"Sürətli daşınma, nəhəng nəqliyyat qovşağının başlanğıcı" - Prezidentin təməlini qoyduğu layihənin əhəmiyyəti
16 Fevral 2021 10:48 Sosial"Bu yolun çəkilişi Azərbaycanın regiondakı siyasi nüfuzunun daha da artmasına səbəb olacaq".
Bu sözləri açıqlamasında təməli dövlət başçısı İlham Əliyev tərəfindən qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmiryolunun gələcək iqtisadi və siyasi əhəmiyyətini dəyərləndirərkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib:
"Bu dəmiryolu xətti gələcəkdə Naxçıvanla Azərbaycanın digər hissəsini birləşdirəcək Mehri koridorunun tərkib hissəsidir. Yəni, ona ayrıca götürülmüş xətt kimi deyil, böyük layihənin tərkib hissəsi kimi baxmaq lazımdır".
Həmsöhbətimiz düşünür ki, bu layihə yükdaşımaların asanlaşması və ucuzlaşmasına gətirib çıxaracaq:
"İlkin mərhələdə işğaldan azad olunmuş ərazilərimizin bərpasında istifadə olunacaq avadanlıq və tikinti materiallarının daşınmasını xeyli dərəcədə ucuzlaşdıracaq və çatdırılma sürətini artıracaq. Sonrakı mərhələdə isə mal və xidmətlərin daşınması, kənd təsərrüfatı məhsullarının ölkədaxili və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsində, qlobal məqsədlərə çatmaqda həmin yolun kifayət qədər mühüm əhəmiyyəti olacaq".
N.Cəfərliyə hesab edir ki, layihə eyni zamanda türk dövlətləri arasında əlaqələri daha da möhkəmləndirəcək: "Həmin dəmiryolu Mehri koridorunun tərkib hissəsi olaraq, yaxın gələcəkdə Aralıq dənizindən başlayaraq Xəzər dənizinə keçməklə Orta Asiya dövlətlərinə qədər uzanacaq böyük bir türk cümhuriyyətləri qovşağının yaradılmasına töhfə verəcək. Bu həmin regionda ticarət əlaqələri, mal mübadiləsinin sürətinin artmasına, əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Loqistik və coğrafi olaraq onun da mərkəzində Azərbaycan dayandığından regionda ölkəmizin siyasi çəkisinin daha da artacağının şahidi olacağıq". sfera