“COVID-19-a qalib gəlməyin yeganə yolu vaksinasiyadır”- RƏYLƏR
Artıq koronavirus pandemiyasının dünyada geniş yayılmasından 1 il 6 aydan çox vaxt keçib. Ötən bu müddət ərzində COVID-19 dünyada pandemiyaya çevrilməklə bütün ölkələrin iqtisadiyyatlarına ciddi zərbə vurdu.
24 İyun 2021 11:15 SosialArtıq koronavirus pandemiyasının dünyada geniş yayılmasından 1 il 6 aydan çox vaxt keçib. Ötən bu müddət ərzində COVID-19 dünyada pandemiyaya çevrilməklə bütün ölkələrin iqtisadiyyatlarına ciddi zərbə vurdu. Koronavirus son onilliklərin ən geniş yayılmış xəstəliyi olmaqla insanların bütün həyat tərzini dəyişdi. Bu dəyişikliklər özü ilə yeni reallıqları da gətirdi. Dünyada tibbi maska və digər tibbi avadanlıqlarla bağlı çatışmazlıqlar yarandı. İlk vaxtlarda hətta dünyanın bəzi ölkələrində vəziyyət nəzarətdən çıxdı. Bir sıra ölkələr isə yaranmış borc səbəbindən beynəlxalq təşkilatlardan yardım istədi. Bəs, bu vurusdan xilas olmağın yolları nədir? Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən vaxtında atılmış addımlar nəticəsində ölkəmizdə xəstəliyin geniş yayılmasının qarşısı dərhal alındı. Dövlətimizin başçısının göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiqləndi. Habelə ötən il fevralın 27-də koronavirusun Azərbaycan ərazisində törədə biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Azərbaycanın tibbi təchizat baxımından xaricdən asılılığını aradan qaldırmaq məqsədilə tibbi maska istehsal edən müəssisə istifadəyə verildi, dövlətimizin başçısının göstərişi əsasında qısa müddətdə "Yeni Klinika" tibb mərkəzi, həmçinin modul tipli xəstəxanalar fəaliyyətə başladı. Adil Əliyev bildirib ki, xəstəliyə qarşı aparılan sistemli mübarizə qısa müddətdə müsbət nəticəsini verməyə başladı. Virusa yoluxanların sayının azalması isə görülən işlərin səmərəliliyinin əsas göstəricisi oldu. Milli Məclis sədrinin müavini qeyd edib ki, infeksiyanın yayılmasının ilk vaxtlarından əhalinin sağlamlığı ilə yanaşı, onun rifahının qorunması da prioritet istiqamət kimi müəyyənləşdirildi: "Aztəminatlı və işsiz şəxslərə, habelə pandemiyadan ziyan çəkmiş sahibkarlara dövlət tərəfindən müavinətlər, kompensasiyalar verildi. Eyni zamanda, ölkəmiz tərəfindən vaksinin əldə olunması prosesi sürətləndi. Nəticə etibarilə Azərbaycan dünyada vaksini əldə edən və istifadəyə başlayan ilk ölkələrdən biri oldu. Vaksinasiya prosesində müsbət dinamika hazırda da özünü göstərməkdədir. Baş verən proseslər göstərdi ki, insanların normal həyata qayıtmasının, bu xəstəlikdən birdəfəlik yaxa qurtarmasının yolu vaksinasiyadan keçir. Təbii ki, vaksinasiya əvvəllər də müxtəlif xəstəliklərin qarşısının alınmasında olduqca mühüm rol oynayıb. Ölkəmizdə vaksinasiya sahəsində aparılmış uğurlu siyasət nəticəsində artıq vətəndaşların 4 növ vaksin seçimi var. Vaksinlərin hər biri təhlükəsizdir, istifadəyə tam yararlıdır. İndiyədək ölkəmizdə 2,9 milyon insan vaksinasiya olunub, 330 min nəfər isə xəstəliyə yoluxub sağalıb. Habelə ölkəmizdə kifayət qədər vaksin ehtiyatının olduğunu nəzərə alsaq, deyə bilərik ki, yaxın vaxtlarda biz bu xəstəlikdən tam yaxa qurtara biləcəyik. Bunun üçün isə xalqımız vaksinasiya prosesində daha fəal iştirak etməli və epidemioloji sabitliyin qorunub saxlanması üçün üzərinə düşən vəzifəni yerinə yetirməlidir".
