Xarici şirkətlərin Azərbaycana marağı artıb
11 Fevral 2021 11:53 SosialÖlkəmizə investisiya yatrılması üçün kifayət qədər potensial var
Ermənistan silahlı qüvvələri tərəfindən işlağal olunmuş Azərbaycan əraziləri azad edildikdən sonra bir sıra xarici dövlətlərin ölkəmizə marağı daha da artıb. Belə ki, bir sıra ölkələrin şirkətləri artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya yatıracaqlarını açıqlayıblar. Məlumat üçün qeyd edək ki, Azərbaycan da öz növbəsində bu sahədə əməkdaşlıq edəcəyi ölkələri təxmin edib. Belə ölkələrdən biri də Böyük Britaniyadır ki, artıq bu məsələdə ilkin razılaşma əldə edilib. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın Böyük Britaniya şirkətləri ilə əməkdaşlığı üçün kifayət qədər siyasi əsas və iqtisadi potensial var. Prezident İlham Əliyev Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən deyib ki, 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib: "Görüşümüzdən əvvəl mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, demək olar 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Bu, həqiqətən də iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensialımız var. Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir. Hər şey dağılıb. Bərpa olunan enerji sahəsində böyük potensial var. Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm. Çox yaxşı günəş, külək, su potensialı var. Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq. Mən artıq bu əraziləri "yaşıl zona" ərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik. Biz artıq elektrik enerjisi ixracatçısına çevrilmişik. Bu səbəbdən də bunun üçün potensial həqiqətən də çox yüksəkdir".
Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, 90-cı illərin əvvəllərindən yaranan Azərbaycanla Böyük Britaniya arasında tərəfdaşlıq əlaqələri zəngin tarixə malikdir. Müxtəlif sahələri əhatə edən əlaqələrin inkişaf etdirilməsində,uğur qazanmasında Ulu Öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri dəqiq qiymətləndirmək bacarığının xüsusi rolu olub. Millət vəkili qeyd edib ki, Ümummilli Lider tərəfindən uğurla inkişaf etdirilən iki ölkə arasındakı əlaqələr Prezident İlham Əiyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ölkə Başçımızın Böyük Britaniyaya səfəri, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət göstərməsi iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasına zəmin yaradıb: "Böyük Britaniya BP-nin Azərbaycanın neft-qaz sektorunun inkişafı və modernləşdirilməsinə verdiyi mühüm töhfələr vasitəsilə enerji sənayesində ölkəmizin əsas tərəfdaşıdır. BP şirkəti ilə sıx əməkdaşlıq Azərbaycanın neft strategiyasının həyata keçirilməsində başlıca rol oynayıb. BP və digər şirkətlərlə birgə həyata keçirilən enerji layihələri ölkəmizin iqtisadi müstəqilliyinin təməlində dayanan əsas amildir. Bütün bunlar Böyük Britaniyanın Azərbaycanın inkişafında oynadığı aparıcı roldan xəbər verir. Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Mortonun ölkəmizə iki günlük səfəri Azərbaycan- Böyük Britaniya dostluğunun, əlaqələrinin yüksək səviyyədə olmasına nümunədir. Ölkəmizə səfərinin məqsədini özünün tvitter səhifəsində paylaşan Vendi Morton yazır: "Salam Bakı, Azərbaycan! Azərbaycana ilk səfər edən Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri olaraq, qadınların hüquqlarını inkişaf etdirmək üçün onların biznes və siyasətdə daha çox imkanlara sahib olmasını və zorakılıqdan qorunmasını təmin etmək məqsədi ilə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə yaxından əməkdaşlıq edəcəyəm".
Onun sözlərinə görə, müxtəlif sahələri əhatə edən səfər çərçivəsində "yaşıl energetika"nın inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər də yer alıb: "Ölkə Prezident İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Dövlət başçısının imzaladığı sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühiti yaradılıb, özəl sərmayələrin cəlb edilməsi və irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qarşıdakı 10 il ərzində təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır. Böyük Britaniya bərpa oluna bilən enerji sektorunda və təmiz enerji istehsalında dünya lideridir. Külək enerjisi, yaşıl maliyyə və tullantıların idarəolunması üzrə aparıcı ölkə olan Birləşmiş Krallıqla Azərbaycan arasında müxtəlif sahələri əhatə ahəsində əməkdaşlıq imkanları, həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalından azad olunmuş ərazilərdə yaşıl enerji zonalarının yaradılması istiqamətində öz sözünü deyəcək, yetərincə günəş və külək enerjisi ilə zəngin Qarabağı və ətraf rayonları "yaşıl enerji" zonalarına çevrəcək".
Zəka
Olaylar.az