Məişət zorakılığından intihara gedən yol
20 May 2021 14:15 SosialDünyada qadınların 70 faizi fiziki və sosial zorakılıqdan əziyyət çəkir
Ölkənin telekanalları məişət zorakılığı hallarını ya kriminal hadisə kimi, ya da ən pisi onu şou və şok formatında təqdim edirlər. Belə məlumatlar isə güclü emosional tərzdə efirə verilir. Bu isə insanların psixoloji durumuna mənfi təsir göstərir. Təsadüfi deyil ki, belə verilişlər cəmiyyətdə narazılıq və narahatçılıq yaradır. Faciəyə məruz qalan ailələrin problemlərini telekanallar çıxararaq Azərbaycan ailəsinin yalnız bundan ibarət olması görüntüsü yaradılır. Halbuki nümunəvi ailələr barədə veriliş hazırlayıb cəmiyyətə təqdim etmək üçün kifayət qədər faktlar mövcuddur. İctimai rəyin formalaşması və cəmiyyətdə mövcud olan gender stereotiplərinin aradan qaldırılması prosesində medianın çox böyük rolu var. Lakin mövcud Azərbaycan mətbuatı demək olar ki, bütün hallarda məişət zorakılığının doğurduğu ağır nəticələri işıqlandırır, belə halların baş verməməsi üçün preventiv və maarifləndirmə xarakterli mövzular isə diqqətdən kənarda qalır. Materialların məzmununun təhlili göstərir ki, qəzetlərdə dərc olunan yazıların böyük əksəriyyəti qadınlara qarşı fiziki zorakılıq hallarını yalnız şok xəbər janrinda və ya şou kimi təsvir edir. olub. Digər faktlardan biri isə monitorinq müddətində milli mediada mövzu ilə bağlı ümumiyyətlə heç bir analitik təhlil xarakterli yazıların olmamasıdır.
Məhz bu kimi amillərin nəticəsidir ki, son vaxtlar intihar hallarının sayında artım müşahidə olunur. Onlarla intihar hadisələri baş verir ki, mərhumu ölüm həddinə çatdıran səbəblər Cinayət Məcəlləsinin 125-ci maddəsinin (şəxsi özünü öldürmək həddinə çatdırmaq) kəndirindən asılı qalır. Biri özünü kəndirdən asır, onu ölümə sürükləyən səbəb isə o kəndirdən yelləncək kimi istifadə edib, başqalarının həyatını zəhərləməyə atılır. Bu gün dünyanın bir çox ölkələrində müşahidə olunan böhranın, ailə institutunun tənəzzülü, məişət zorakılığı kimi meyllərin qloballaşma şəraitində həyatımıza təzyiq və nüfuz etməsi reallıqdır. Yəni, məişət zorakılığı dünyanın ən aktual problemlərindəndir. Hər il dünyada zorakılıq üzündən minlərlə qadın həlak olur, məişət zoraklığına məruz qalaraq, ağır zərbələr alır. Məişət zorakılığının son nəticəsi özünə qəsd, adamöldürmə və insan alverilə nəticələnir. Statistikaya görə, qadınların 70 faizi fiziki və sosial zorakılıqdan əziyyət çəkir. Avropa qadınlarının 15%-ə qədəri hər gün məişət zorakılığının qurbanı olur. Xatırladaq ki, dünyanın 60 ölkəsi bu sahədə qanunvericilik bazası yaradıb. BMT bir neçə il əvvəl qadınlara qarşı zorakılıq əleyhinə kampaniyaya başlayıb. BMT-yə üzv ölkələr 2015-ci ilə qədər bu problemlə bağlı qanunvericilik bazası yaratmaq, maarifləndirmə işləri aparmaq və problemin həlli üçün proqram hazırlamaq öhdəliklərini götürüblər. Lakin təəssüf ki, bəzən qanun məişət zorakılığı ilə bağlı problemlərin aradan qaldırılmasında aciz qalır. Əgər zorakılığa məruz qalan öz hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti orqanlara müraciət etmirsə, qanun öz sözünü deyə bilmir. Çünki zorən ailə mühitinə daxil olub, zorakılığın qarşısını almaq mümkün olmur. Bunun üçün zorakılığa məruz qalan şəxs özü qərar verməlidir. Ən betəri odur ki, ailələrdə qadınlar bir çox hallarda öz hüquqlarını müdafiə etmək əvəzinə çıxış yolunu cinayətə əl atmaqda görür. Cəmiyyət isə baş verən proseslərə müdaxilə edə bilmir.
Bu baxımdan məişət zorakılığının qarşısının alınmasında yardım mərkəzlərinin, qadın polislərin sayının artırılması, maarifçiliyin gücləndirilməsi, icra hakimiyyəti orqanlarının xüsusi şöbələrinin zorakılıq baş verən ailələrlə iş aparması, yerlərdə psixoloqların təmsilçiliyi faydalı olardı. Düzdür, indiyə qədər BMT-nin Əhali Fondu, Avropa Şurası, Avropa İttifaqı, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə layihələr həyata keçirilib. MM-də ATƏT-in Bakı ofisinin, AŞ və BMT-nin Azərbaycandakı nümayəndəlikləri və Dövlət Komitəsinin təşkilatçılığı ilə "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda dinləmələr keçirilib. Ancaq hesab olunur ki, daha effektli mübarizə həm də insanların maarifləndirilməsindən keçir. Məişət zorakılığına məruz qalan şəxs öz hüquqlarının müdafiəsinə ilk növbədə özü qalxmalıdır.
Mütəxəssislərin qənaətinə görə, ailə-məişət zorakılığının qarşısını yalnız qanunla almaq mümkün deyil. Çünki ailə özəl bir mühitdir, hər bir ailənin özünəməxsus xüsusiyyətləri var. İnsan yorğun iş günündən sonra dincəlmək üçün ailə adlı məkana sığınır. Əgər burada da onu zorakılıq gözləyirsə, bunun başqa adı yoxdur. Məişət zorakılığının, gender bərabərliyinin təminatının milli mexanizmləri özü də birmənalı, səlis konfiqurasiyaya malik deyil. Bu o deməkdir ki, hər bir ölkə özünəməxsus inkişaf tarixinə, ənənəyə malikdir. Ictimai-siyasi həyatın müxtəlif sahələri, həll edilməli olan problemlərdə hər bir ölkədə fərqlidir. Bu baxımdan məişət zorakılığı məsələsi qlobal media modellərini təqlid edən KİV-lər diqqət mərkəzində saxlamalıdırlar.
Zəka