Millət vəkili Kamaləddin Qafarov isə qeyd edib ki, COVİD-19-a qarşı vaksinasiya mövzusunda danışarkən, ilk növbədə, bir həqiqəti etiraf etməliyik ki, bu gün dünyada vaksin preparatlarının bölüşdürülməsi məsələsində ədalətlilik prinsipi tam tətbiq olunmur. Buna görə də iqtisadi qüdrəti nisbətən zəif olan ölkələr öz əhalisini vaksinlərlə təmin edə bilmirlər. Belə bir mürəkkəb beynəlxalq vəziyyətdə Azərbaycana tələb olunan effektiv, keyfiyyətli və təhlükəsiz vaksinlərin vaxtında, kifayət qədər və hətta insanlarımıza istehsalçı şirkətlər arasında seçim edə bilmək imkanı verməklə gətirilməsi böyük nailiyyətdir və bu nailiyyət bütünlüklə Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti, iradəsi və ciddi səyləri sayəsində əldə olunub. Azərbaycanın dünyaya təqdim etdiyi pandemiya ilə mübarizə modeli artıq neçə müddətdir ki, ən optimal variant olaraq qalmaqdadır. Kamaləddin Qafarov ölkəmizdə koronavirusla mübarizə tədbirlərinin ən yüksək səviyyədə aparılmasına rəğmən pandemiyaya tam qalib gəlmək üçün kütləvi peyvənd olunmağın yenə də zəruri şərt olaraq qaldığını da vurğulayıb. Millət vəkili bildirib ki, özümüzün və yaxınlarımızın həyat və sağlamlıqlarını ən təminatlı şəkildə qorymaq üçün peyvənd olunmaq mütləq lazımdır: "Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz və ən effektiv vasitədir. İnsanın immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir. Nəzərə almaq lazımdır ki, yalnız artıq bir dəfə bu xəstəliyə yoluxmuş və bir də peyvən olunmuş insanlarda lazım olan immunitet yaranır. Əks halda isə hətta gənc və tam sağlam insanlar da xəstələnə və ən pis halda həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur". K. Qafarov vaksinasiyanın cəmiyyətimizin yenidən normal həyata dönə bilməsi və yaranmış iqtisadi çətinliklərin aradan qaldırılması üçün də olduqca önəmli olduğunu xüsusi qeyd edib: "Bu gün COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya haqlı olaraq "müasir dövrdə təhsilə vurulan ən böyük zərbə" hesab edilir. Etiraf olunmalıdır ki, pandemiya Azərbaycanda da təhsil sisteminə hiss edilə biləcək neqativ təsirlər göstərmişdir. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir. Eyni sözləri iqtisadi sahəyə də aid etmək olar. Peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısı alın bilər. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və digər sahələrdə böyük iqtisadi itkilər yaşanmaqdadır və bütün dünyada milyonlarla insan iş yerini itirib. Həmçinin kütləvi vaksinasiya ölkənin mədəni həyatını da canlandıracaq, insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Həm də nəzərə almaq lazımdır ki, dünya səhiyyəsinin tarixində bəşəriyyəti təhdid edən ən qorxulu epidemiyalar hər zaman son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıblar. Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub. Bu gün də bəşəriyyət yeni bir ağır yoluxucu xəstəliyin, COVİD-19 pandemiyasının ciddi təhdidi ilə üz-üzədir. Bu təhdidin aradan qaldırmanın yeganə yolu da məhz vaksinasiyadır. Əminəm ki, Azərbaycan xalqı dövlətimiz və millətimiz üçün həyati əhəmiyyət kəsb edən bu vacib məsələ də sarsılmaz həmrəylik nümayiş etdirərək ən qısa zamanda kütləvi vaksinasiyanı başa çatdıracaq."
Alim
Olaylar.az