Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?

Məlum olduğu kimi 2021-ci ilin aprel ayından etibarən Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşada qeydiyyatda olan vətəndaşlar icbari tibbi sığortadan istifadə edəcəklər. Elə bu məqsədlə də icbari tibbi sığorta haqları 1 yanvar 2021-ci il tarixindən tutulur. Maraqlıdır, bəs kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır? Hüquqşünas Alim Hüseynli bildirib ki,  mövcud qanunvericiliyə görə, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək. Hüquqşünas onu da bildirib ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən  aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulması müəyyən olunub.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31