“Baku Steel Company” MMC-nin rəhbəri qoçu dəstəsi saxlayırmış

“Rasim Məmmədovun bir il ərzində mənimsədiyi pul 100 milyonlarla ölçülür”

"Rasim Məmmədovun bir il ərzində mənimsədiyi pul 100 milyonlarla ölçülür"

Azərbaycanda korrupsiyaya qarşı səmərəli mübarizə tədbirləri həyata keçirilməkdədir. Xatırladaq ki, hələ 2019-cu ildə Azərbaycanda xeyli sayda yüksək vəzifəli dövlət məmuru fəaliyyətində yol verdiyi korrupsiya əməllərinə görə həbs olunub. 2020-ci ildə də davam etdirilən bu proses zamanı 6 rayon icra hakimiyyətinin başçısı, müxtəlif nazirliklərdə yüksək vəzifə tutan şəxslər bilavasitə cinayət əməli törədərkən yaxalanaraq həbs olunublar. Eyni zamanda korrupsiya fəaliyyətlərinin genişlənməsində, himayəçilik biznesinin inkişafında yüksək rolu olan məmurlar vəzifələrindən kənarlaşdırılıblar. Lakin cəmiyyətin bu sahədə gözləntiləri hələ qalır, ölkə həyatının, iqtisadiyyatının müxtəlif sferalarında korrupsiya hallarının qarşısının alınması üçün hökumətdən daha təsirli addımların atılması tələb olunur. Məhz korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamı olaraq "Baku Steel Company" MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlu Dövlət Təhülkəsizliyi Xidməti tərəfindən saxlanılıb. Belə ki, o təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rasim Məmmədovun "Baku Steel Company" MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub. Lakin iddialara görə, Rasim Məmmədovun qanunsuz hərəkətləri bununla bitmir. İllərdir Rasim Məmmədovla aralarında məhkəmə çəkişmələri olan sabiq deputat Nazim Bəydəmirli bildirib ki, 2012-ci ilin iyul ayından başlayaraq Rasim Məmmədov qoçu dəstələriylə müxtəlif metal istehsalçılarına qarşı hücumlar təşkil edib. Daha dəqiq  2012-ci ilin iyul ayından başlayaraq, müxtəlif metal istehsalçılarına qarşı hücumlar təşkil edib: "O, təsisçisi olduğum müəsisəyə qarşı qoçu dəstələri yaratmışdı. Halbuki, müəsisənin aktivləri qanunla qorunub. Bizə də 2012-ci ildə hücumu baş tutub. Nəticədə, zorla müəsisəmiz dayandırılıb. Baxmayaraq ki, hüquq-mühafizə orqanlarına, Binəqədi rayon Polis İdarəsinə müraciət etsək də, nəticəsi olmayıb. İyirmiyə yaxın polis nəfəri gəlsə də, Rasim Məmmədovun qoçularından biri kimisə polis əməkdaşıyla danışdırdı. Nəticədə, polis əməkdaşları hadisə yerindən kənarlaşıb getdi. Bu adamlar gündüz çağı belə müəsisələrə hücum edərək, hətta soyğunçuluq və quldurluq edərək müəsisələri bağlayıb. Bu adam səkkiz il əvvəl bizim şikayətimiz əsasında həbs edilməli idi. Təəssüf ki, onun arxasında dayanan müxtəlif şəxslər onun qanunsuz əməllərini ört-basdır edib. Özünü həmişə "Baku Steel Company" MMC-nin sahibi kimi təqdim edib. Bu təfəkkürdə olan insanın biznesdən anlayışının olmamasını səkkiz il əvvəl qeyd etmişdim. Ona etibar edənlərə də bunu bildirmişdim. Ona etibar edənlər də çox səhv edib. Rasim Məmmədov bütün elədiklərinə görə cavab verməli olacaq. Bunu o zamanlar da demişdim. Beş milyonlarla dəyəri olan zavodu ona kimi etibar edib? ANS-də onun haqqında film çəkilib. Orda bildirir ki, müəsisəyə guya iki yüz milyon dollardan çox investisiya qoyub. Bəs, bu qədər pulu hardan qoyub? Məlumdur ki, bu hansısa məmura bağlı olan bir müəsisədir. Rasim Məmmədov da onların "oyuncağı" olub və ona qeyri-rəsmi sahibləri müəsisəsini etibar edib. O da yeyintilər etdiyinə görə,  sahibləri tərəfindən həbs etdirilib. Eyni zamanda, bizə qarşı edilən qanunsuzluğun da araşdırılması üçün fevralın 1-dən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə