Əbülfəz Qarayev və Elmar Məmmədyarovun da istintaqa çağırılacağı gözlənilir

Ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri davam etməkdədir. Artıq dövlət və qeyri-dövlət strukturlarında çalışan bir sıra yüksək rütbəli şəxslərin həbsi həyata keçirilib. Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi isə bu prosesin davamlı olacağına dəlalət edir. Məlumata görə, keçmiş mədəniyyət naziri Əbülfəz Qarayev və sabiq xarici işlər naziri Elmar Məmmədyarovun da istintaqa çağırılması istisna edilmir.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) rüşvət və korrupsiyaya qarşı mübarizə çərçivəsində hər iki qurumda əməliyyat keçirib və yüksək vəzifəli şəxslər həbs olunub. Bundan sonra mədəniyyət naziri Əbülfəs Qarayev və xarici işlər naziri Elmar Məmmədyarov istefaya göndəriliblər. Sözügedən nazirliklərdə keçirilən əməliyyatların sıradan bir olay olmadığını nəzərə alsaq, Əbülfəz Qarayev və Elmar Məmmədyarovun da istintaqa çağırılacağını ehtimal olunur. Nəzərə almaq lazımdır ki, hər iki nazirlikdə aşkar edilən maliyyə pozuntuları heç də şəxsi motiv daşımır. Bu baxımdan, həmin nazirliklərdə həbs edilən yüksək vəzifəli şəxslər barədə başlanan cinayət işinin istintaqına sabiq nazilərin də cəlb olunacağını istisna etmir.

Onu da qeyd edək ki, mediada və sosial şəbəkələrdə hər iki sabiq nazirin özünün və ailə üzvlərinin mülkləri və biznes strukturları barədə kifayət qədər məlumat yayılıb. Sabiq nazirlərin külli miqdarda vəzaitin ofşor şirkətlər vasitəsilə ölkədən çıxarmaları, xarici ölkələrdə bahalı mülklərə sahib olmaları, tikinti maqnatları ilə əlbir fəaliyyətdə bulunmaları da yayılan xəbərlər sırasındadır. Dəyəri milyardlarla manatla ölçülən həmin mülklərin təbii ki, qanuni yolla əldə edilməsi qeyri-mümkün görünür. Məhz bu baxımdan həmin sərvətlərin hansı yolla əldə edilməsini araşdırmaq istintaq orqanlarının üzərinə düşür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31