Diplomatların Qarabağ səfəri Ermənistanda niyə bu qədər narahatlıq yaradıb?

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura təşkil edilən ikigünlük səfəri Ermənistanın daxilində və erməni diasporu çevrələrində ciddi narahatlıq yaradıb. Diplomatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə səfərinə qarşı etirazların səsləndirilməsi, onlara təzyiq və təhdid xarakterli çağırışların yayılması, eləcə də Qarabağdan ermənilərin guya zorla çıxarılması barədə əsassız iddiaların yenidən gündəmə gətirilməsi təsadüfi hadisə kimi qiymətləndirilə bilməz.

Əslində burada söhbət yalnız ayrı-ayrı politoloqların, ekspertlərin, deputatların və ya siyasətçilərin mövqeyindən getmir. Ermənistan daxilində və diaspor mühitində diplomatların səfərinə qarşı formalaşdırılan bu kampaniyanın arxasında Paşinyan hökumətinin və Ermənistan hakimiyyətinin siyasi iradəsinin dayandığı aydın görünür. Çünki Azərbaycan ərazisinə diplomatik nümayəndələrin səfərinə görə etiraz edilməsi, onların fəaliyyətinə təzyiq göstərilməsi və hətta təhdid olunması sıradan siyasi polemika deyil, Azərbaycanın suveren hüquqlarına münasibətin göstəricisidir.

Azərbaycan ərazisində hansı diplomatik nümayəndənin hansı bölgəyə səfər etməsi Azərbaycanın öz daxili işidir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycan ərazisidir və bu ərazilərdə dövlətin təşkil etdiyi səfərlərin keçirilməsi ilə bağlı qərar yalnız Azərbaycanın səlahiyyətlərinə daxildir. Buna görə də həmin səfəri mübahisələndirmək, diplomatların bölgəyə getməsini tənqid etmək və bu məsələyə Ermənistanın müdaxilə etməyə çalışması birbaşa Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir.

Mövzunu şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov deyib ki, bu səfərin Ermənistanda, eləcə də xaricdəki erməni diasporunda doğurduğu isterik reaksiya, diplomatlara qarşı yönələn təhdidlər, hücumlar və sistemli qara piar kampaniyası İrəvanın beynəlxalq hüquqa və regionda dayanıqlı sülhün bərqərar olmasına münasibətini bir daha aydın müstəviyə çıxarır. Ermənistan rəhbərliyi bir tərəfdən beynəlxalq platformalarda "sülh tərəfdarı" obrazı yaratmağa çalışarkən, digər tərəfdən daxili auditoriyanı və xaricdəki lobbi şəbəkələrini revanşist meyillər ətrafında konsolidasiya edir.

Millət vəkili vurğulayıb ki, Azərbaycan Respublikası öz suveren ərazilərində istənilən beynəlxalq tədbiri, o cümlədən xarici diplomatların ölkənin müxtəlif bölgələrinə səfərlərini təşkil etmək müstəsna hüququna malikdir:

"Ermənistanın xarici diplomatların Azərbaycanın suveren ərazisi olan Qarabağ və Şərqi Zəngəzura səfərlərini hədəf alması, onları təhdid etməsi və bu səfərlərə etiraz bildirməsi, bu mənada, istisnasız olaraq Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə cəhdi və beynəlxalq hüququn kobud pozulmasıdır".

Deputatın sözlərinə görə, Ermənistan hakimiyyətinin bu davranışı İrəvanın sülh prosesində nümayiş etdirdiyi riyakarlığın növbəti sübutudur:

"Bir tərəfdən sülh müqaviləsinin imzalanmasından söz açan İrəvan, digər tərəfdən Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq cəhdlərindən əl çəkmir. Bu mənzərə Azərbaycanın irəli sürdüyü əsas və prinsipial şərtlərdən biri olan Ermənistan konstitusiyasının və normativ-hüquqi bazasının dəyişdirilməsi tələbinin nə qədər haqlı və strateji zərurət olduğunu bir daha təsdiqləyir.

Daha diqqətçəkən məqam isə Ermənistan hakimiyyətinin bir tərəfdən sülh prosesinə və münasibətlərin normallaşdırılmasına sadiqliyini nümayiş etdirməsi, digər tərəfdən isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərdə belə mövqe sərgiləməsidir. Bu ziddiyyət İrəvanın sülh danışıqlarındakı davranışına dair ciddi suallar yaradır və Ermənistanın prosesdə riyakar yanaşma nümayiş etdirdiyini bir daha ortaya qoyur.

Qarabağdan ermənilərin guya zorla çıxarılması ilə bağlı iddiaların yenidən dövriyyəyə buraxılması da məhz bu kontekstdə qiymətləndirilməlidir. Bu cür yanaşma Azərbaycanın öz ərazisi üzərində suverenliyinin nəticələrini təhrif etməyə və Qarabağ məsələsini yenidən siyasi gündəmə qaytarmağa hesablanıb. Halbuki Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib və bu reallıq dəyişməzdir.

Belə olan halda Ermənistan hakimiyyətinin diplomatların Qarabağa səfərinə qarşı mövqe ortaya qoyması yalnız konkret səfərə etiraz deyil. Bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yanaşmanın davamıdır. Eyni zamanda bu mövqe Azərbaycan tərəfinin Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbinin nə qədər əsaslı olduğunu da göstərir. Davamlı sülh yalnız qarşılıqlı hörmət, ərazi bütövlüyünün və suverenliyin tam tanınması, habelə qonşu dövlətlərin daxili işlərinə müdaxilədən imtina əsasında mümkündür".

Qeyd edək ki, sentyabrın 11-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başlayıb.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edib.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olublar.

Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31