Milli şüur gənclərin vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayır

Hazırda dünyada baş verən qloballaşma və inteqrasiya prosesləri milli kimlik məsələsini aktuallaşdırır.

Hazırda dünyada baş verən qloballaşma və inteqrasiya prosesləri milli kimlik məsələsini aktuallaşdırır. Bu fakt assimlasiyaya uğramaq təhlükəsi ilə üzləşən kiçik millətlərin bu dalğada əriyib sıradan çıxmaması üçün milli mənlik şüurunun inkişafını labüd edir. Heç şübhəsiz ki, hər bir xalqın milli kimliyi dedikdə ilk növbədə onun təmsil etdiyi ölkənin vətəndaşlarının öznüindifikasiyası başa düşülür. Azərbaycanda bu funksiyanı Azərbaycançılıq ideyası tamamlayır. Maraqlıdır, bəs milli mənlik ideologiyasının formalaşması hansı prinsiplərə əsaslanır?  Xatırladaq ki, Azərbaycan dövləti öz vətəndaşlarının milli kimlik şüurunun inkişaf etdirilməsi məqsədilə xüsusi milli siyasət həyata keçirir ki, onun da mahiyyəti   azərbaycanlıların milli xüsusiyyətlərinin saxlanması, Azərbaycan dilinin saflığının, təmizliyinin, Azərbaycan milli dəyərlərinin adət və ənənələrinin, milli dövlətçiliyinin qorunması, xaricdə yaşayan azərbaycanlılarla siyasi, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsini əhatə edən siyasətdən ibarətdir. Bəs, ümumiyyətli milli  kimlik (identiklik) nədir, onun gənclərin vətənpərvərlik hissinin formalaşmasında rolu nədən ibarətdir?  Hüquqşünas Mahir Bədirovun sözlərinə görə, milli kimlik- milli düşüncəni, mədəniyyəti, dili, dini, tarix, vətəndaşlıq, vətənpərvərlik, milli ideya, milliyətçilik anlayışlarını özündə ehtiva edir. Milli identiklik fərdin özünün bu və ya digər dövlətə mənsub olmasını dərk etməsi və duyması, həmçinin müəyyən millətlə eyniləşdirərək konkret siyasi davranış modelinin olmasıdır. Milli identikliyin formalaşmasını araşdırmaq üçün onun struktur hissələrini nəzərdən keçirmək lazımdır: "Milli identikliyin tərkibində üç bir-birindən ayrılmaz tərkib hissəni ayırmaq olar:  koqnitiv, affektiv,  davranış. Koqnitiv komponent fərdin dövlətlə bağlılığı, əlaqəsi haqqında təssəwürləri, bilikləri təmin edir. Bu təsəvvürlərin, biliklərin düzgün qavranılması və mənimsənilməsi olduqca vacibdir. Bu prosesdəki hər hansı yanlışlıq sonradan məlumatların düzgün qiymətləndirilməsinə və şəxsiyyətin tamın üzvü hissəsi kimi özünüdərkinə mane olur. Belə olan halda nəticə etibari ilə ya şəxsiyyətin marginalığı, ya da milli identiklik kimi başa düşülən etnik identiklik hadisəsi ilə rastlaşırıq. Deməli, şəxsiyyətin adekvat davranış modelinin formalaşması mümkünsüz olur. Milli identikliyin ikinci struktur komponenti olan affektiv komponent şəxsin öz dövlətinə olan duyğularından, emosiya və hisslərindən ibarətdir. Milli identiklik milli mədəniyyəti, yaşadığı ölkənin təbiət və mədəniyyətini, adət-ənələrini tanımaqdan və sevməkdən keçir. Vətəni, tarixi keçmişi, qəhrəmanları, adətləri ilə qürur hissi yaşamayan şəxsin milli identikliyi həmin dövlətlə bağlı ola bilməz. Milli identikliyin mühüm tərkib hissəsi olan davranış-tənzimetmə komponenti şəxsin özünün eyniləşdirdiyi dövlətə münasibətdə həyata keçirəcəyi hərəkətlərə hazırlıq formalaşdırır".

Onun sözlərinə görə, milli mənlik şüurun gənclərin vətənpərvərlik hisslərinin tərbiyyəsində rolu böyükdür: "Məlum olduğu kimi milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr-sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Məhz bu səbədən erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində ölkəmizə vurulan ziyanlar milli şüurun inkişaf etdirilməsini tələb edir. Məlum olduğu kimi milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın-hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaqla bağlı olan sosial keyfiyyətlər daxildir. Odur ki, milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır. Çünki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. Milli mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir. Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini ifadə edir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Təsadüfi deyil ki, Azərbaycan gənclərinin milli kimlik şüurunun inkişaf etdirilməsi həm də onların məsuliyyətinin artırılması ilə nəticələnib. Qeyd edək ki, milli kimlik, milli idealogiya və vətənpərvərlik tərbiyəsi heç də müxtəlif istiqamətlər deyil, bir bütövün hissələri kimi bir-birindən asılıdırlar. Bunların birini diğərlərindən ayrı təsəvvür etmək mümkün deyil. Hazırda Azərbaycanda həyata keçirilən siyasətin mahiyyəti ondan ibarətdir ki, bu tərbiyə məhfumları bütöv bir sistemin hissələri kimi, gənc nəslin tərbiyəsində, onların düşüncələrinə, əxlaqlarına, hisslərinə, iradəsinə təsir edə biləcək məzmunda aşılansın. Çünki, sahiblənmə hissi olmayan birinin milli mənliyi, milli mənlik hissi olmayanın milli idealogiyası, milli idealogiyası olmayan xalqın isə vətənpərvər övladlar yetişdirməsi mümkün deyil. Məhz bunun nəticəsidir ki, gənclərdə formalaşan milli mənlik şüuru onlarda vətənpərvərlik hisslərinin tərbiyyəsinə böyük təsir göstərir".

