Özəl təhsil müəssisələri, yoxsa kommersiya obyektləri... ARAŞDIRMA

Təhsil eksperti Kamran Əsədov Bakıda fəaliyyət göstərən özəl orta məktəblərin qiymətlərini açıqlayıb. 

Təhsil eksperti Kamran Əsədov Bakıda fəaliyyət göstərən özəl orta məktəblərin qiymətlərini açıqlayıb. 

1) Azərbaycan Beynəlxalq Məktəbi ("TISA International School of Azerbaijan")  

Məktəbə hazırlığı üçün 11 min ABŞ dollar

1-dən  9-cu sinfədək isə təhsil haqqı illik olaraq 34 min ABŞ dolları 

9-11 siniflər  təhsil haqqı təxminən 40 min ABŞ dollarıdır.

2) Baku Oxford School tam orta ümumtəhsil məktəbi illik təhsil haqqı 15 500 manatdır. 

3) ABC - Azərbaijan British College

İbtidai təhsil- 15 400 AZN

Orta təhsil- 16 400 AZN

4) Müasir Təhsil Kompleksi 

Azərbaycan bölməsi- 12 000 AZN

Xarici bölmə- 16 000 AZN

5) "XXI Əsr" Beynəlxalq Təhsil və İnnovasiya mərkəzi

Azərbaycan bölməsi - 8000 AZN

Rus bölməsi- 10 000 AZN

İngilis dili- 12 000 AZN

6) Sabis Sun İnternational School

İbtidai təhsil-11 500 (əlavə olaraq, transfer üçün 775 AZN, Dərslik 460 Azn, məktəbli geyimi üçün isə 400-500 AZN, qeydiyyat üçün isə 1250 AZN ödəniş etməli olcaqsınız) 

Orta təhsil-11 900  (əlavə olaraq, transfer üçün 775 AZN, Dərslik 930 Azn, məktəbli geyimi 400-500 AZN, qeydiyyat üçün isə 1250 AZN ödəniş etməli olcaqsınız) 

7) Avropa Azərbaycan Məktəbi 

Məktəbəqədər hazırlıq - 7900 AZN 

1-4-cü siniflər- 9950 AZN

5-9-cu siniflər-  12 000 AZN

10-11 siniflər- 14 000 AZN

8) Xəzər Universitetinin "Dünya məktəbi"

Azərbaycan, Rus bölmələri üçün

1-9-cu siniflər- 7500 AZN

8-ci sinif- 8000 AZN

9-11-ci siniflər- 8500 AZN

İngilis dili bölməsi üçün

1-4-cü siniflər- 9500 AZN

5-9-cu siniflər- 11 000 AZN

İB Diplom Proqramı X-XI siniflər

Dünya məktəbinin şagirdləri üçün - 12 000 AZN

Digər məktəbin şagirdləri üçün - 14 000 AZN

9) Oxbridge Academy

1-6 sinif- 6 500 USD

7-9 sinif - 7 800 USD

10-11sinif- 9100 USD

12-13 sinif - 11 700 USD

Azərbaycan Beynəlxalq Məktəbində ("TISA International School of Azerbaijan") hazırlıq 11 min ABŞ dolları, 1-9-cu sinfədək  təhsil haqqı illik olaraq 34 min ABŞ dolları, 9-11-ci siniflər təhsil haqqı təxminən 40 min ABŞ dollarıdır (təxminən 68 min manat).

Özəl orta ümumi təhsil məktəblərindəki qiyməti artımı ilə bağlı təhsil eksperti Kamran Əsədovdan müsahibə aldıq: 

- Hazırda  Azərbaycanda 4447 orta ümumi təhsil məktəbi fəaliyyət göstərir. Burada  1.6 milyon şagird təhsil alır.   Buraya lisenziya alımış özəl liseylər və orta ümumi təhsil pilləsindəki tədris müəssisələri    daxildir. Onların sayı 30-a qədərdir. Qeyd edim ki, 2011-ci ildə qəbul edilən "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə görə, istər özəl, istər dövlət  orta ümumi təhsil məktəblərinin əsas funksiyası şəxsiyyət yetişdirməkdir. Amma etiraf edək ki, dövlət orta ümumi təhsil məktəblərinin maddi texniki bazasını özəl təhsil müəssisələri ilə müqayisə aparsaq, ortadakı fərqi görəcəyik. Bilik və  bacarıqlar, müasir İKT-nın tətbiqi baxımından özəl liseylərdə çalışanlar daha yüksək imkanlara və göstəricilərə malikdir.

