Ekspert: Aqrar sığorta fermerə əlavə maliyyə yükü gətirmədən onun təsərrüfatını risklərdən qoruyur
15 Fevral 2021 20:09 SosialAqrar sığortanın tərkibində müxtəlif paketlər var və bu da imkan verir ki, fermerlər özlərini hansı riskdən çəkinirlərsə, ondan sığortalansınlar
"Son 5-6 ilə qədər ölkəmizdə kənd təsərrüfatına sadəcə məşğulluq sahəsi kimi baxılırdı. Kənd təsərrüfatının əhəmiyyəti onda idi ki, orada milyona yaxın əhali işlə təmin olunur. Bu sahəyə ciddi investisiya yatırılan, gəlir əldə edilən sahə kimi çox da baxılmırdı. Amma son vaxtlar həm dövlətin qəbul etdiyi ərzaq təhlükəsizliyi proqramı, həm ümumiyyətlə dünyada baş verən prosseslər və hökümətin bu proseslərə reaksiyası göstərdi ki, ölkənin özünün daxilində ərzaq təminatı ilə bağlı etibarlı, dayanıqlı bir baza olmalıdır ki, lazım olduqda ölkə özü-özünü ərzaqla təmin edə bilsin."
Bu fikirləri "İki sahil"ə açıqlamasında iqtisadçı ekspert Əli Əhmədov deyib.

Ekspert qeyd edib ki, kənd təsərrüfatına artıq ciddi biznes sahəsi kimi baxılmağa başlanılıb: "Artıq burada elə məhsullar var ki, birbaşa xaricə satıla bilir, ölkəyə gəlir gətirir. Lakin bu sahələr kifayət deyildi. Avropaya ixrac olunan fındıqdan tutmuş, ölkə daxilində böyük tələbat olan süd məhsullarına qədər kənd təsərrüfatının sahəsi genişdir. Sadə hesablamalar göstərir ki, bu sahə nə qədər gəlirlidir. Ona görə də investorlar artıq buna diqqət etməyə başladı". Əli Əhmədov bildirib ki, iri investorların baxışları biraz fərqlidir: "Onlar fermerlər kimi sadəcə dolanmaq üçün bu bizneslə məşqul olmurlar. Onlar ciddi pullar yatırır və burdan ciddi gəlir əldə etməyi gözləyirlər. Ona görə də bu bizneslərinin qeydinə qalmağa çalışırlar. Belə vəziyyətdə də aqrar sığortanın vacibliyi ortaya çıxır."
Ekspert onu da qeyd edib ki, xaricdə heç bir ciddi biznes sığortasız fəaliyyət göstərmir. Ölkəmiz də kənd təsərrüfatına iri vəsaitləri cəlb etmək üçün aqrar sığorta sistemini işə salıb: "Aqrar sığorta kənd təsərrüfatı üçün olduqca faydalıdır. Bunun ən birinci faydası ondadır ki, çox ucuzdur. Ümumiyyətlə, bu dəqiqə aqrar sığorta hələlik heyvandarlıq məhsullarını, yəni ancaq südlük iri mal-qaranı, balıqları və 14 növ bitkini sığortalayır. Burada həm texniki bitkilər, həm ərzaq, həm də emala gedən müxtəlif növ bitkilər var. Bu 14 bitki növü ölkədə bütün əkin sahələrinin 85 faizini təşkil edir. Yəni, daha çox fermeri, ərazini əhatə edir və daha çox əraziyə yatırım yatırması üçün əhalini həvəsləndirir."
Əli Əhmədov bildirib ki, sığorta haqqının ucuz olmasının səbəbi bunun yarısını dövlətin ödəməsidir. "Bu da fermerə əlavə maliyyə yükü gətirmir və onun təsərrüfatını risklərdən qoruyur. Fermerin ödəyəcəyi məbləğ böyük olduqda hissə-hissə ödəməsinə icazə verilir. Aqrar sığortanın vacibliyi ondan ibarətdir ki, bu dövlət qurumudur və dövlət bunu özünə gəlir əldə etmək üçün yaratmayıb. Bu qurumun vəzifəsi sadəcə ayrılan vəsaitlərin sığortalamaqdır. Aqrar sığortanın fermerlər üçün digər üstünlüyü ondan ibarətdir ki, fermer artıq öz biznesindən arxayın olur. Arxayındır ki, artıq onun gəliri olacaq. Hansısa təbii fəlakətlə üzləşsə də, arxayın olacaq ki, sığortası var. Aqrar sığortanın tərkibində müxtəlif paketlər var və bu da imkan verir ki, fermerlər özlərini hansı riskdən çəkinirlərsə, ondan sığortalansınlar.
Banklar ənənəvi olaraq fermerlərə ehtiyatla yanaşırlar. Çünki onların biznesləri risklidir. Bilirlər ki, nə qədər gəlirli olsa da hər hansı bir təbii fəlakət nəticəsində təsərrüfatını itirə bilər. Sığortadan sonra artıq banklar bilir ki, fermerin sığortası varsa, deməli risklər sığortalanıb. Yəni, bank biləcək ki, fermerin təsərrüfatına zərər dəysə, sığorta onu qarşılayacaq. Bu, çox vacibdir. Fermerlərin dolayısıyla maliyyə çıxışını, əlçatanlığını artırır."