Onkoloji xəstəlikdən əziyyət çəkən Qarabağ qazisi kömək gözləyir - FOTOLAR
12 Fevral 2021 18:20 SosialBirinci Qarabağ Müharibəsi də bizə saysız-hesabsız qəhrəmanlar tanıdıb.
Onların sayəsində gənc nəsildə vətənə, torpağa olan sevgi şöləsi heç zaman sönməyib. Belə qəhrəmanlarımızdan biri də Birinci Qarabağ Müharibəsinin qazisi Cəfərov Eldəniz Əşrəf oğludur. Lakin indiyədək o diqqətdən kənarda qalıb.
Eldəniz Cəfərov 30 iyul 1965-ci il Ağdam rayonunun Quzanlı kəndində doğulub.

1972-ci ildə Quzanlı 8 illik məktəbinə daxil olub və 1980-ci ildə məktəbi bitirib. Daha sonra Xındırıstan kəndində 130 nömrəli Texniki Peşə Məktəbinə daxil olub və buranı 1983-cü ildə bitirib. Ağdam rayonunun Xaçındörbənd kəndində 136 nömrəli sürücülük məktəbinə daxil olub. 1984-cü ildə sürücülük məktəbini bitirib və sürücülük vəsiqəsini alıb.
Həmin il Eldəniz Sovet ordusu sıralarına hərbi xidmətə yola düşüb. Hərbi xidmətini Monqolustanda yerləşən hərbi hissədə keçib. Hərbi xidmətdən sonra Quzanlıya qayıdıb, 1 il kənddə yerləşən kolxozda traktorçu işləyib.1987-ci il də Xındırıstan Peşə Məktəbində sürücü təlim ustası işləyib. 1990-cı il də Xocalı Yol Tikinti İdarəsində işə başlayıb.
1988-ci ildə Qarabağda başlanan erməni separatçılığı Eldənizdə də düşmənə qarşı nifrət oyatmışdı. Eldəniz 1992-ci ilin aprel ayının 4-də könüllü olaraq cəbhəyə yollanır. Ağdamın - Abdalgülablı, Papravənd, Qaralar, Yeni Qaralar, Sırxavənd bölgələrində döyüşlərdə iştirak edir.
Qazimiz Cebhe.info-nun əməkdaşı ilə söhbətində döyüş yolundan, üzlədşdiyi çətinliklərdən söz açıb.
"Silahsız vəziyyətdə tankla qarşılaşırdıq"
"Qaralar kəndində döyüş zamanı düşmən tərəfi olduğumuz hərbi maşını vurdu. Güclü partlayış baş verdi. Bu zaman beyin silkələnməsi alsam da, müalicə olunmadım. Atıcımızın əlil qaldı. Elə ikimiz idik. Silahsız vəziyyətdə tankla qarşılaşırdıq. Ən son döyüşümüzdə Qazançı dağına çıxmalıydıq. Mən BTR-80 sürürdüm. Yol minalı olduğuna görə mən dayandım. Yerə düşən vaxtı meşədə gördüm ki, səslər gəlir. Bizim yoldaşlardan da bir çoxu piyada əleyhinə olan minaya düşmüşdülər. Həmin vaxtı orda tibbi personal yox idi. Tibbi xidmətin işini biz görməli olurduq. "Malış" ləqəbli gənc əsgər yaralanmışdı. Onu mənim "BTR"-mə qoydular ki, hospitala aparım. Onu Şahbulaqda hospitala təhvil verib geri qayıtdım. Qayıdanda dedilər ki, döyüş dayandı. Bundan sonra hərbi hissəyə qayıtdıq".
Az sonra Eldəniz ordu sıralarından tərxis olunur. "1992-ci ilin dekabrın 27-sində Prezident Əbülfəz Elçibəyin könüllü birliklərin ləğv olunması haqqında məlum fərmanına uyğun bizi ordu sıralarıdan tərxis etdilər".

"Kömək istəməyə utanmışam"
Qazimiz döyüşdə beyin silkələnməsi yaşasa da, daha sonra onkoloji xəstəliklə mübarizə aparsa da, bir müharibə iştirakçısı olaraq, onunla maraqlanmayıblar:
"Onkoloji xəstəyəm. Hazırda kimya-terapiya alıram. Xoşxassəlidir, limfa vəzlərində şiş var. Müalicə xərclərini özüm ödəyirəm. Bu günə qədər mənimlə maraqlanmayıblar. Açığı, haqqım çatsa da, hansısa dövlət qurumuna baş çəkib, kömək istəməyə də utanmışam".
"O vaxt silah çatışmazlığı vardı, indi isə..."
Qazimiz hər iki Qarabağ döyüşünün müqayisəsinu belə aparıb:
"İkinci Qarabağ müharibəsi sözsüz ki, Birinci Qarabağ müharibəsindən fərqlənir. O vaxt bizdə silah çatışmazlığı var idi. Nizami ordu yox idi. Çox zaman hərbi birliklər komandanlğıa tabe olmur, özbaşına hərəkət edirdi. Amma İkinci Qarabağ müharibəsində belə olmadı. Son 30 ildə güclü ordu yaradılıb. Müharibə başlananda ermənilər güclü Azərbaycan ordusu ilə qarşılaşdı. Hər şey Silahlı Qüvvələrimizin Ali Baş Komandanının nəzarət altında həyata keçirildi. Üstəlik, müasir silahlarımız və ordumuzun da püxtələşməsi öz sözünü dedi. İstənilən halda həm birinci, həm də ikinci Qarabağ müharibəsində yüzlərlə cəsur igidimiz iştirak etdi, yaraladı, şəhid oldu. Heç birinin əməyini itirmək olmaz. Çox şükür ki, güclü dövlətimiz, ordumuz var. Dövlət, yaradılan yeni qurumlar müharibədə sağlamlığını itmirş insanlara qayğı göstərirlər. Ümid edirik ki, bu məsələdə heç kim yaddan çıxamayacaq".
Eldəniz Cəfərov yaxın günlərdə müalicəsinə kömək olunması məqsədilə Heydər Əliyev Fonduna və "YAŞAT" Fonduna müraciət edəcəyini deyib.


Cebhe.info