Azərbaycan gənclərində vətənpərvərlik hissi yüksək səviyyədədir

Bu ruh yüksəkliyi Vətən müharibəsində qələbəni təmin etdi

Azərbaycan gənclərində vətənpərvərlik hissinin yüksək səviyyədə olması heç kimə sirr deyil. O da etiraf edilməlidir ki, bu hissin formalaşmasında dövlət və cəmiyyət əlindən gələni əsirgəməyib. Hüquqşünas Azad Rzayev gənclər arasında vətənpərvərlik ideologiyasının təbliği ilə bağlı suallarımızı cavablandırıb.

- Azad müəllim, vətənpərvərlik dedikdə ilk növbədə hansı hisslər yada düşür, ümumilikdə vətənpərvər insan necə olmalıdır?

 

- Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Vətənə olan borcunu ödəməkdir vətənpərvərlik. Bu təkcə sözdə deyil, əməldə olmalıdır. Vətənpərvərlik ilahi bir sevgidir, hər kəsə nəsib olmur.  Hər bir insan vətənpərvərliyi əməlləri, gördüyü işlərlə sübut etməlidir. Bütün sevgilərin əzəli, bünövrəsi Vətən sevgisi, insanlığa, haqqa, ədalətə və sülhə olan sevgidir. Bu sevgi qanlarına hopmuş insanlar üçün öz şəxsi arzuları ikinci dərəcəli olur. Onlar öz sevdiklərinə qovuşmaq həsrətilə qovrulsalar da, xalqının, millətinin, Vətəninin rifahı onlar üçün hər şeydən irəlidə olur. Tarixdən düzgün nəticə çıxara bilməyən millət isə tənəzzülə uğraya bilər. Hər kəs öz işində məsuliyyətli olarsa, cəmiyyətin həyatında neqativ hallar da azalar. Müdriklərimiz deyib ki, iki cür əməl var, bir insanlara qarşı əməlindi, bir də Vətən qarşısında əməlin. Vətən qarşısında nə qədər yaxşı əməl sahibi olsan, bu torpağa nə qədər dərin köklərlə bağlansan, bu torpaq üzərində yaşayanlar da səni unutmayacaq. Bu həyatda isə istənilən məsələni çox asanlıqla həll etmək mümkündür. Ən önəmli olan tərəf isə ondan ibarətdir ki, bütün məsuliyyətlərin və zəhmətlərin fövqündə bir müqəddəs ad yaşamalıdır. Mən deyərdim ki, bu ad bizim üçün dünyanın ətrafında fırlandığı orbit olmalı, kimliyindən asılı omayaraq, hər birimizin ruhunda yaşamalı və hər kəs də onu yaşatmalı, qorumalı və inkişaf etdirməlidir. Bu ad Azərbaycandır. Vacibdir ki, bu adın qarşısındakı məsuliyyətin bütün məsuliyyətlərdən yüksəkdə dayandığını dərk edən və hər addımında məhz bu əqidəyə xidmət edən vətənpərvər Azərbaycanlı kimi yetişməyə çalışaq.  

İnsan bir zaman yurdundan-yuvasından ayrı düşə bilər. Dünyanın hansısa nöqtəsində şad-xürrəm, bütün nemətlərdən dadaraq gün keçirə bilər. Ancaq bu hal bir müddət davam edər, həmin insanın ürəyində keçmişlə bağlı xatirələr baş qaldırar, həsrət ürəyini göynədər, özünü insanlar içində yad, şəhərlər içində qərib hiss edər. Və elə o zaman hansısa qüvvə onu geri, doğulub boya-başa çatdığı torpaqlara çəkər, bu qüvvə get-gedə qarşısıalınmaz gücə çevrilər, bu gücün qarşısında dünyanın bütün naz-nemətləri gözdən düşər. Həmin insan hər şeyi buraxıb öz yurduna qayıdar, bu dünyadan gedənlərinin məzarını ziyarət edər, doğmalarına baş çəkər, ağsaqqalının əlindən, gəncinin üzündən öpər. Hiss edər ki, o, yenidən yaşayır, çünki o, Vətənə qayıdıb, illər uzunu həsrətində olduğu Vətənə.

