Rövşən Əkbərov istintağa cəlb oluna bilər?- İş adamı Elçin Əliyevin qətli ilə əlaqədar

Hazırda tutduğu vəzifəsindən azad edilən, eləcə də barəsində həbs qətimkan tədbiri seçilən sabiq nazirlərin məsələsi cəmiyyətin diqqət mərkəzindədir. Məsələ orasındadır ki, vaxtilə ayrı-ayrı dövlət strukturlarında təmsil olunan vəzifəli şəxslərin törətdikləri cinayət əməllərinə görə, sorğu-suala çəkiləcəkləri cəmiyyətin gözləntiləri sırasındadır. Bu arada sabiq ordu korpusu komandanı, general-leytenant Rövşən Əkbərovun adı yenidən gündəmi zəbt edib. Bu dəfə onun tutduğu vəzifədən uzaqlaşdırılması mətbuatın diqqətini keçmiş korpus komandirinə yönəldib. Nəzərə almaq lazımdır ki, sabiq general vəzifədə olduğu dönəmdə daim gündəmdə olub. İllərdir ki, onun adı Ukraynanın paytaxtı Kiyev şəhərində tanınmış azərbaycanlı iş adamlarından biri olan Elçin Əliyevin qətlində əsas fiqur kimi keçir. R. Əkbərovun tutduğu vəzifəsindən azad edilməsi sözügedən məsələnin araşdırılması ehtimalını zəruri edir.  

Xatırladaq ki, 2001-ci ilin yayında yayılan məlumata görə, biznesmen Elçin Əliyevi ürəyinə hərbi bıçaqla zərbə endirərək qətlə yetiriblər. Az sonra qətldə Rövşən Əkbərovun adı hallanmağa başladı. Sonradan isə Rövşən Əkbərovun Bakıda olması və vəzifə təyinatı alması xəbəri yayıldı. Hansı ki, onun nazir və ya bu posta bərabər vəzifəyə təyinat ala biləcəyi xəbərləri dolaşırdı. Ötən illər ərzində Elçin Əliyevin anası Səmayə Əliyeva oğlunun qətlində israrla Rövşən Əkbərovun adını çəkib, onu ittiham edib. Rövşən Əkbərovun vəzifədə olması bu ittihamların obyektiv araşdırılmasına mane olub. Hazırda Rövşən Əkbərov vəzifədə deyil və bu cinayətin üstünün açılması ehtimalı yüksəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31