"Əyani təhsilə tam keçid ancaq bu yolla mümkün olacaq" - Həkimdən ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi, fevralın 15-dən etibarən bəzi universitetlərdə, həmçinin yuxarı siniflər üzrə əyani tədris bərpa olunub.

Qeyd edək ki, ali təhsil müəsssisələrində praktika tələb edən ixtisaslar üzrə müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda əyani təhsil həyata keçirilir. Bir neçə ixtisas xaricində digər tələbələr əvvəlki qaydada onlayn şəkildə evdən təhsilini davam etdirir.

Artıq bir ilə yaxındır, ali məktəblərdə tədrisin distant formada təşkil olunduğunu nəzərə alsaq, əvvəlki rejimə qayıtmaqla bağlı tələbələrin narahatlığının olması təbiidir. Artıq bütün tələbələr universitetlərə qayıtmaq arzusundadır, elə müəllimlər də...

Bəs, universitetlər üzrə əyani təhsilə tam keçid nə zaman mümkün olacaq?

Mövzu ilə bağlı  danışan Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev əyani təhsilə tam keçidin iki halda mümkün olacağını bildirib:

"Bu gedişlə yoluxmanın artma ehtimalı var. Çünki proses düzgün tənzimlənmir. Əgər universitetləri, bağçaları, məktəbləri qismən açırıqsa, insanları da ictimai nəqliyyatla təmin etməliyik. Biz yumşalmaya getmişik, lakin metro açılmayıb. Bu da avtobuslarda sıxlıq yaradıb və belə olan halda yoluxmanın artacağı gözləniləndir.

Metronun açılması və avtobus sayının artırılması ilkin tədbirlərdəndir. Bildiyiniz kimi, virusun yeni növü yayılmaqdadır. Yeni növ virus bəlkə də Azərbaycanda da var, amma bizdə bunu aşkar edəcək aparat olmadığı üçün hələ ki, təsdiqlənməyib. Bu baxımdan maksimum dərəcədə diqqətli olub insanların sıx şəkildə toplaşmasına qarşı olmalı, günün pik saatlarında nəqliyyatda ciddi sıxlığın yaranmamasına çalışmalıyıq. Peyvəndlənmə intensiv şəkildə aparılarsa və metro açılarsa o zaman əyani tədrisə tamamilə keçid etmək olar". sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31