- Sizcə Azəırbaycan gəncli kifayət qədər vətənpərvərdirmi?

- Əsl vətənpərvər insan ölümün gözünə dik baxandır. Necə ki, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri ölümün gözünə dik baxaraq düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdilər. Azərbaycan gəncləri heç nədən qorxmadılar, çəkinmədilər, vətənpərvərlik hissi, Vətən yanğısı bütün hissləri üstələdiyindən canlarını Vətən yolunda fəda etdilər. Neçə-neçə oğullarımız Vətən yolunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəldilər. Bu isə ona dəlalət edir ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun  tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri vətən  qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Məhz bunun nəticəsidir ki, Mübariz, Fərid, Murad, Samid, Çingiz, İlham Hikmət, Namiz, Zaur  kimi çoxsaylı oğullarımız canlarını Vətən yolunda qurban verdilər. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən 83 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Bu isə onu göstərir ki, Azərbaycan gənclərində vətənpərvərlik hissi ən yüksək səviyyədədir.

-Sizcə Azərbaycanda vətənpərvərliyin təbliği istiqamətində lazımi addımlar atılırmı?

- Azərbaycan müharibə  şəraitində yaşadığından cəmiyyətimizdə vətənpərvərlik təbliğatı ən ali məqsəd olmalıdır.  Son dövrlərdə bəzi gənclərdə vətənpərvərlik və milli ləyaqət hisslərinin zəif olması hallarına təsadüf edilir. Vətənin taleyinin  təhlükə altında olduğu, onun bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin getdiyi bir zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq  gənclərə böyük ehtiyacı vardır. Buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində  məqsədəuyğun və sistemli iş aparılmalıdır.

Bunun üçün isə cəmiyyətin bütün təbəqələri əlindən gələni etməlidir. Ancaq reallıq ondan ibarətdir ki, ölkədə vətənpərvərliyin təbliği istənilən səviyyədə qurulmayıb. Xüsusən, orta və ali məktəblər, eləcə də kütləvi informasiya vasitələri bu məsələdə passivlik nümayiş etdirirlər. Əslində isə vətənpərvərliyin təbliği telekanallardan tutmuş təlim-tərbiyə, təhsil müəssisələrinə qədər, mətbuatda, dərsliklərdə birbaşa əksini tapmalıdır. Ordu, şəhidlər, Milli Qəhrəmanlarla bağlı müxtəlif yönümlü maarifləndirmə işləri görülməli, məqalələr  yazılmalı, verilişlər göstərilməlidir. Təəssüf ki, sadalanan məsələləra bir o qədər də diqqət yetirilmədiyindən əsas güc ailələrin üzərinə düşür. Bütün hallarda etiraf edilməlidir ki, vətənpərvərliyin təbliğində  ailənin xüsusi yeri, xüsusi təsir dairəsi var. Təsadüfi deyilməyib ki, vətənpərvərlik hissi uşağa ilk növbədə atadan, anadan gəlməlidir. Məlum olduğu kimi ailə ictimaiyyətin təməl daşı hesab olunur. Ən qədim sosial institut olan bu "kiçik dövlət"lə bağlı mövzular bütün zamanlarda öz aktuallığı ilə seçilib. Azərbaycanlılar üçün isə ailə dəyərləri, onun mənəvi-əxlaqi keyfiyyətləri həmişə xüsusi önəm daşıyıb. Amma cəmiyyətin bütün elementləri kimi, ailə də daim dəyişikliyə məruz qalır. İctimai inkişaf prosesi ailənin formalaşmasına, qadının və kişinin ailədə tutduğu yerə, uşaqların tərbiyəsinə, ailə planlaşmasına öz təsirini göstərir. Lakin bütün bunlar daxilində milli mentalitetə məxsus ailə dəyərlərinin qorunub saxlanılması olduqca vacib məsələdir. Ailədə vətənpərvərlik tərbiyyəsi yeksək səviyyədə olduqda istət-istəməz gənc nəsil Vətənə, torpağa bağlı olur.

