Pandemiyanın tamamilə aradan qaldırılması üçün kütləvi immunitetin formalaşması lazımdır

İlham Məmmədov: "Bunun üçün də ən əlverişli yol vaksinasiyadır"

Artıq bir ilə yaxındır ki, dünya koronavirus deyilən bəladan əziyyət çəkir. Bütün beynəlxalq cəhdlərə, Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətlərinə baxmayaraq virusun qarşısını almaq hələlik mümkün olmur. Artıq pandemiya halına çatmış bu xəstəlik dünyamnın dörd bir yanını ciddi şəkildə təhdid edir, canlar alır, dünya iqtisadiyyatına ciddi mənfi təsirlər göstərir.

Azərbaycan da bütün bu problemlərdən, təhlükələrdən uzaq qalmayıb. Beynəlxalq aləmin bir üzvü olaraq Azərbaycana da koronavirus pandemiyası ciddi şəkildə təsir göstərib, minlərlə can alıb, yüz minlərlə insan bu infeksiyaya yoluxub. Ancaq dünya ölkələri ilə müqayisədə Azərbaycan bu bəladan az əziyyət çəkib. Bunu isə şərtləndirən başlıca amil Azərbaycanda zamanında koronavirusa qarşı ciddi tədbirlərin görülməsidir. Virusun yayılmağa başladığı ilk gündən Azərbaycanda ona qarşı ciddi mübarizə tədbirlərinə start verildi. Yeni tibb mərkəzləri açıldı, testlər gətirildi, yeni avadanlıqlar alındı.

Hazırda isə ölkədə koronavirusa qarşı peyvəndləmə prosesi həyata keçirilir. Dövlət hesabına həyata keçirilən bu prosesin ilkin mərhələsi kimi tibb işçiləri və polis əməkdaşları peyvəndlənib. Sonrakı mərhələdə isə ilk olaraq yaşı 65-dən yuxarı vətəndaşlar peyvənd edilir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycana gətirilən vaksinlər öz  üstünlüyü ilə də seçilir. Belə ki, Çin istehsalı olan vaksinlərdən digər ölkələr də istifadə edərək onun müsbət göstəriciləri barədə qənaətlərini bölüşüblər.

Azərbaycanın həm ilk mərhələdə pandemiyaya qarşı mübarizədə ciddi addımlar atması, həm vaksinləşmə prosesinə ilk qoşulan ölkələr sırasında qərarlaşması onu deməyə əsas verir ki, ölkədə vətəndaş sağlamlığı, insanların təhlükəsizliyi, onlara ən yüksək səviyyədə tibbi xidmətin göstərilməsi əsas prioritetdir. Elə Milli Məclisin deputatı İlham Məmmədov da bu qənaətdədir. O, bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 infeksiyasını pandemiya elan etdiyi gündən artıq bir ilə yaxın zaman keçir. Deputatın sözlərinə görə, dünya pandemiyadan qurtulmayınca, tək bir ölkənin ona qalib gəlməsi mümkün deyil: "Pandemiyanın tamamilə aradan qaldırılması üçün kütləvi immunitetin formalaşması lazımdır. Bunun üçün də ən əlverişli yol vaksinasiyadır".

İlham Məmmədov bildirib ki, Azərbaycanda da ötən aydan COVID-19 infeksiyası  əleyhinə vaksinasiyaya başlanılıb: "COVID-19 bəlası dünyanın kabusuna çevrilməyə başladığı ilk günlərdən Azərbaycanda qabaqlayıcı tədbirlər diqqət mərkəzində olub. Azərbaycan dövləti ötən müddət ərzində vəziyyəti tam nəzarətə götürdü, ölkəmizdə infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparıldı, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla gerçəkləşdirildi. Bütün bunlarla bərabər, postpandemiya dövrü ilə bağlı da önəmli qərarlar qəbul edildi".

Millət vəkilinin sözlərinə görə, koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən sistemli layihələr, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr qazanıldı: "Hazırda Azərbaycanın yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı göstəricilər nümayiş etdirən ölkələr sırasında olması bu fikri təsdiqləyir. Görülən tədbirlərin əsas məqsədi isə insanların sağlamlığının və təhlükəsizliyinin təmin olunmasıdır. Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan oldu. Müqayisə üçün deyə bilərik ki, bu gün dünyada elə dövlətlər var ki, hələ də vaksin ala bilməyiblər. Lakin Azərbaycan Avropa İttifaqından 1 ay sonra vaksinasiya işlərinə başladı. Bu, bir daha dövlətin vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi yüksək önəmi nümayiş etdirir. Hazırda Azərbaycanda epidemioloji vəziyyət nisbətən stabildir və müəyyən yumşalmalara gedilib. COVID-19 infeksiyasına gündəlik yoluxma sayının xeyli aşağı düşməsi tətbiq edilən məhdudiyyətlərin və vətəndaşların qaydalara məsuliyyətli yanaşmasının nəticəsidir. Lakin bu, heç də arxayınlaşmağa səbəb olmamalı, mövcud vəziyyəti qoruyub saxlamaq üçün qaydalara riayət edilməlidir. İnfeksiyaya yoluxanların statistikasında yaranan sabitlik hələ virusun aradan qalxması demək deyil. Unutmamalıyıq ki, nə dünyada, nə də Azərbaycanda pandemiya bitməyib".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31