“Xocalı soyqırımında ölən insanlıq” adlı anım tədbiri keçiriləcək

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistan İslam Müftiliyi ilə birgə "Xocalı soyqırımında ölən insanlıq" adlı anım tədbiri keçiriləcək və ehsan veriləcəkdir.

Özbəkistandakı Azərbaycan Səfirliyi, onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan İslam Müftiliyi ilə birgə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçiriləcəkdir.

Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində soyqırım qurbanlarına həsr olunmuş sərgi - kompozisiya, soyqırım dəhşətlərini, erməni vandallarının həyata keçirdiyi cinayətlər, habelə bu barədə dünyanın aparıcı xəbər agentlikləri, tanınmış şəxslərin fikirlərini əks etdirən xüsusi videomaterial nümayiş etdiriləcəkdir.

Foyedə iştirakçılara "Ana harayı" maketininqarşısında güllərdən hazırlanmış "Ədalət naminə Xocalı soyqırımını tanıyaq" yazıkompozisiyası təqdim ediləcək, soyqırımdaöldürülmüş günahsız, dinc sakinlərin əziz xatirəsinə şamlar yandırılacaqdır.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış videomaterialda münaqişənin başlanması, Ermənistanın Azərbaycan torpaqlarının işğalı, şəhər və kəndlərimizin, mədəni, dini  abidələrimizin barbarcasına dağıdılması, məhv edilməsi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusunun apardığı zəfər müharibəsi, Vətən torpaqlarının azad olunması, ziyarətgahlar, məscidlər, dini  və mədəni abidələrin azad edilməsi və onların hazırkı vəziyyəti təqdim olunacaqdır.

Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, habelə Özbəkistanın İslam Müftiliyinin rəhbərinin çıxışı planlaşdırılır.

Qeyd edək ki, rəsmi çıxışlar və filmin nümayişindən sonra Azərbaycan Mədəniyyət Mərkəzinin banket və ziyafətlər zalında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə Özbəkistan İslam Müftiliyi tərəfindən quran və dualar oxunacaq və Azərbaycan dövləti  adından ehsan veriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31