Qeyd etmək istəyirəm ki, dövlət orta ümumi  təhsil məktəblərində   yalnız tədrisin verilməsi ilə iş bitmiş hesab olunur. Bakı şəhərində bir müəllimə 14 şagird düşürsə, regionlarda bu say 9-dur. Xüsusilə qeyd etmək lazımdır ki, sinifdə şagird sayı da təhsilin keyfiyyətinə təsir göstərir. Səbayel, Yasamal, Nəsimi, Xətai  rayonlarında sinifdə şagird sayı  bəzən 40-dan da çoxdur. Amma özəl  liseylərdə bu say çox azdır. Aşağı siniflərdə maksimum 10-15 şagird olursa, yuxarı siniflərdə bu say daha da azdır.

Qeyd etmək lazımdır ki, özəl təhsil müəssisələri təhsil haqqını müəyyənləşdirməkdə müstəqildirlər. Hazırda ölkədə 50-dən çox özəl təhsil xidməti göstərən və  liseylər var. Aralarındakı fərqlərə baxanda ortada şişirdilmiş qiymətlər var. Qeyd edim ki, xidmət haqları müəyyənləşən zaman müəsssiəsinin xərcləri  hesablanaraq  bu qiyməti təşkil edir. Məsələn, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən  özəl  liseylər  mütləq şəkildə dövlət nümunəli tədrisi verməlidir və qanunvericilikdə  nəzərdə tutulur ki, bununla yanaşı onlar əlavə  xidmətlər də göstərə bilərlər. Biz bilirik ki, özəl orta ümumi təhsil məktəbləri  dövlətin müəyyənləşdirdiyi  tədrislə bərabər eyni zamanda müəyyən xidmətlər də göstərir. Buraya daxildir:  nəqliyyat servisi, qidalanma, forma və kitabxanalardan istifadə .Özəl liseylər və orta məktəblər müəyyən qanunvericilikdə nəzərdə tutulan dilləri tədrisi etməlidirlər. Bundan başqa dilləri də tədris edə bilərlər. Bu özəl məktəblər rəqs, rəssamlıq,  intellektual oyunlar kimi xidmətlər göstərirlər. Hazırda əsas məsələ eyni xidməti  göstərən özəl məktəblərin fərqli  qiymətlərinin olmasıdır.  Bu  qiymətlər reallığı əks etdirmir.  Biz buraxılış və qəbul imtahanlarının  nəticələrini təhlil edəndə  görürük ki, həmin məktəblərin nəticələri regiondakı  digər məktəblərin nəticələrindən heç də  üstün deyil. Hətta elə hallar olur ki, region məktəblərinin göstəricisi həmin özəl müəssisələrin göstəricilərindən yüksək olur.

Digər məsələ.  Bu kimi özəl müəssisələrin imtahan üsulları  fərqlidir.  Məsələn "IB", "Gmat", "İELTS" kimi  imtahanları misal göstərə bilərik. Amma biz bu xərcləri hesablasaq, heç bir halda bu qədər yüksək rəqəmlər alınmır. Hesab edirəm ki,  biz Cənubi Koreya, Sinqapur kimi  modellərə baxmalıyıq.  

Bu özəl məktəblər xaricdə təhsil almağa gedən insanlar üçün xidmət göstərir. Özəl məktəblərin daha çox məşhurlaşmasına bir səbəb də var. Dövlət orta ümumi təhsil müəssisələrində  hazırda 150 min müəllim var. Çox təəssüf ki, onların diaqnostik imtahanlarda balı öz ixtisasları üzrə dəfələrlə aşağıdır, hətta kifayət qədər aşağıdır.  Amma özəl məktəblər daha yüksək keyfiyyətli, xarici dili bilən, müasir İKT bacarığı olan müəllimləri seçir.

Ailələrin orta aylıq əmək haqqı nəzərə  alınmalıdır ki, valideynlər övladlarını  bu tip müəssisələrində oxutdura bilsin. Heç bir halda  biz Avropa, Amerika hətta Cənub Şərqi  Asiya  ölkələrində biz  belə fantastik qiymətlər görə bilmərik.

Yəni insanların əmək haqqı ilə bu gəlirlər mütənasiblik təşkil etməlidir. Amma bizdə tərs mütənasibdir.

