Yazgül Abdiyeva: Yaxınlarımızı itirməmək və pandemiyadan qurtulmaq üçün vaksin vurdurmalıyıq- ŞƏRH
16 Fevral 2021 17:37 Sosial"Virusdan qorunma üçün ən effektli yol vaksinasiyadır. COVID-19-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq, qalanları isə xəstəliyə yoluxsa belə, xəstəliyi yüngül keçirəcək"
Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da son bir ildə həyatımiza ciddi dərəcədə təsir edən yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya aparılır. Yanvarın 18-dən başlayan pevəndləmə kampaniyası könüllülük prinsipi əsasında həyata keçirilir. Xatırladaq ki, xroniki xəstəliklərin aktivləşməsi dövründə olanlar, onkoloji xəstəliklərdən əziyyət çəkənlər, 18 yaşadək uşaqlar, vaksinin tərkibindəki maddələrə qarşı allergiyası olanlar, hamilələr, südvermə prosesində olan qadınlar vaksinasiyadan kənarda qalırlar.
İnfeksionistlər bildirirlər ki, hətta koronavirusa tutulanlar da peyvənd oluna bilərlər. Bu şərtlə ki, həmin şəxslər qan müayinəsindən keçib onlarda virusa qarşı anticisimlərin yaranıb-yaranmadığını öyrənsinlər. Analizin nəticəsinə görə qanda anticisimlər yüksək olarsa, peyvənd vurdurmağa ehtiyac yoxdur. Lakin qanda həmin göstəriciləri aşağı olanlar peyvənd olunmalıdırlar. Əvvəllər anticisimlərin 4-6 ay orqanizmdə qaldığı güman edilirdi. Lakin təcrübələr, eləcə də, infeksiyanı keçirən insanların müayinəsi göstərir ki, həmin müddət ən azı 8 ay da davam edə bilər.
"Vaksinasiya məhz insanların sağlamlığı naminə atılan addımdır. Mövcud qaydalara görə, ölkəmizdə vaksinasiya prosesi könüllüdür. Lakin bu, o demək deyil ki, könüllü olduğu üçün insanlar bu prosesə qeyri-ciddi yanaşmalıdırlar. Sağlamlığı imkan verən, əks göstərişləri olmayan hər bir kəs vaksinasiyada iştirak etməlidir. Çünki vaksinasiya ilk növbədə həmin şəxsin özünü yoluxmadan qoruyur. Biz koronavirusdan hələ də davam edən ölüm hallarını unutmamalıyıq. Görün, nə qədər insan öz doğmasını, dost-tanışını COVID-19 ucbatından itirib. O insanları xilas etmək üçün əlimizdə heç nə yox idi. Lakin indi vaksin var və bu, hazırda ən böyük şansımızdır. Ona görə də yaxınlarımızı itirməmək və pandemiyadan qurtulmaq üçün vaksin vurdurmalıyıq. Təxminən 1-2 ay əvvəllə müqayisədə ölkədə COVİD-19-a yoluxma sayı xeyli azalıb. Lakin bu hal insanları rahatlaşdırmamalıdır. İnsanlar həm karantin qaydalarının tələblərinə ciddi əməl etməli, həm də vaksinasiya strategiyasına uyğun olaraq, mərhələli şəkildə peyvənd olunmalıdır."
Bu fikirləri "İki sahil"ə açıqlamasında tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Y.Abdiyeva əlavə edib ki, COVID-19 güclü yoluxma qabiliyyətinə malik olan virusdur. Bu virusun yeni ştammı isə indikindən daha yüksək yoluxma qabiliyyətinə malikdir və insanlar arasında daha sürətlə yayılır. Hazırkı şəraitdə virusdan qorunma üçün ən effektli yol vaksinasiyadır. COVID-19-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq, qalanları isə xəstəliyə yoluxsa belə, onu yüngül keçirəcək.
Həmsöhbətimiz insanları vaksinlərlə bağlı aparılan anti-təbliğatlara yönəlmiş məlumatlara inanmamağa, ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənməyə çağırıb: "Vaksinasiya pandemiya və epidemiyaya səbəb olan yoluxucu xəstəliklərlə mübarizədə ən effektli yoldur. Azərbaycanda istifadə edilən vaksinlərin təhlükəsizdir. Vaksinin təhlükəsizliyi Türkiyədə laboratoriya sınaqlarında təsdiqlənib. Bu gün bir çoxları hesab edir ki, vaksinlərin təhlükəsi var. Vaksin vurdurduqdan sonra baş ağrısı, yüngül qızdırma, halsızlıq kimi əlamətlər müşahidə edilə bilər. Bu əlamətlərə də hamıda deyil, bəzi insanlarda rast gəlinə bilər. Virusa yoluxanda bu əlamətlər daha kəskin, hətta ölümcül olur. Artıq pandemiyanın başlamasından keçən dövr ərzində bu xəstəliyin nələrə səbəb olduğunun şahid olmuşuq. Buna görə də ən yaxşısı budur ki, vaksin strategiyasında hədəf qruplar kimi müəyyən edilmiş insanlar peyvənd olunmaqla öz sağlamlıqlarını qorusunlar."
Mütəxəssin sözlərinə görə, vaksin vurulandan sonra da xəstəliyə yoluxma ehtimalı var. Vaksinasiyadan kənarda qalanları nəzərə alaraq bir da bildirirəm ki, pandemiya bitənədək maska taxılmalı, gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə prinsipləri gözlənilməlidir: "Vaksin vurduran insanlar da rahatlaşmamalı, vaksin vurdurduqdan sonra da qoruyucu tədbirlərə ciddi şəkildə əməl etməlidirlər. Çünki vaksin orqanizmə vurulan kimi insanı virusdan qorumağa başlamır.Vaksinasiyadan bir müddət sonra orqanizmdə qoruyucu maddələr əmələ gəlməyə başlayır."