XTQ şəhidinin adı əbədiləşdirildi FOTO

Xətai rayonunda Vətən müharibəsi şəhidi olan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Abbasbəyli Həmid Cavanşir oğlunun xatirəsinə yaşadığı evin qarşısında inşa edilən bulaq-abidə kompleksinin açılışı olub.

Açılış mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı, birinci Qarabağ müharibəsi veteranı Rafiq Quliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, teleaparıcı Hacı Nuran Hüseynov, bir sıra Qarabağ qazisi və digər ictimai şəxslər, eləcə də şəhidin yaxınları iştirak ediblər.

Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra bulaq-abidə kompelksinin açılışını edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev bildirib ki, Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan Həmid Abbasbəyli torpaqlarımızın azadlığı uğrunda son damla qanına kimi, vuruşaraq qəhrəmancasına həlak olub: "Bildiyiniz kimi, Həmid son damla qanına kimi düşmənlə vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. O, Vətənə uğrunda göstərdiyi şücaətlərə görə "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" medalları və "Qarabağ ordeni" ilə təltif olunub. Şəhidlər qanları, canları ilə ölkəmizə Qarabağ sevincini yaşatdılar. Bizlər onlara hər zaman borcluyuq, şəhidlər hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Eləcə Xüsusi Təyinatlı Qüvvələrimizin baş leytenantı Həmid Abbasbəyli tarix yazanların öncüllərindən, döyüşlərdə ən öndə gedən xüsusi təyinatlılardan oldu. Bütün dünya Azərbaycan əsgərinin gücünü, şücaətini, nəyə qadir olduğunu gördü. Qəhrəman oğullarımızın səyi nəticəsində Qarabağ 44 gün kimi qısa bir zamanda mənfur düşmən işğalından azad olundu. Artıq o müqəddəs torpaqlara ikinci həyat qayıdır, cənab Prezidentimiz İlham Əliyevin xüsusi tapşırıqlarına əsasən kompleks bərpa-yenidənqurma işləri həyata keçirilir. Mən bir daha bütün şəhid analarına baş sağlığı verirəm, hər birinin əlindən öpürəm ki, Vətən üçün candan keçəcək oğullar dünyaya gətiriblər. Allah cəmi şəhidlərə rəhmət eləsin".

Mərasimdə iştirak edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə şəhidlərin hər zaman xalqın qəlbində yaşayacağını bildirdi: "Mən şəhidimizin valideynləri qarşısında baş əyirəm. Onlar olmasaydı bu gün Qarabağın azadlığından yəqin ki danışa bilməzdik. Düzdür, övlad itkisi ağırdır, amma bir söz də var ki, torpağ qanla qarışanda Vətən olur. Bu Vətəni Vətən edən də belə mərd, cəsur, igid övladlarımızın qanıdır. Buna gör də hər birimiz şəhidlərin qiymətini bilməli, onları son nəfəsimizə kimi qəlbimizdə yaşatmalıyıq. Biz fəxr edirik ki, Azərbaycanın belə oğulları var. Cənab Prezidentimiz İlham Əliyevin göstərişi ilə minlərlə Həmid Qarabağın harayına getdi, tarixi torpaqlarımız tez bir zamanda yağı düşməndən azad edildi. Hərbçilərimiz cəbhədə döyüşərkən, cənab Ali Baş Komandanımız da siyasi müstəvidə sona kimi qətiyyətlə mübarizə apardı. Nəticədə isə qazanan Azərbaycan xalqı oldu. Hesab edirəm ki, Həmid qardaşımızın valideyinləri hər zaman onunla qürur və fəxarət hissi keçirməlidir. Belə övladlar olduqca dövlətimiz daha güclü, daha sarsılmaz olacaq. Allah bütün şəhidlərə rəhmət eləsin, yerləri cənnət olsun".

Sonra şəhidin anası Gülnarə Məmmədova söz alaraq bildirdi ki, Həmidin uşaqlıqdan iki arzusu olub: "Oğlumun uşaqlıqdan iki arzusu var idi. Biri hərbiçi olmaq, ikincisi də xüsusi təyinatlı olmaq. İhtahan verərək Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olundu. Hərbi məktəbi bitirdikdən sonra bir müddət zabit kimi ön cəbhədə xidmət etdi. Sonradan bir neçə imtahandan uğurla keçərək Xüsusi Təqinatlı Qüvvələrdə xidmətə başladı. Çox cəsur, vətənpərvər övlad idi. Hər zaman deyirdi ki, ana mən döyüşmək istəyirəm. Qarabağı düşmən işğalından azad etmək istəyirdi, deyirdi döyüşüb düşmənin belini qırmalı, onlara gücümüzü göstərməliyik. Mənə də deyirdi ki, hər şeyə hazır olmalısan, mən nə qədər çətin peşədəyəm özünüz bilirsiniz. Elə bil ki, məni şəhid anası olmağa hazırlayırdı. Hər zaman evə gələndə deyirdi şəhidlik böyük zirvədir. Şəhid anası olsan səni bütün Azərbaycan tanıyacaq. Allah bütün şəhidlərə rəhmət eləsin, analara səbir versin. Hər bir şəhid anası başını uca tutmalıdır, çünki onlar Vətən üçün candan keçən oğullar böyüdüb. Sağ olsun ki, bu gün dövlətimiz də şəhidləri unutmur, onların adlarını yaşadır. Başımız sağ olsun, Vətən sağ olsun".

Xüsusi Təyinatlı Qüvvələrin şəhidi Həmidin qardaşı Ağası Abbasbəyli çıxışında qardaşı ilə hər zaman fəxr etdiyini bildirdi: "Həmidlə müharibə başlayandan bir neçə gün sonra telefonla danışdım, o qədər arxayın danışırdı ki, elə bil heç müharibədə deyil, təlimdədir. Evdə olanda da işi barədə danışmırdı, amma onu deyirdi ki, şəhidlik böyük zirvədir. İdmana gedirdi, boks və kinboksla məşğul olurdu. Qardaşımla hər zaman qürür duyurdum, öz çevrəmdəki tanışlarıma hər zaman qardaşımdan danışırdım. İndi isə ikiqat qürür duyuram. Sağ olsun dövlətimiz də şəhidlərə diqqət və qayğı göstərir. Bu gün Həmidin xatirəsinə abidə-bulaq kompleksinin açılışıdır. Artıq Həmid bulağından bütün məhəllənin uşaqları, cavanları su içəcək. Həmid illər boyu yaddaşlara həkk olunacaq. İnşallah bu bulaqdan su içən hər kəs onun kimi Vətənə bağlı, sədaqətli olsun".

Qeyd edək ki, şəhid Həmid Abbasbəyli 27 sentyabr 2020-ci ildən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Döyüşlər zamanı minaya düşərək ayağından yaralanıb, lakin ilkin tibbi yardımdan sonra döyüşə davam edib. Füzuli, Cəbrayıl, Zəngilən şəhərlərinin, Hadrut, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında iştirak edib.

Abbasbəyli Həmid oktyabrın 19-dan 20-nə keçən gecə Laçın cəbhəsində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 24 oktyabr tarixində əvvəlcə Xətai rayonuna gətirilib, burada böyük izdihamla qarşılanıb, valideynləri ilə vidalaşdıqdan sonra avtomobil karvanının müşayiəti ilə İkinci Fəxri Xiyabana aparılıb. Yaylım atəşi ilə təntənəli şəkildə Xətai Rayonu İcra Hakimiyyətinin, Xüsusi Təyinatlı Qüvvələrin və Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.

 

 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31