Orta ümumi təhsil müəssisələrində  müəllimlərin əmək haqqı  300-400 civarındadırsa, özəl liseylərdə bu 600-700 manatdır.  Dövlət  tərəfindən müəyyənləşdirilən xidmətlərin maksimum və minimum hədləri var. Ölkədəki  özəl liseylərin qiymətlərini təhlil edərkən görürük ki, burada o qədər də ciddi və böyük fərq yoxdur.

Hesab  edirəm ki, özəl təhsil müəssisələrində orta hədd müəyyənləşdirilməlidir. Təhsil elə bir sahədir ki,  kommersiya gərək təhsili cənginə almasın. Bir çox hallarda əsassız qazanclar  ortaya çıxır. Yəni 40 min  manatlıq illik təhsil haqqının müqabilində Azərbaycanda ən bahalı təhsil müəssisəsinin illik haqqı  ADA universitetində 6500 manatdır, Xəzər universiteti 5000 manat, Bakı Dövlət Universitetinin hüquq fakültəsidir ki,  4500-4800 manatdır .  Məsələ burasındadır ki, bu universitetlər əmək bazarına ixtisaslı kadr buraxırlar və  kifayət qədər resurs xərcləyirlər. Amma orta ümumi təhsil müəssisələrində biz özəl müəllimlər tutsaq belə, bir aylıq 600-700  manat xərc çəkilə bilər,  bu da illik 6000-7000 manat civarındadır.  Amma özəl liseylər bu xidməti kifayət qədər gəlirli əsasla götürürlər. Qeyd edim ki, kommersiya  marağına hörmət etmək hər kəsin borcudur. Amma təhsilin əlçatanlığı üçün orta qiymət müəyyənləşdirilməlidir ki, hər kəs o qiymətlər müqabilində təhsil ala bilsin.

Avropa Azərbaycan məktəbinin direktoru Françesko Bankinidən məktəblərində aparılan tədris üsullarından danışdıq:

- Avropa Azərbaycan Məktəbinin tədris metodikası Beynəlxalq Bakalavr (IB) proqramlarına uyğundur: İbtidai Təhsil Proqramı (PYP), Orta Təhsil Proqramı (MYP) və Diplom Proqramı (DP). Hər üç proqramda tədris metodu və yanaşmaları aşağıdakı məqamlara əsaslanır:
Sorğu əsaslı - tədqiqatı qurmaq və dəstəkləmək üçün maraq oyadır, konsepsiya əsaslı - yeni bir kontekstə köçürülə bilən konsepsiyalarla planlaşdırma və öyrənmə, kontekstləşdirilmiş - aktuallığı müəyyənləşdirmək üçün fərdi mövzulardan kənara çıxmaq, əməkdaşlıq - effektiv komanda işini və hədəfli  əməkdaşlığı təşviq etmək, fərqli - geniş çeşidli şagirdlər üçün öyrənməyə giriş imkanı, qiymətləndirməyə əsaslanan. 

IB proqramlarının hər biri geniş, balanslı, konseptual və bir-biri ilə əlaqəli ətraflı və inkişaf baxımından uyğun bir tədris planıdır. IB proqramları tələbələrə geniş və balanslı bir sıra akademik tədqiqat və öyrənmə təcrübələrindən istifadə imkanı, fərqli mövzularla əlaqəli və təlimin inteqrasiyasına və tədris planına uyğunluq əlavə olunmasına kömək edən güclü təşkilati fikirlərə yönəldərək konseptual öyrənməyə təşviq edirlər.

Proqramlar şəbəkə qurmağın, akademik fənlər arasındakı əlaqəni araşdırmağın və ayrı-ayrı mövzulardan kənara çıxaraq araşdırmağın vacibliyini vurğulayır. Həm də tələbələrə  ətraf -aləmli öyrənib əlaqələndirmək üçün real imkanlar təqdim etməyə diqqət yetirirlər. Bütün IB proqramları beynəlxalq aləmə və IB tələbə profilinin xüsusiyyətlərinin inkişafına yönəldilmişdir. Bununla birlikdə, hər bir proqramın özünəməxsus şəxsiyyəti və inkişaf elementləri var.

Misal üçün: İbtidai məktəb tədrisində öyrənməyin məqsədi fənn sahələri arasındakı ənənəvi sərhədləri aşmaqdır. Tələbələr qlobal əhəmiyyətli altı fənlərarası mövzunu araşdırırlar: kim olduğumuz, harada olduğumuz yer və zaman, özümüzü necə ifadə etdiyimiz, dünyanın necə işlədiyi, planetimizi necə təşkil etdiyimiz və paylaşdığımız.

