Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib
16 Fevral 2021 11:48 SosialABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüş keçirilib. Görüşdə layihənin həyata keçirilməsində Dövlət Komitəsi ilə əməkdaşlıq imkanları müzakirə edilib. Komitədən "Olaylar"a bildirilib ki, qonaqları salamlayan Komitənin sədr müavini Sədaqət Qəhrəmanova qadınların iqtisadi cəhətdən gücləndirilməsinin vacibliyini vurğulayaraq Komitə ilə BMT-nin İnkişaf Proqramının (UNDP) birgə əməkdaşlığı çərçivəsində yaradılan, USAID-in də dəstək göstərdiyi Qadın Resurs Mərkəzlərinin fəaliyyətindən danışıb. O, hazırda 9 rayonda fəaliyyət göstərən Mərkəzlərin həyata keçirdiyi layihələrdən Bakı, o cümlədən respublikanın müxtəlif regionlarında yaşayan 6000-ə yaxın kənd qadınının bəhrələndiyini və nəticədə yüzlərdə yeni biznes qurulduğunu qeyd edib. USAID-lə birgə həyata keçirilən layihələrin uğurlu nəticələrinə toxunan S.Qəhrəmanova, bu layihənin də qadın sahibkarlığının inkişafına, qadınların təşkilatlanmasına töhfə verəcəyinə inamını ifadə edib. USAID-in bir təşkilat olaraq həyata keçirdiyi bütün layihələrdə qadınların inkişafına xüsusi önəm verdiyini vurğulayan Özəl Sektorun İnkişafı layihəsinin biznes-mühitin inkişafı üzrə meneceri Elsevər Quliyev, bunun qadınların iqtisadi iştirakçılığının artırılmasında mühüm rol oynadığını bildirib.
Daha sonra Özəl Sektorun İnkişafı layihəsinin "Assosiyasiyalarda Qadınlar" komponentinin rəhbəri Şəlalə Kamilova layihə haqqında ətraflı məlumat verib. 2020-ci ildən etibarən 3 illik müddətə nəzərdə tutulan layihənin əsas məqsədinin regionlarda yaşayan qadınlar üçün iş yerlərinin yaradılması, onların iqtisadi baxımdan gücləndirilməsi, gəlirlərinin artırılması olduğu bildirilib. Layihənin Dövlət Komitəsi başda olmaqla digər əlaqədar dövlət qurumları, qadın assosiasiyaları, biznes təşkilatları, müxtəlif yerli və beynəlxalq ekspertlərlə əməkdaşlıq çərçivəsində təlim və mentorluq proqramlarının həyata keçiriləcəyi diqqətə çatdırılıb. Görüşün davamında qadın sahibkarlığının və məşğulluğunun inkişafı ilə bağlı hüquqi məsələlər müzakirə edilib.