Ortaq əlifbanın və ortaq dilin yaradılması regionun gələcəyi baxımından olduqca vacibdir - Araşdırmaşi yazar
8 Fevral 2021 11:03 SosialBu sözləri mediaya verdiyi açıqlamada Qərbi Azərbaycan İcması Anara təmsilçisi, araşdırmaçı yazar Dr.Dərya Akdemir ortaq dilin və əlifbanın yaradılması ilə bağlı fikirlərini bölüşərkən deyib. Araşdırmaçı yazar bildirib ki, xüsusən Azərbaycanın Qarabağda qazandığı möhtəşəm zəfərdən sonra regionda yeni geosiyasi və geoiqtisadi mərhələyə keçidin baş verməsi sosial sferada və ortaq mədəniyyət baxımından Türk xalqlarının birarada olmasını vacib hala gətirib. Akdemir bu sahədə atılacaq bütün addımları alqışladığını da sözlərinə əlavə edərək bildirib ki, Anadoludan uzaq Sibirə kimi bütün ərazilərdə var olan Türk xalqları regionda yaranan münbit şəraitdən yetərincə yararlanmalı və bir arada olmaq üçün qarşılarına çıxan maneələri bir yerdə, bir - bir aradan qaldırmalıdırlar: "Türk dünyasında yaradılacaq ortaq əlifba istər istəməz ortaq tarixin, ortaq dilin, ortaq ədəbiyyatın və ortaq milli kimliyin yaranmasına gətirib çıxaracaq. Bütün bunlar yaranarsa, şübhəsiz ki, sabahımız olan gələcək nəsillər arasında bizim zamanımızda yaşanan dil, ədəbiyyat, mədəniyyət problemləri qalmayacaq. Müəyyən obyektiv və subyektiv səbəblərdən yaranan bu maneələrin aradan qalxması sabaha daha inamla addımlayan və həm də bir yerdə addımlayan nəsillərin mədəni inteqrasiyasına gətirib çıxaracaq. Regionda mövcud olan problemlər isə məhz mədəni inteqrasiyanın baş tutması ilə çözüləcək. Siyasi - ictimai, sosial - İqtisadi, mədəni - humanitar sahələrdə bir yerdə olduğumuz zaman isə bizim gələcəyimizin parlaq olacağından heç kimin şübhəsi olmasın. Bu yöndə addım dövlət rəhbərlərimizi alqışlamaq və araşdırmaçılar, yazarlar olaraq onlara dəstək olmaq lazımdır. Amma bu dəstək sadəcə sözdə olmamalıdır. Regionda yeni, dinamik, geniş dünyagörüşünə və sağlam məntiqə sahib olan özəlliklə yeni nəsil Türk dünyası ziyalıları təkliflər paketləri hazırlayıb aidiyyatı dövlət qurumlarına təqdim etməlidirlər və bu təkliflərin həyata keçirilməsi ictimai dəstək də nümayiş etdirməlidirlər. Yalnız o zaman bütün bu dediklərimiz əməli addımlara çevrilə bilər".