rəsmi qaydada müraciət etmişəm. Ümid edirəm ki, mən də zərərçəkmiş kimi tanınacam. İndiyə kimi polis və prokurorluq orqanlarına müraciət etmişəm. Dəfələrlə məhkəmə proseslərimiz olub. Sonuncu məhkəmə prosesimiz də 2019-ci ildə baş tutub. Bu da yazdığımız statusa görə idi. Statusda yazmışdım ki, Rasim Məmmədov monopolist siyasət aparır. Ölkədə dəmirin bahalaşmağının səbəbi onun apardığı monopoliya siyasəti sayəsində olub. Bu həqiqətləri dediyimə görə, məni məhkəməyə vermişdir. Hətta məhkəmədə məni cərimə etdirmişdir. Bütün bu olanlara görə, Avropa Məhkəməsinə şikayət etmişəm. Ərizəmi də rəsmi qaydalara uyğun göndərdim. Yəni bu adamın qabağında "dur" deyən biri yox idi. Onun həbs edilməsini biləndən sonra DTX-ya müraciət edərək, bizim də zərərçəkmiş kimi tanınmağımızı istədim. Bu bizim qanuni haqqımızdır. Təbii ki, istintaq orqanları bizim ərizəmizə cavab verməsələr, mən onları da məhkəməyə verəcəm. Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs gec və ya tez etdiyi əməllərə görə cavab verməlidir". ("Hürriyyət" qəzetinin 5 fevral sayı). N. Bəydəmirli iddia edir ki, Rasim Məmmədovun bir il ərzində mənimsədiyi pul 100 milyonlarla ölçülür: "Bu, təkcə bir ilə olan rəqəmdir. Nəzərə alaq ki, o, illərlə böyük müəsisənin rəhbəri olub. Yəni 55 milyon yox, bir neçə milyard manat puldan söhbət gedə bilər. Rəsmi açıqlanan 55 milyon pul istintaqın ilkin olaraq açıqladığı puldur. Eyni zamanda, istintaq onun dövlət vergisindən yayındığını da araşdırmalıdır. Məsələ burasındadır ki, "Baku Steel Company" MMC özəl şirkətdir. Bu adam özəl şirkətin sahibi kimi özünü təqdim edib. Əslində, mənimsəmə varsa belə, özəl şirkət olduğuna görə dövlət vergisindən də yayına bilər. Bundan əlavə, banklardan kredit götürübsə, bu da istintaq materiallarına əlavə edilə bilər. Dediyim ki, onun bir ilə mənimsıdiyi pul 100 milyonlarla ölçülür. Ola bilər ki, bu vəsaitlər gizlədilir və yaxud da onun sahiblərinə qeyri-rəsmi şəkildə ödənilib. Rasim Məmmədov monopoliya yaratdıqdan sonra, Azərbaycan bazarında armaturun qiyməti 1200 manat olub. Halbuki, əvvəl qiymət 800 manat civarında dəyişib. Bu da təqribən 50 faiz bahalaşma deməkdir.  Bütün bunlar qeyri-qanuni gəlirlər hesab edilir. Rasim Məmmədov illərlə etdiyi qanunsuz əməlləri ört-basdır edib. Gör, o nə qədər "qüdrətli" adam olubsa, vergidən də yayına bilib. Bu adam sanki dövlətin daxilində bir "dövlət" qurmuşdur. Bu dövləti də "kriminal dövlət" adlandırsaq daha doğru olar. Müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək və onlara arxalanaraq, bu işləri həyata keçirib. Ola bilər ki, elə həmin adamlar onun pul mənimsədiyini bilib, özləri onu həbs etdirib".  Rasim Məmmədovun hazırki şəraitdə həbsinə gəldikdə N.Bəydəmirli bildirib ki, hazırda da arxalandığı adamların pulunu mənimsədiyinə görə həbs edilib: "Səbəb ancaq bu ola bilər. Hər halda Azərbaycanda kiçik ölkədir. Kimin arxasında kimlərin dayandığı və kimin hansı bizneslə məşğul olması hamıya aydındır. Azərbaycanda real sahibkarlıq həmişə təhlükə altında olub. Ümid edək ki, cənab İlham Əliyevin çıxışlarından nəticə götürülərək, məmurlar yerində otuzdurulmalıdır. Onlar həm dövlət vəsaitlərini mənimsəyib, həm də bazarda olan rəqabəti pozub. Ölkə başçısı dəfələrlə bildirib ki, sahibkarlara maneçilik törədənlər, dövlətə xəyanət etmiş kimi qiymətləndirilməlidir. Görünür ki, onlar bu xəyanəti dövlət başçısına  və onun apardığı siyasi kursa edib".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31