Qiymətlərə gəldikdə isə direktorun dediyinə görə, gələn il təhsil haqları artmayacaq.
- Növbəti tədris ili üçün təhsil haqqını artırmayacağıq. Bu qərar Himayədarlıq Şurası tərəfindən qəbul edildi ki, valideynlər və şagirdlər Azərbaycanın ən yaxşı məktəblərindən birində keyfiyyətli təhsil seçə bilsinlər.  Əsas məqsəd və nailiyyətlərimizdən biri olaraq şagirdlərin fərdi inkişafına xüsusi diqqət ayırmaqdır. Tələbələrimizi gələcək istəklərinə hazırlayırıq və bizimlə birlikdə təhsil alaraq dünya miqyasında tanınmış IB diplomu alırlar. IB Diplomu, tələbələr üçün qlobal səviyyədə mobil olmağa və seçdikləri sahələrdə, beynəlxalq həyatda gələcək həyatlarında rəqabət etməyə imkan verən bir çox imkanlar açır. Yaxın gələcəkdə, məzun olduqdan sonra, bütün tələbələrimiz yüksək reytinqlə universitetlərə getməyə hazırdır və məzunlarımızın bunu etdiyinə dair bir çox nümunə olduğumuza görə sevinirik.

BMU-nun elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov:  Özəl məktəblərin müəyyən qədər təhsil haqqı almaları təbiidir.Çünki öz xərclərini yığılan təhsil haqqları ilə ödəyirlər. Təhsil özlüyündə bahalı bir xidmətdir.Azərbaycanda bəzi özəl məktəblərin təhsil haqqlarının yüksək olmasının müəyyən səbəbləri var. Xüsusilə beynəlxalq məktəblərdə müəllim kontingentininin bir hissəsinin əcnəbi olması müəyyən təsir göstərir. Eyni zamanda bu cür məktəblərin sayısının az olması bir başqa səbəbdir.Xarici dildə tədris materialları da müəyyən qədər qiymətlərə təsir göstərir. Amma mən ümumiyyətlə, ödənişli təhsilin birmənalı ən keyfiyyətli təhsildir fikri ilə razılaşmıram. Azərbaycanda kifayət qədər təmayüllü məktəblər var ki,  onlarda təhsilin keyfiyyəti ödənişli məktəblərdən heç də geri qalmır.Eyni zamanda özəl təhsil müəssisələri bir çox vergilərdən azzaddırlar. Ona görə bu vergi güzəştləri qiymətə təsir edə bilər

İxtisas seçimi və karyera seçimi üzrə mütəxəssis Adil Vəliyev:

Əvvəlcə qeyd edim ki, Azərbaycanda beynəlxalq məktəblər kifayet qədər çoxdur. Beynəlxalq məktəblərdəki şagirdlərin təhsili onların istəyi ilə rus və ingilis dilində olur.Bu məktəblərdə dərs keçən müəllimlər mütəmadi olaraq həm tədris etdikləri fənn üzrə,  həm də  psixoloji durumları  baxımından imtahan olunur. Bu məktəblərdə təhsil alan şagirdlərin bir çoxu  xarici universitetlərə hazırlaşdığı üçün  dərs proqramları da fərqli və ağır olurÖzəl məktəblərdə təhsil haqları kifayət qədər  yüksəkdir, bu təhsil haqqını ödəmək təbii ki hər valideynin büdcəsinə uyğun deyil. Təhsil haqqının yüksək olması  bu məktəblərin maddi texniki bazasına, müəllimlərin maaşına  və ümumi olaraq şagirdlərdə ruh yüksəkliyi  yaranması  üçün  müxtəlif tədbirlərin  həyata  keçirilməsində  rolu böyükdür. Ancaq qeyd edim ki, deklorativ bilik baxımından həmin məktəbi  bitirən  şagirdlərlə dövlət məktəbini bitirən şagirdlər arasında ciddi bir fərq görmürəm, hətta buraxılış imtahanlarında iştirak etdikləri zaman çox yüksək nəticə əldə  etdiklərini  də deyə bilmərəm. Lakin xarici dil bilikləri dövlet məktəbləri ilə müqayisədə yüksək  səviyyədə olur. Bu da təbiidir, çünki  tədris əsasən ingilis dilində  aparılır və  çox güman ki, bu da xarici məktəblərdəki təhsil mühiti, daha dəqiq desək,təlim tərbiyə və tədris işinin prosesilƏ əlaqədardır.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31