44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin daha vətənpərvər olmasına yol açdı
4 Fevral 2021 16:47 SosialRubail Quliyev: "Vətən müharibəsində yaxından iştirak etməyimdən sonsuz dərəcədə qürur duyuram"
Azərbaycan yenə öz uğuru, qazandığı zəfər, möhtəşəm qələbə ilə tarix yazdı. 30 ilə yazın müddətdə beynəlxalq təşkilatlar, dünyanın bir nömrəli siyasi təsisatı sayılan Birləşmiş Millətlər Təşkilatı və onun Təhlükəsizlik Şurası öz qəbul etdiyi qərarları icra edə bilmədiyi halda Azərbaycan cəmi 44 gün ərzində buna nail oldu. Məhz 44 günlük müqəddəs Vətən müharibəsi 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımızı azadlığa qovuşdurdu, düşmən tapdağından azad etdi.
44 günlük Vətən savaşı minlərlə Vətən övladımızın şəhidlik zirvəsinə ucalması ilə başa çatsa da, lakin indiyə qədər düşmənin tökdüyü qanlar, Azərbaycana, Azərbaycan xalqına yaşatdığı müsibət cavabsız qalmadı, ona layiqli cavab verildi.
Vətən savaşında mənfur düşmənlə döyüşüb şəhid olan Vətən oğulları ilə yanaşı, döyüşlərdə müxtəlif dərəcəli xəsarət alan qazilərimiz, həmçinin misilsiz igidliklər göstərən qəhrəmanlarımız da oldu. Onların 44 gün ərzində göstərdikləri qəhrəmanlıqlar, igidliklər dövlətimiz, dövlət başçımız, Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən qiymətləndirildi, müxtəlif orden və medallarla təltif olundular. 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də N saylı hərbi hissənin əsgəri Rubail Quliyevdir. Rubail Quliyevlə həm 44 günlük Vətən müharibəsi, həm Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər və onun ölkədə vətənpərvərlik hisslərinin artırılmasına təsiri, həm də gənclərin bu ruhda böyüməsi istiqamətində atılan addımlar və bu günkü nəticələr barədə danışdıq.
-Rubail bəy, bildiyimiz qədər 44 günlük Vətən müharibısinin ilk saatlarında o odlu-alovlu döyüşlərin içərisində olmusan, onun iştirakçısına çevrilmisən. Geriyə dönüb baxanda hansı hissləri keçirirsən?
-Bəli, tamamilə doğru deyirsiniz. 44 günlük Vətən müharibəsinin başladığı ilk saatlardan mən həmin döyüşlərin iştirakçısı olmuşam. Çünki özüm birbaşa hərbi sahədə çalışıram və N saylı hərbi hissənin əsgəri olaraq Vətən müharibəsinə qatılmışdım. Bizim hərbi hissə cəbhə xəttinə, daha dəqiq desək ermənilərin vaxtı ilə işğala məruz qoyduğu Azərbaycan torpaqıarına yaxın bir məsafədə yerləşdiyi üçün düşmənin sistemli olaraq mövqelərini möhkəmləndirdiyini, xeyli silah-sursat və hərbi texnikanın mövqelərimizə yaxın ərazilərdə cəmləşdiyini müşahidə edirdik. Açıq-aşkar görünürdü ki, ermənilər Aprel döyüşlərində olduğu kimi hücuma, yeni ərazilər zəbt etməyə hazırlaşırlar. Çünki biz düşmənin bu cür sistemli şəkildə mövqelərimizə yaxın ərazilərdə toparlanmasını 5 il əvvəl də müşahidə etmişdik. Ona görə də tam əmin idik ki, düşmən yenidən torpaqlarımızı zəbt etmək üçün hücuma keçəcək. Bu səbəbdən haqlı olaraq ölkənin hərbi rəhbərliyi müdafiə postlarımızın daha da möhkəmləndirilməsi, düşmənin istənilən təxribat cəhdlərinin qarşısının alınması barədə müvafiq tapşırıq və göstərişlər vermişdi. Eyni zamanda bu istiqamətdə zəruri tədbirlər görülmüşdü. Beləliklə, gözlənilənlər baş berdi və sentyabrın 27-də ermənilər yeno-yeni ərazilər zəbt etmək istəyi, xülyası ilə Azərbaycan ərazilərinə hücuma cəhd göstərdilər.
-Qeyd etdiniz ki, 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olmuşunuz. Aprel döyüşləri ilə 44 günlük Vətən müharibəsi arasında hansı fərqləri və ya oxşar cəhətləri müşahidə etdiniz?
-Əvvəla bir məqamı qeyd edim ki, 2016-cı ilin Aprel döyüşləri zamanı də biz zəfərə, torpaqlarımızın işğaldan tamamilə azad edilməsinə çox yaxın idik. Bir neçə gün ərzində strateji əhəmiyyət kəsb edən Lələ Təpənin düşməndən azad edilməsi bunun əyani sübutu idi. Əgər Ermənistanın xahişi ilə Rusiya məsələyə müdaxilə edib atəşkəsə nail olmasaydı 2016-cı ilin Aprel döyüşləri zamanı biz ərazi bütövlüyümüzü bərpa edə bilərdik. Aprel döyüşləri bir növ Ermənistan üçün dərs oldu və Azərbaycan Ordusunun gücü, qüdrətindən nəticə çıxarmağa başladılar. Mövqelərini möhkəmləndirdilər, yeni-yeni istehkamlar qurdular. İşğaldan azad etdiyimiz əksər şəhər və rayonlarda ələ keçirilən düşmən mövqelərini nəzərdən keçirərkən də aydın şəkildə görürdük ki, həmin istehkamlar, müdafiə xarakterli obyektlər məhz son 4-5 ildə yaradılıb, tikilib inşa olunub. Yəni, Aprel döyüşləri erməniləri məcbur etdi ki, işğal altında saxladıqları Azərbaycan ərazilərində hərbi üstünlüklərini artırsınlar, yeni müdafiə sistemləri inşa etsinlər. Hesab edirəm ki, 2016-cı ilin Aprel döyüşləri ilə 44 günlük Vətən müharibəsini fərqləndirən əsas cəhətlərdən biri bu idi. Digər tərəfdən Azərbaycan Silahlı Qüvvələri də Aprel döyüşlərindən keçən müddət ərzində kifayət qədər inkişaf edib, daha da müasirləşib, modernləşib. Düşmən tərəfinin hərbi üstünlüyünü artırmasına adekvat olaraq Azərbaycan da bu illər ərzində öz növbəsində ön cəbhədə mövqelərini möhkəmləndirmişdi. Şübhə yox idi ki, düşmən 2016-cı ilin Aprel uğursuzluğunun əvəzini çıxmaq üçün yenidən hücuma cəhd göstərəcək. Və hücum etdi də. Lakin düşmənin bu dəfəki hücum cəhdi onun özünə ağır başa gəldi.