M.Bədirov qeyd edib ki, hazırki qloballaşma şəraitində milli kimlik məsələsinə xüsusi diqqət yetirilməlidir: "Qloballaşan dünyada milli dövlət də, onun sütunu sayılan milli kimlik  də çoxsaylı təsirlərə məruz qalır. Qloballaşma identikliyin formalaşmasına bütün səviyyələrdə təsir edir. Müasir dövlətin öz vətəndaşları üçün təmin etdiyi identiklik məkanı bir tərəfdən-mədəni hegemoniya və informasiya qlobalizminin unifikasiya meyillərinə, digət tərəfdən etnik-dini vəs. birliklərin təzyiqinə məruz qalır. İdentikliyin ənənəvi meyarlarının hüdudları sezilməz olur. Bir qütbdə kosmopolitik dünya vətəndaşlığı, digər qütbdə alternativ qismində fundamentalist etnik-dini, konfessional, sivilizasion identiklik seçimləri üz-üzə gəlir. Qlobalizm adlanan mahiyyətcə yeni " ideologiyasızlaşdırma" planı kimi çıxış edən bu meyillərin milli dövlət üçün konkret təhlükələri mövcuddur. Lakin Azərbaycanda həyata keçirilən tədbirlər bi təhlükənin aradan qalxmasına xidmət edir. Belə ki, ölkəmizdə tətbiq edilən multikulturalizm ideologiyası bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti bir araya gətirə bilir. Çünki, multukulturalizm elə bir təlimdir ki, o mədəni prualizmi bəşəri fəaliyyətin əsas məzmunu elan edir, pozitiv müxtəlifliyin qorunmasını və inkişafını özünün əsas vəzifəsi kimi təsdiq edir. Multkultural cəmiyyətdə hər bir etnosun mənsubları öz spesifik mədəniyyətlərini hüquqi əsaslarla inkişaf etdirmək imkanları qazanırlar. Etnik-mədəni müxtəlifiyin inkişafına müsbət təsir göstərdiyindən milli identikləşmə prosesi ilə paralel şəkildə inkişaf edib, formalaşa bilir". Onun sözlərinə görə, məhz bu kimi tdbirlər nəticəsində ölkəmizdə gənc vətənpərvər nəsil yetişib.  Bu, özünü 44 günlük Vətən müharibəsində də göstərdi: "Bu gün Azərbaycan əhalisinin mühüm bir hissəsi gənclərdən ibarətdir. Hər keçən gün onların cəmiyyətdə çəkisi və rolu artır. İndiki dövrdə gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir. Xüsusən də müasir informasiya-kommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Belə bir dövrdə Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən hesab olunur. Xüsusilə müstəqil Azərbaycan üçün bu, məlum səbəblər üzündən vacib əhəmiyyət kəsb edir. Digər tərəfdən, gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaqlar. Gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Prezident İlham Əliyevin təbirincə desək: "Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə   Azərbaycanın gələcək inkişafına   töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır". Aydın məsələdir ki, bunları dərk edən gənclərdə milli mənlik şüurunun inkişafı yüksək səviyyədə olacaq. Hər bir vətəndaşın milli mənlik şüurunun formalaşdırılması onun cəmiyyətdə, ictimai münasibətlərin bütün sistemində tutduğu və oynadığı rolu müəyyənləşdirir, onun mənəvi keyfiyyətlərinin qabarıq ifadəsinə çevirir. Maddi və mənəvi zəmində tərbiyə olunan gənc özünün, xalqının varlığını dərk edir, torpaq, Vətən, xalq, millət kimi böyük arzular və müqəddəs amallar dünyasına daxil olur. Bu çox mürəkkəb prosesdə onun mənəviyyatı, əqidəsi, dünyagörüşü formalaşır. Hər bir gənc aydın şəkildə dərk edir ki, əzəmətli ağaclar öz kökləri üzərində dayandığı kimi fərdlər də öz xalqı, öz milləti içərisində təşəkkül tapır, öz xalqına, öz millətinə xidmət edir. Milli şüur formalaşdıqca insanlarda milli ləyaqət tərbiyə olunur. Nəhayətdə belə bir həqiqəti dərk edir ki, millət və xalqın, Vətənin, doğma yurdun taleyi onun taleyinə qovuşur, şəxsi ideal və arzuların tərkib hissəsinə çevrilir. Belə bir şəraitdə Azərbaycanda böyüməkdə olan nəslin milli şüurunun və milli ləyaqətinin tərbiyə edilməsində, mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın onlara düzgün öyrədilməsində   aydınların üzırinə böyük vəzifələr düşür. Məlum olduğu kimi millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Odur ki, vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısı hesab olunur. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarla bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır. Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır".

Alim Hüseynli

Yazı  Azərbaycan  Respublikasının  Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31