Həkim-infeksionist: Peyvənd vurdurmaq üçün əks-göstəriş yoxdur
11 Fevral 2021 20:55 SosialPeyvəndləmənin könüllü olmasına baxmayaraq, vətəndaşların prosesdə aktiv iştirakı ən qısa zamanda, hətta cəmi bir neçə ay ərzində normal həyata qayıtmağımızın təminatı ola bilər
Prezident İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə yanvarın 18-dən başlanılan əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq aparılan vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.
Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Artıq vaksinasiyanın birinci mərhələsində risk qrupuna daxil olan səhiyyə işçiləri peyvənd olunublar. Fevralın 8-dən isə Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib. Ölkəmizdə Çinin "Sinovac" şirkətinin "CoronaVac" vaksini tətbiq olunur.
İnfeksionist Mərdan Əliyev mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirib ki, "CoronaVac" vaksini inaktiv peyvənddir: "O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir. Şirkət vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan COVID-19 xəstələrindən nümunələr götürüb. Bütün məlum olan vaksinlər kimi, "CoronaVac" da iki dozada vurulur.
"Sinovac" peyvəndinin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilinməsidir".
Həkim-infeksionist qeyd edib ki, peyvəndin yüngül və ciddi yan təsirləri var: "Yüngül yan təsirlərə peyvənd olunan nahiyədə qızarıqlıq, şişkinlik, müəyyən istilik, ümumi bədən temperaturunun yüksəlməsi, halsızlıq aiddir. Vaksin orqanizmdə müəyyən xəstəlik əlaməti formalaşdırmalıdır ki, ona qarşı immun sistemimiz aktivləşsin və immunitet formalaşsın. Bu hallar bir neçə gün ərzində baş verə bilər və əhəmiyyətsizdir. Ciddi yan təsirlərə anafilaktik şok, yəni allergik reaksiya aiddir ki, o da ilk 30-40 dəqiqə ərzində baş verir. Onsuz da peyvənd olunanlar 20-30 dəqiqə müddətində vaksin vurdurduqları məntəqədə gözləmə zalında nəzarətdə olurlar".
M. Əliyev vurğulayıb ki, peyvənd vurdurmaq üçün əks-göstəriş yoxdur: "Xəstəliyi keçirib qanında İgG formalaşanlar da peyvənd vurdura bilərlər. Yetər ki, xəstəliyin aktiv dövründə olmasınlar. Xəstəlikdən yeni sağalmış şəxslərə belə peyvənd vurula bilər. Elmi olaraq bunun üçün heç bir əks-göstəriş yoxdur. Tədqiqatlar göstərir ki, son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslərdə immunitet davam edir, yəni onlar qoruyucu hesab olunurlar.
18 yaşına qədər uşaqlara peyvənd vurdurmaq olmaz, çünki onlar üzərində sınaqlar həyata keçirilməyib və nəticələr yoxdur. Hamilə qadınlara xüsusilə ilk trimestrdə vaksin vurdurmaq tövsiyə olunmur. Onlarda risk qiymətləndirilməsi aparılmalıdır. Əgər risk qrupundadırlarsa, yanaşı xəstəliyi, xəstəliyi ağır keçirmə ehtimalları varsa, işi ilə əlaqədar olaraq insanlarla çox sıx təmasdadırlarsa, bu halda növbəti trimestrlərdə hamilələrin həkimləri ilə məsləhətləşərək onlara vaksin vurula bilər. Ciddi immunsupressiv vəziyyətdə olanlara, məsələn orqan transplantasiyası keçirən xəstəyə peyvənd vurulmasına dair qəti əks-göstəriş yoxdur. Həmin şəxslər risk qrupuna daxildirlərsə, onlar həkimləri ilə məsləhətləşmədən və immun statusları dəyərləndiriləndən sonra peyvənd oluna bilərlər".
Qeyd edək ki, indiki nailiyyətlər yumşalmalar fonunda bizi arxayınlaşdırmamalıdır. Gözəgörünməz düşmən dünyada indiyədək 2 milyondan çox insanın həyatına son qoyub. Peyvəndləmənin könüllü olmasına baxmayaraq, vətəndaşların prosesdə aktiv iştirakı ən qısa zamanda, hətta cəmi bir neçə ay ərzində normal həyata qayıtmağımızın təminatı ola bilər.