Səlim Müslümov 12 il azadlıqdan məhrum edilə bilər

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova qarşı irəli sürülən ittihamlara əsasən onu 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Bunu "Olaylar"a deyən hüquqşünas Alim Hüseynlinin sözlərinə görə, keçmiş nazirə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi (308.2) irəli sürülüb. Sözügedən maddəyə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə,  üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İttiham olunan digər madddələrə əsasən (311.3.2-ci və 311.3.3-cü maddələr) rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi təkrar və külli miqdarda törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Bu baxımdan keçmiş nazirə Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasının tətbiqi gözlənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31