Əfv azərbaycanlılar üçün bütün ziddiyyətlərin sıfırlanması nöqtəsidir

"Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı icra edilir. Novruz Bayramı öncəsi yüzlərlə insan öz doğmalarına, yaxınlarına qovuşur. Bağlı qapılar açılır, ümidlər yenidən çiçəkləyir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, Novruz Bayramında küsənlərin barışması, hər cür ədavətin, ixtilafın aradan qaldırılması, insanların bir-birini əfv etməsi, bağışlaması bu bayramı qeyd edən xalqlar arasında ən çox biz azərbaycanlılara məxsus olan xüsusiyyətdir: "Səbəbini bilməsəm də, bunun həm də xalq, millət olaraq daşıdığımız dəyərlərlə, dünyagörüşümüzlə bağlı olduğu qənaətindəyəm. Azərbaycanda əfv etmək, bağışlamaq Novruz Bayramının ana xəttini, mahiyyətini, fəlsəfəsini ifadə edir və ön sırada dayanır. Əfv Azərbaycanda Novruz Bayramının mənəvi simvoludur. Səməni Yeni Günün, yeni ilin başladığını, təbiətin yenidən dirçəldiyini simvolizə etdiyi kimi, ƏFV də bir ailə, bir nəsil və bir ölkə daxilində münasibətlərin yenidən, ağ vərəqdən başlanılmasının rəmzidir. Əfv Azərbaycanlılar üçün Novruz Bayramının SİL BAŞDAN  fəlsəfəsi, bütün ziddiyyətlərin sıfırlanması nöqtəsidir. Bu fəlsəfənin dövlət siyasətinə daşınması isə müasir Azərbaycan dövlətçiliyinin xalqımızın arzularından, dünyagörüşündən, daşıdığı yüksək mənəvi dəyərlərdən dirçəldiyini nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31