Səfər Əbiyev də istintaqa çağırılacaq
5 Fevral 2021 11:10 SosialMəlumatlı mənbələrdən daxil olan məlumata görə, aparılan həbslər bu sıraya daxil olan oliqarxların heç birindən yan keçməyəcək. Artıq keçmiş nəqliyyat naziri Ziya Məmmədov istintaqa dəvət edilib. Ölkənin ən varlı oliqarxlarından biri olmuş Məmmədov 2013-cü ildə postunu itirib, onun uzun illər rəhbərlik etdiyi sahədə yol verilmiş korrupsiya əməlləri ilə bağlı araşdırmalar yenilənib.
Mənbə qeyd edir ki, bu şəxslərin məsuliyyətə cəlb olunması korrusiyaya qarşı mübarizədə siyasi iradə nümayişi ilə yanaşı həm də hüquq mühafizə orqanlarının rəhbərliyində aparılan dəyişikliklərlə bağlıdır. Məlumdur ki, DİN, DTX və Baş Prokurorluğa yeni kadrlar rəhbərlik edir. Onların xələfləri keçmiş komanda yoldaşlarının ört-basdır etdikləri korrupsiya və s. cinayətlərinin dosyelərini rəflərdən endiriblər.
Məlumatlı mənbə keçmiş müdafiə naziri Səfər Əbiyevin də istintaqa çağırılacağını vurğulayıb. Qeyd edək ki sabiq müdafiə naziri Səfər Əbiyev nazirliyin balansında olan və müdafiə nazirlərinin xidməti yaşayışı məqsədi ilə ayrılmış 1000 kvadratmetr sahəsi olan yaşayış evini, eləcə də 1 hektardan çox torpaq sahəsini özəlləşdirdiyi iddia edilib. Əbiyevin Hərbi Akademiyanın qarşısında və Teymur Əliyev, Həsən Əliyev küçələrində, "Şüşəli bazar"ın arxasında, Həzi Aslanov qəsəbəsində, Xəzər rayonu, Şimal DRES ərazisində villalarının olduğu bildirilir.
Bundan başqa Qubada 100 hektardan çox torpağı, 30-dan çox avtomobil olan avtoparkı, Yasamal rayonu ərazisində, Statistika Komitəsi ilə üzbəüz çoxmərtəbəli binada bir neçə mənzili, "Avropa" otelinin yanındakı çoxmərtəbəli binada 5 mənzili, Ə.Ələkbərov küçəsində 7 bloklu, 17 mərtəbəli binası, Səməd Vurğun küçəsində villası və çoxmərtəbəli binada mənzilləri, "Sahil" metrosu yanında çoxmərtəbəli binada mənzilləri, Şüvəlanda, Novxanıda, Mərdəkanda, Qubada və Nabranda möhtəşəm villaları, Bakıda tibb mərkəzləri, tikiş fabrikləri, super-marketləri, konserv zavodu, istirahət mərkəzləri, ət kombinatı da Əbiyevin sərvətləri arasında olduğu iddia edilir.
Bundan başqa İsa Nəcəfova məxsus olduğu deyilən Tusi Klinikasının da əslində Səfər Əbiyevin obyektlərindən biri olduğu iddialar sırasındadır.