Oxşar cəhətlərə gəlincə, həm Aprel döyüşləri zamanı, həm də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı hamılıqla Ordunun, Ali Baş Komandanın yanında, ətrafında idi. Uşaqdan böyüyə hər kəsdə vətənpərvərlik hissi ən yüksək səviyyədə mövcud idi. Hər kəs əlindən gəldiyi, bacardığı qədər Orduya, Silahlı Qüvvələrə yardım etməyə, dəstək verməyə çalışırdı. Hər kəs düşmənə qarşı aparılan mübarizədə zərrə qədər də olsa öz payının olmasını istəyirdi. Elə Vətən müharibəsində möhtəşəm qələbə əldə etməyimizi şərtləndirən amillərdən biri də bu idi.
-Belə demək mümkünsə 44 günlük Vətən müharibəsi gənclərdə vətənpərvərlik hissinin daha da inkişaf etməsinə təkan verdi
-Tamamilə doğru buyurursunuz. 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin daha vətənpərvər olmasına yol açdı. Eyni zamanda yetişməkdə olan gəncliyin vətənpərvər ruhda böyüməsinə stimul verdi. Bu günün məktəblisi, sabahın gənci aydın şəkildə gördü ki, torpaqlarımızı düşmən tapdağından azad edən oğullar diqqətdən kənarda qalmadı. Onlar Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə təltif olundu, mükafatlandırıldı. Məsələn, mənim məktəbli olan övladlarım gördü ki, atalarının müharibədə iştirakı, yuxusuz gecələri, həyatı üçün üzləşdiyi təhlükələr qiymətsiz qalmadı və dövlət səviyyəsində qiymətləndirildi. Ona görə də mənim övladıma nəçi olmaq istəyirsən sualını verəndə artıq düşünmədən hərbiçi deyə cavab verir. Çünki hərbiçilərə, Vətənin azadlığı, torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində döyüşən qazilərimizə göstərilən diqqət və qayğını görür.
-Yeri gəlmişkən səhv etmirəmsə siz də 44 günlük Vətən müharibəsində iştirakınıza görə təltif olunmusunuz

-Bəli, düz buyurursunuz. Mən də 44 günlük Vətən müharibəsində iştirakıma görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən təltif olunmuşam. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar əsasında iki medalla təltif edilmişəm. Bunlardan biri Füzuli rayonunun işğaldan azad edilməsinə görə, digəri Qubadlının rayonun işğaldan azad edilməsinə görə medalıdır. Fürsətdən istifadə edib Ali Baş Komandan Cənab İlham Əliyevə qəzetiniz vasitəsilə öz təşəkkürümü bildirirəm. İndiyə kimi Ali Baş Komandana, ölkənin hərbi rəhbərliyinə necə sadiq olub verilən bütün əmr və tapşırıqlara əməl etmişəmsə bundan sonra da eyni şərəf və ləyaqətlə Vətənə, doğma Azərbaycanımıza xidmət edəcəm.
-Yəqin ki, bu müqəddəs savaşda iştirak etməkdən də qürur hissi keçirirsiniz?
-Əlbəttə. Başqa cür də ola bilməz. Məlumat üçün qeyd edim ki, mən Beyləqan rayonunda anadan olmuşam və Birinci Qarabağ müharibəsi zamanı mənfur düşmən bizim rayonu da hədəf almışdı. O vaxt mən məktəbli idim və hər gün atəş, düşmənin atdığı topların, raketlərin gurultusu uşaqlığımızı qorsu, səksəkə içərisində keçirmişdi. Yaxın qohumlarımızdan Birinci Qarabağ müharibəsində şəhid olan kifayət qədər şəxslər var. Ona görə də o dəhşətləri görən bir uşaq kimi hələ məktəb illərindən məndə düşmənə qarşı bir nifrət, qisas hissi formalaşdırmışdı. Tanrı qismət etdi ki, həmin nifrət, qisas hissini döyüşlərdə büruzə verim və torpaqlarımızın işğaldan azad edilməsi prosesində yaxından iştirakçı olum. Bu baxımdan həm Aprel döyüşləri, həm də 44 günlük Vətən müharibəsində yaxından iştirak etməyimdən sonsuz dərəcədə qürur duyuram. Fəxr edirəm ki, torpaqlarımızın işğaldan azad edilməsi prosesində iştirak etmişəm və ərazi bütövlüyümüzün bərpa edilməsində zərrə qədər də olsa payım olub. Bu baxımdan özümü xoşbəxt hiss edirəm. Bundan sonra da Vətənimə, dövlətimə sədaqətlə xidmət edəcəyəm.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir