Artıq Qarabağda həyat canlanmağa başlayıb
İşğaldan azad edilən ərazilərdə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən kompleks tədbirlər tezliklə Böyük Qayıdışın baş verəcəyini söyləməyə əsas verir. Xüsusilə, dövlət başçısının müntəzəm olaraq düşmən tapdağından azad edilən ərazilərimizə səfərləri bu işlərin sürətlənməsinə təkan verir. Bir neçə gün əvvəl dövlət başçısı və xanımının işğaldan azad edilən rayonlarımıza səfəri də bu qəbildəndir.
18 Fevral 2021 14:37 Sosialİşğaldan azad edilən ərazilərdə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən kompleks tədbirlər tezliklə Böyük Qayıdışın baş verəcəyini söyləməyə əsas verir. Xüsusilə, dövlət başçısının müntəzəm olaraq düşmən tapdağından azad edilən ərazilərimizə səfərləri bu işlərin sürətlənməsinə təkan verir. Bir neçə gün əvvəl dövlət başçısı və xanımının işğaldan azad edilən rayonlarımıza səfəri də bu qəbildəndir.
Milli Məclisin deputatı Fatma Yıldırım deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə səfəri tarixi əhəmiyyət kəsb edir. Azad olunmuş ərazilərimizə hər bir səfər xalqımıza yeni müjdələr verir. Onun sözlərinə görə, artıq Qarabağda həyat canlanmağa başlayıb: "Dövlətimizin başçısı hər səfərində vəziyyətlə tanış olmaqla yanaşı, böyük qayıdışa hədəflənən təməlləri atır. Fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər zamanı da biz bu sevinci və qüruru yaşadıq. İlk olaraq Füzuli rayonunda dövlət başçısı tərəfindən Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli atıldı. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ olan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Şübhə yoxdur ki, gələcəkdə bu dəmir yolu xətti Türkiyəyə qədər uzanacaq və iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək. Eləcə də, regionun digər dövlətləri də nəqliyyat və kommunikasiyaların bərpasında faydalanacaq və təbii ki, bu layihələrin mərkəzində Azərbaycan dayanacaq".
Millət vəkilinin sözlərinə görə, Qarabağa böyük qayıdışımızın növbəti müjdəsi isə Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq "ağıllı kənd" layihəsi olub: "Məlumdur ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin "yaşıl enerji" zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir".
Deputat qeyd edib ki, ən yaddaqalan məqamlardan biri də Prezidentin Laçın rayonuna səfər etməsi oldu: "Azərbaycanın ən gözəl guşələrindən biri olan Laçın rayonunda da ermənilər vandalizm aktı törədiblər. Amma dövlətimiz tərəfindən böyük quruculuq işləri həyata keçiriləcək, bu ərazilərdə həyat yenidən canlanacaq. Cənab Prezident Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə "Güləbird" Su Elektrik Stansiyasının açılışında iştirak etdi. "Güləbird" Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Çünki bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Dövlətimizin başçısı səfər zamanı Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində olub. Erməni qəsbkarlar işğal altında saxladıqları dövrdə digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror törədiblər. Bu qoruq da dövlətimizin gücü ilə bərpa ediləcək. Eləcə də, səfər çərçivəsində kənd təsərrüfatı işlərinə baxış keçirilib. Artıq azad olunmuş ərazilərimizin bir hissəsində əkin işləri aparılıb. Bərəkətli Qarabağ torpağı respublikamızın ərazq təhlükəsizliyinin təmin olunmasına çox böyük töhfələr verəcək. Cənab Prezidentin azad olunmuş ərazilərə səfəri və səfər zamanı səsləndirdiyi fikirlər ermənilər və onun havadarları üçün də ciddi mesajdır. Bu o deməkdir ki, biz artıq doğma Qarabağımıza qayıdırıq və bizi heç bir qüvvə bu yoldan döndərə bilməz".
