Şəhid məzunlarımızın diplomları ailələrinə təqdim edilib
5 Fevral 2021 20:03 SosialUTECA kollektivi və deputatlar universitetin Şəhid məzunlarının ailələrini ziyarət ediblər. Tədris işləri üzrə prorektor Vüqar İsmayılov, Tədris şöbəsinin müdiri Piri Axundov Texnologiya Universitetinin Şəhid məzunları Kərim Əhmədəliyev və Ruslan Məmmədovun ailəsi ilə yaşadıqları Sumqayıt şəhərində görüşüblər. Görüşdə Gəncənin millət vəkili Müşfiq Cəfərov və Sumqayıtın millət vəkili Müşfiq Məmmədli də iştirak edib.
"İki sahil" xəbər verir ki, görüş zamanı Şəhid məzunlarımızın diplomları ailələlərinə təqdim edilib. Bildirilib ki, Texnologiya Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və bütün əməkdaşları, Şəhid məzunlarımızla fəxr edir. Onları yetişdirən valideynlərə minnətdar olan UTECA Şəhid məzunlarımızın simasında Vətənimizin azadlığı uğrunda canından geçən bütün oğullarımızın əziz xatirəsini daim yaşadacaq. Şəhid məzunlarımıza yarışlar, turnirlər həsr ediləcək, adları əbədiləşdiriləcək.
Övladları ilə bağlı xatirələrini bölüşən ailələr bildiriblər ki, gənclərin vətənpərvər ruhda böyüməsində, keçdikləri təhsil yolunun da rolu var. Valideynlər övladlarının Azərbaycan tarixində qızıl həriflərlə yazılan səhifələrin bir parçası olduğundan qürur duyduqlarını söylüyüblər.
Sonra kollektiv ailələrlə birgə Kərim Əhmədəliyev və Ruslan Məmmədovun məzarını ziyarət ediblər. Texnologiya Universiteti adından əklil və gül dəstələri düzülübb, dualar oxunub.
Şəhid Kərim Əhmədəliyev 2020-ci il, Ruslan Məmmədov isə UTECA-nın 2018-ci il məzunu idi. Kərim məzun olan kimi müddətli həqiqi hərbi xidmətə yollanmışdı. Ruslan isə zabit idi. Hər iki Şəhidimiz ölkə başçısının sərəncamıyla Vətən uğrunda medalına layiq görülüb.