Tədrisin təşkili hər bir məktəb tərəfindən fərdi qaydada müəyyənləşdiriləcək BƏŞARƏT MƏMMƏDOV
11 Fevral 2021 20:00 SosialXəbər verildiyi kimi, fevralın 15-dən ümumi təhsil müəssisələrinin V-IX siniflərində əyani tədris qismən bərpa olunacaq. Belə ki, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə olmaqla əyani tədrisin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə isə 1 845 nəfər təhsil alır.
Bakı Şəhər üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov "İki sahil"ə pandemiya dövründə ənənəvi təhsilin qismən bərpası haqqında açıqlamasında bildirdi ki, tədrisin təşkili dedikdə dərs cədvəlləri, bütün qrafik , səhər və günorta növbəsi hamısı müəyyənləşir və uyğunlaşdırılmış dərs cədvəlləri hazırlanır. Buna uyğun da tədrisin təşkili həyata keçirilir. Hər bir məktəb tərəfindən fərdi qayda da məktəblərin tutumuna və şagird sayına görə tədrisin təşkili müəyyən olunur. Yəni, bununla bağlı şablon cədvəl verilməyib. Əsas məqsəd isə odur ki, pandemiya ilə mübarizə dövründə tədrisin qismən bərpası məsələsi qaydalara uyğun müəyyənləşdirilsin.
Sonda həmsöhbətimiz bildirdi ki, X-XI siniflərdə tədrisin bərpası ilə bağlı yəqin ki, uyğun vaxta qərar verilər. Təbii ki, bu haqda qərar Təhsil Nazirliyi tərəfindən verilir. Yaxın vaxtlarda o məsələyə də vəziyyətə uyğun olaraq münasibət bildiriləcək.