəti çox keçmədən nəzarətə almaq mümkün oldu. Yoluxanlarla sağalanların say nisbətində müsbət dinamika yarandı: "Virusa qalib gəlmək öz əlimizdədir. Yalnız kütləvi vaksinasiya pandemiyanın kökünü kəsə bilər. Birmənalı olaraq qəbul olunmalıdır ki, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən effektiv üsuldur. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir.Bu, dünyanın bütün aparıcı səhiyyə müəssisləri tərəfindən təsdiq olunmuş faktdır. Əks halda isə, insanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər".

Taleh Rəşidov bildirib ki, peyvəndlər icad olunana qədər dünya bugünkündən daha çox təhlükədə idi: "1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirdi. Vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 25 30% i vəba xəstəliyindən ölüb. Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb".

Taleh Rəşidov onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində imzalanmış razılaşmalar çərçivəsində bu gün Azərbaycan digər mənbələrdən vaksin almağa nail olan, vaksin çatışmazlığı problemi üzləşməyən və əhalisinin vaksinasiyası prosesini sürətlə aparan ölkələr sırasındadır: "Təsadüfi deyil ki, Azərbaycan koronavirusa qarşı mübarizə tədbirlərinin effektivliyi ilə seçilən ölkələr sırasında yer alıb. Yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib və bu proses sürətlə davam etdirilir. Ölkə başçısının aydın hədəfləri nəticəsində Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" qəbul olunub. gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində "Biz birlikdə güclüyük" şüarı ilə zəfər çaldı. Bu gün də biz hamılıqla, eyni birlik və həmrəyliyi nümayiş etdirməklə COVID-19-a qarşı mübarizəmizin növbəti, bəlkə də ən mühüm mərhələsini - kütləvi vaksinasiyanı başa vurmalıyıq".

Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tural Məmmədovun sözlərinə görə, uzun zamandır ki, dünyada COVID-19 adlanan pandemiya tüğyan etməkdədir: "Xəstəlik o qədər qəfildən peyda oldu ki, bu, Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssisləri, infeksionistlər arasında da çaşqınlıq yaratdı. O, tamamilə yenidir və yeni olduğuna görə də dəqiq və effektli müalicəsi hələ ki, yoxdur. Vaksinlərin tətbiqi dünyəvi immunitetin həm tez yaranmasını, həm də pandemiyanın təsirinin itkisiz olmasını təmin edir. Artıq bir neçə variantda vaksin hazırdır və dünyada tətbiq olunmağa başlanılıb, yeni-yeni vaksinlərin hazırlanması prosesi də davam etməkdədir. Bu, Dünya Tibb Elminin böyük nailiyyətidir. Bizim ölkəmiz də vaksinləri alıb gətirən və vətəndaşlarını peyvənd etdirən ilk ölkələr sırasındadır. Bu il yanvarın 18-dən ölkəmizdə vaksinlənmə prosesinə start verilib və pilləli şəkildə uğurla davam etməkdədir. Qeyd edək ki, kampaniya başlayandan indiyədək tətbiq edilən peyvəndlər uğurlu nəticələr verir. Ümid etməyə dəyər ki, aparılan peyvəndləmə tədbiri dəhşətli və qorxulu bəlanı tədricən uzaqlaşdıracaq və həyatımız normal məcraya dönəcək. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya ilk başlayan və ən təhlükəsiz, ən effektli vasitələrin gətirilməsini təmin edən ölkədir".
Tural Məmmədov deyib ki,  koronavirusa tutulanlar da peyvənd oluna bilərlər: "Bu şərtlə ki, həmin şəxslər qan müayinəsindən keçib onlarda virusa qarşı anticisimlərin yaranıb-yaranmadığını öyrənsinlər. Analiz nəticəsinə görə qanda anticisimlər yüksək olarsa, peyvənd vurdurmağa ehtiyac yoxdur. Lakin qanında həmin göstəriciləri aşağı olanlar peyvənd olunmalıdırlar. Əvvəllər anticisimlərin 4-6 ay orqanizmdə qaldığı güman edilirdi. Lakin təcrübələr, eləcə də, infeksiyanı keçirən insanların müayinəsi göstərir ki, həmin müddət ən azı 8 ay da davam edə bilər. Məsələn, xəstəliyi apreldə keçirən insanların bəzilərində infeksiyaya qarşı qoruyucu anticisimlər qala bilər və təcrübələr bunu təsdiqləyir. Ona görə də konkret müddət göstərmək çətindir. Şübhəsiz ki, orqanizmdən asılı olaraq immunitet həm də fərdi xarakter də daşıyır. Bəlkə də aramızda elə insanlar var ki, onlarda anticisimlərin yaşama müddəti bir ilə qədər davam edir".
Onun qənaətincə, gənc və sağlam insanlar da xəstələnə və həyatını itirə bilər: "Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir".
Tural Məmmədov onu da bildirib ki, COVID-19 ilə mübarizədə ölkənin səhiyyə sisteminin maddi-texniki bazası xüsusi rol oynayır: "Dövlət başçısının tapşırığına uyğun olaraq, ilk növbədə, ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırıldı. Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində səhiyyə infrastrukturu pandemiya ilə mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün əlavə müasir tibbi laboratoriyalar alındı, yeni tibb müəssisələri açıldı, modul tipli xəstəxanalar quraşdırıldı. Pandemiyanın aramızdan tamamilə getməsi üçün isə mütləq əhalinin 60 - 70 faizində immunitet formalaşmalıdır ki, hazırda bunu da yalnız vaksinasiya ilə etmək mümkündür. Buna görə də hər kəs vaksinasiya prosesində fəal iştirak etməli, dövlətin vətəndaşına göstərdiyi bu əvəzsiz qayğı və diqqətdən yararlanmalıdır".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31