-Vətənpərvərliyin formalaşmasında milli-mənlik şüurunun rolu nə dərəcədədir?

-Məlum olduğu kimi hər bir  gəncin vətənpərvərlik məfkurəsi zəminində tərbiyə alması Azərbaycan dövləti və cəmiyyəti üçün daim prioritet təşkil edib. Çünki, bu ideyaları  dərk edən gənclərdə milli mənlik şüurunun inkişafı yüksək səviyyədə olacaq. Hər bir vətəndaşın milli mənlik şüurunun formalaşdırılması onun cəmiyyətdə, ictimai münasibətlərin bütün sistemində tutduğu və oynadığı rolu müəyyənləşdirir, onun mənəvi keyfiyyətlərinin qabarıq ifadəsinə çevirir. Maddi və mənəvi zəmində tərbiyə olunan gənc özünün, xalqının varlığını dərk edir, torpaq, Vətən, xalq, millət kimi böyük arzular və müqəddəs amallar dünyasına daxil olur. Bu çox mürəkkəb prosesdə onun mənəviyyatı, əqidəsi, dünyagörüşü formalaşır. Hər bir gənc aydın şəkildə dərk edir ki, hər bir fərd  öz xalqı, öz milləti içərisində təşəkkül tapır, öz xalqına, öz millətinə xidmət edir. Milli şüur formalaşdıqca insanlarda milli ləyaqət tərbiyə olunur. Nəhayətdə belə bir həqiqəti dərk edir ki, millət və xalqın, Vətənin, doğma yurdun taleyi onun taleyinə qovuşur, şəxsi ideal və arzuların tərkib hissəsinə çevrilir. Belə bir şəraitdə Azərbaycanda böyüməkdə olan nəslin milli şüurunun və milli ləyaqətinin tərbiyə edilməsində, mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın onlara düzgün öyrədilməsində   aydınların üzırinə böyük vəzifələr düşür. Məlum olduğu kimi millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Odur ki, vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısı hesab olunur. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarla bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır. Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır.

- Gənclərin vətənpərvər ruhda yetişməsi üçün hansı addımların atılmasını vacib hesab edirsiniz?

- Məlum olduğu kimi milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr-sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Məhz bu səbədən erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində ölkəmizə vurulan ziyanlar milli şüurun inkişaf etdirilməsini tələb edir. Məlum olduğu kimi milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın-hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaqla bağlı olan sosial keyfiyyətlər daxildir. Odur ki, milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır. Çünki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. Milli mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir. Mənlik şüuru hər bir şəxsin daxili

xarakterini, insanlara, cəmiyyətə olan münasibətini ifadə edir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Təsadüfi deyil ki, Azərbaycan gənclərinin milli kimlik şüurunun inkişaf etdirilməsi həm də onların məsuliyyətinin artırılması ilə nəticələnib. Qeyd edək ki, milli kimlik, milli idealogiya və vətənpərvərlik tərbiyəsi heç də müxtəlif istiqamətlər deyil, bir bütövün hissələri kimi bir-birindən asılıdırlar. Bunların birini diğərlərindən ayrı təsəvvür etmək mümkün deyil. Hazırda Azərbaycanda həyata keçirilən siyasətin mahiyyəti ondan ibarətdir ki, bu tərbiyə məhfumları bütöv bir sistemin hissələri kimi, gənc nəslin tərbiyəsində, onların düşüncələrinə, əxlaqlarına, hisslərinə, iradəsinə təsir edə biləcək məzmunda aşılansın. Çünki, sahiblənmə hissi olmayan birinin milli mənliyi, milli mənlik hissi olmayanın milli idealogiyası, milli idealogiyası olmayan xalqın isə vətənpərvər övladlar yetişdirməsi mümkün deyil. Məhz bunun nəticəsidir ki, gənclərdə formalaşan milli mənlik şüuru onlarda vətənpərvərlik hisslərinin tərbiyyəsinə böyük təsir göstərir.

Alim Hüseynli

Yazı  Azərbaycan  Respublikasının  Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31