Dünya təhsil sistemində “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçid formalışır
23 Aprel 2021 14:16 SosialNasim Abışov: "Bu halda həm tədris planları, həm də təhsilin məzmunu köklü dəyişməlidir"
22 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı start götürüb. Konfransda 9 fərqli ölkədən yerli və beynəlxalq tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak edirlər. Konfransın açılış mərasimində Təhsil naziri Emin Əmrullayev çıxış edib. Təhsil naziri Emin Əmrullayev çıxışında qeyd edib :"Tədris planları və məzmununun əsaslı şəkildə dəyişikliklərə ehtiyacı var. Bu dəyişikliklərin ortasında müqəddəsləşdirdiyimiz fənlərdən nəhayət ki, məzmun və səriştəyə əsaslanan dərsə keçidimizi zaman-zaman müzakirə edirik. Amma təbii ki, bu müzakirələrdən əməli fəaliyyətə keçiddə istər ictimaiyyət, istər məktəblər, istərsə də müəllimlərlə əsaslı müqavimətlə üz-üzə qalırıq".
Cənab nazirin fikirlərinə öz münasibətini bildirən İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyin direktoru, pedaqogika üzrə elmlər doktoru, professor Nasim Abışov qeyd edib ki, dünya təhsil sistemində "yaddaş məktəbi"ndən "təfəkkür məktəbi"nə keçid formalışır. Bu halda həm tədris planları, həm də təhsilin məzmunu köklü dəyişməlidir. Məzhz, buna görə də cənab nazirin beynəlxalq konfransda çıxışını biz təhsil işçiləri də dəstəkləyirik.
1. Dərsliklərimiz faktoloji materiallarla çox yüklənib, həcmi çox tutumludur, şagirdlərin yaş səviyyələrinə uyğun gəlmir. Bunun əsas səbəbi isə, vaxtilə tələsik hazırlanmış və xüsusən də tərcümə olumuş fənn kurikulumlarının ağır olmasıdır. Misal üçün, orta ümumtəhsil məktəblərinin VII sini şagirdləri üçün həftəlik dərs saaatları dərsdənkənar məşğələlər də nəzərə almaqla 32 saatdır. VII siniflərdə ümumilikdə 17 fənn tədris olunur. Hal-hazırda VII sinifdə istifadə olunan dərsliklərin ümumi həcmi 2288 səhifədir (143 çap vərəqi). 2020-2021- ci dərs ilində itirahət günləri, bayramlar və tətilləri nəzərə alsaq, 171 dərs günü var. Əgər 2288 səhifəni 171-ə bölsək, günə orta hesabla 13-14 səhifə düşür. Bu onu göstərir ki, VII sinifdə oxuyan 12-13 yaşlı şagird hər dərs günü 13-14 səhifəlik materalı mənimsəməlidir.
2. İbtidai siniflərdə tədris planında Azərbaycan dili fənninə 9 (I sinif), 10 (II-IV sinif) saat, informatika, musiqi, təsviri incəsənət fənlərinin isə 1 saat olması məsələsinə yenidən baxılmalıdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hər hansı bir fənnin həfəlik 1 saat olması məqsədəuyğun deyil. Dilimizin şagirdlər tərəfindən daha aydın və düzgün qavranılması üçün digər dərsliklərin yazılışında dil normalarına əməl olunmalıdır.
3. Tarix fənninin Azərbaycan tarixi, ümumu tarix və Qarabağ tarixi kimi ayrı-ayrı fənlər kimi keçirilməsi məsələsinə də baxılmalıdır. Ola bilər ki, bu fənlər bir dərslik altında birləşdidirlməli və ölkəmizin bütöv tarixinə xüsusi diqqət verilməli, dünya tarixinin əsas məqamları tədris olunmalıdır. Tarix dərsliklərindən və digər dərsliklərdən faktoloji materialların yükü kifayət qədər azaldılmalıdır.
4. Kimya, fizika, biologiya, coğrafiya, texnologiya fənləri tədricən STEAM la əvəz olunmalıdır.
5. Fənn kurikulumlarının və dərsliklər hazırlanmasında yalnız həmin fənn müəllimləri deyil, yaxın fənn müəlliləri də cəlb olunmalıdır. Bu halda fənlərarası inteqrasiyası daha mükəmməl alınar.
6. Müasir və gələcək dövrümüzün İKT dövrü olduğunu nəzərə alaraq " Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqi genişləndirilməli, 1-ci sinifdən başlayaraq informatika fənninin tədrisinə həftəlik ən azı 2 saat ayırmalıyıq.