Heydər Əsədov və Etibar Pirverdiyev də istintaqa çağrıla bilər
10 Fevral 2021 12:21 SosialRüşvət və korrupsiyada adı hallanan sabiq dövlət məmurlarının istintaqa cəlb olunacağı barədə məlumatlar dolaşmaqdadır. Əldə etdiyimiz məlumata görə, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov və "Azərenerji" nin keçmiş sədri Etibar Pirverdiyevin də istintaqa çağırılacağı gözlənir. Bunun üçün hüquq-mühafizə orqanlarında kifayət qədər əsasların olduğu bildirilir. Xatıladaq ki, bir müddət öncə sabiq kənd təsərrüfatı naziri, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun biznesi şəbəkəsi barədə məlumat dərc olunmuşdu. Bildirilirdi ki, H.Əsədovun oğlu Asif Əsədzadə atasının hesabına Londonda xeyli mülkə, ən bahalı avtomobillərə sahibdir. Onu da qeyd edək ki, xarici mətbuat vaxtlə onun London küçələrində Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobillə şütüməsindən yazmışdı. Qeyd olunurdu ki, olan Heydər Əsədovun oğlu Asif Əsədzadə özünü ərəb şeyxləri kimi aparır. Asif Əsədzadə Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobili ilə Böyük Britaniyanın paytaxtında hərəkət edən maşınının videogörüntüləri internetdə də yayılıb. Heydər Əsədovun digər oğlu Vaqif Əsədzadə Türkiyədə iri turizm şirkətinin sahibi kimi otel, BEŞİKTAŞ, SEBA KOMPLEKSİ SELENİUM-TWİNS B BL.D.244 ünvanında mülk alıb. Heydər Əsədov hələ Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsində olarkən özünün ailə biznesinin "qoruyucu mələyi " rolunu oynadığı qeyd edilir. Məlumata görə, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə nazir Heydər Əsədovun istefaya göndərilməsinin əsas səbəbi məhz onun oğlu ilə bağlı olub.
Həmçinin sabiq "Azərenerji" sədri Etibar Pirverdiyevin adı 2,3 milyonluq mülk qalmaqalında hallanıb. Təəssüf ki, aylıq gəliri 1200 manatdan yuxarı olmayan bir şəxsin 2,3 milyon manata özəl mülk alması faktının özünə indiyə qədər hüquqi qiymət verilməyib. Təkcə bu fakt "Azərenerji"də total korrupsiya hallarının olması barədə mediada gedən məlumatları bir daha təsdiqləyir. Məlumata görə, E.Pirverdiyevin rəhbərliyi dövründə "Azərenerji" ASC-yə 3 milyard dollara yaxın investisiya yatırılıb (1,5 milyard dollar dövlət büdcəsi hesabına, 1,5 milyard xarici təşkilatların krediti hesabına). Bu vəsaitə sıfır variantından Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olduğu halda, Azərbaycanda sovet dövründən qalma sistem də iflic vəziyyətinə düşüb. 2009-cu ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi "İnter Enerji" MMC-ni "Azenco" ASC-nin 97,5 faiz səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edib. Komitənin məlumatında o da qeyd edilirdi ki, "İnter Enerji" silinmək üçün 100 min ədəd dövlət özəlləşdirmə çekinin təqdim edilməsini və dövlət büdcəsinə 6,4 milyon manat ödənilməsini öhdəsinə götürüb. "Azenco" ASC 2008-ci ilə qədər "Azerenerji" ASC-nin tərkibində "Azerenerjitikinti" MMC adı ilə fəaliyyət göstərib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli əmrinə uyğun olaraq MMC "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib və investisiya müsabiqəsinə çıxarılıb. Müsabiqəni isə "İnter Enerji" udub (23 dekabr 2009-cu il). Təkzib edilməyən məlumatlara görə, "İnter Enerji" MMC "Azərenerji" ASC-nin İdarə Heyətinin sədri Etibar Pirverdiyevə məxsus olub. Ümumilikdə hər iki şəxs barədə sadalanan gaktlar onların istintaqa cəlb edilməsi üçün hüquqi əsas yaradır.