Deputat Azər Badamov isə deyib ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri zəngin və əhatəli olur: "Füzuli, Zəngilan, Laçın və Cəbrayıla son səfəri çərçivəsində işğaldan azad olunmuş torpaqlarda ilk dəfə olaraq yenidən qurulmuş sosial infrastrukturun açılışı olub. Qısa bir zamanda "Güləbird" su elektrik stansiyasının açılışı tarixi hadisədir. Bu, o deməkdir ki, azad olunmuş ərazilərimizə həyat qayıtmağa başlayıb".
Azər Badamov bildirib ki, səfər zamanı "ağıllı kənd" layihəsinin təməli qoyuldu, Laçında bayrağımız dalğalandırıldı. Bu gün Qarabağ torpaqlarında sürətli yenidən qurma və bərpa işləri gedir. Yollar tikilir, işıq xətləri yenilənir, elektrik stansiyaları tikilir, hava limanlarının təməli atılır, əkinə yararlı torpaqların becərilməsinə başlanılır və ən əsası hər yerdə bayrağımız ucaldılır.
Millət vəkilinin sözlərinə görə, ölkə başçısı işğaldan azad olunmuş ərazilərimizə tez-tez səfər etməsi həm də siyasi xarakter daşıyır: "Prezident İlham Əliyevin bu ərazilərimizə etdiyi hər bir səfər dünya tərəfindən, o cümlədən ermənilər tərəfindən diqqətlə izlənilir. Ölkə başçımız hər səfər çərçivəsində azad olunmuş torpaqlarda geniş nitqlə çıxış edir və mühüm mesajlar səsləndirir. Bu mesajlar həm daxili, həm də xarici auditoriyaya hesablanıb. Daxili auditoriya üçün torpaqlarımızı necə və hansı şəraitdə ermənilərin işğal etdiyini, bu işğalın baş verməsində ovaxtkı hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün rolunu, işğaldan xalqımızın çəkdiyi əziyyəti və bu gün artıq bizim bu ərazilərimizə qayıtmağımızla bağlı məsələlər səslənir. Hansı ki, bu işğalın baş verməsində əsas rolu olan qüvvələr bu gün də torpaqlarımızın işğaldan azad olunmasından narahatdırlar və ordumuzla xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsi sayəsində əldə olunmuş böyük qələbəmizə kölgə salmağa çalışırlar. Ölkə başçısının bu məsələləri dilə gətirməsi xalqımızın hər zaman ayıq olmağına bir çağırış olmaqla yanaşı, ölkəmizin müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirə biləcək düşmən dəyirmanına su tökən müəyyən ünsürlərin iç üzünü açıb ictimaiyyətə təqdim edir".
Deputat qeyd edib ki, cənab Prezident həmçinin çıxışlarında bizə dost ölkələri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinə dəvət etməklə yanaşı 10 noyabrda əldə etdiyimiz tarixi qələbəmizi bir daha düşmənlərimizin yadına salınır: "Erməni müxalifəti populist revanşist fikirlər səsləndirməklə erməni ictimaiyyətin könlünü almağa və hakimiyyət çevrilişini etməyə çalışır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bu revanşist fikirləri həyata keçirmək erməni ordusu yoxdur. Biz erməni ordusunu darmadağın etmişik, məhv etmişik. 10 noyabrda imzalan üçtərəfli bəyanat Ermənistanın və erməni ordusunun kapitulyasiya aktı idi. Baxmayaraq ki, ermənilər populist çıxışlar edirlər, realllıq odur ki, ermənilərin özünə gəlməsi üçün onillər lazım olacaq. Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində öz sözünü deyib və 10 noyabrda imzalanan üçtərəfli bəyanat ölkəmizin ərazi bütövlüyünü təmin edib. Bu gün həmin ərazilərə müasir həyatın qaytarılması istiqamətində yenidən qurma və bərpa işləri sürətlə davam etdirilir".
Füzuli
Olaylar.az