Ölkədə ardıcıl və sistemli sosial islahatlar həyata keçirilir
Milli Məcisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov qeyd edib ki, ölkədə səhiyyə sahəsində atılan uğurlu addımların inkişafı üçün bütün imkanlar yaradılıb:
4 Fevral 2021 14:16 SosialSosial proqramlarda ölkə vətəndaşlarının marağı əsas götürülür
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət vətəndaşların rifah halının yüksəlməsinə hesablanıb. Elə bu səbədən də ölkədə ardıcıl olaraq sosial layihələr həyata keçirilir. Prezident İlham Əliyev əhalinin sağlamlığını hər şeydən üstün tutduğundan sosial siyasət dövlətin prioritet istiqamətinə çevrilib. Məhz bu səbədən əhalinin ayrı-ayrı qruplarının həyat keyfiyyətinin yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn tədbirlər mütəmadi olaraq həyata keçirilməkdədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib ki, ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir: "Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin bu xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Bundan sonra, əlbəttə ki, biz, ilk növbədə, səhiyyə sisteminin təkmilləşdirilməsi və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırmaq üçün əlavə addımlar atacağıq. Səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi. Mən xatırlayıram, 2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Sözün düzü, o vaxt bizim qara qızılımızın həcmi o qədər də böyük deyildi, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ inşa edilməmişdi, ancaq biz bütün bu işləri artıq proqnozlaşdıra bilirdik. Bilirdik ki, bizi böyük neft hasilatı dövrü gözləyir. Ona görə neftdən əldən edilən gəlirləri insan kapitalına yönəltmək mənim başlıca vəzifəm idi. Dediyim kimi, bu vəzifə artıq bütövlükdə icra edildi. Bütün bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət göstərir. Əgər biz buna nail olmasaydıq, son illərdə hər il 5 milyon insan tibbi müayinədən keçə bilməzdi. Hesab edirəm ki, bu da böyük nailiyyətdir. Çünki mən bəlkə də 100-dən çox, - bəlkə də daha çox, indi hamısını xatırlamıram, - xəstəxananın, tibb müəssisəsinin açılışında olarkən dəfələrlə bir məsələyə vətəndaşların diqqətini cəlb edirdim ki, mütləq hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Artıq bunu demirəm, buna ehtiyac yoxdur. Çünki bu, həll olundu və artıq bir neçə ildir ki, kütləvi surətdə müayinədənkeçmə prosesi gedir. Yenə də deyirəm, dövlət hesabına 5 milyon insanı - ölkə əhalisinin yarısını tibbi müayinədən keçirmək böyük təşkilatçılıq və maliyyə resursları tələb edir. Azərbaycan nadir ölkələrdəndir ki, bu təşəbbüsü həm irəli sürüb, həm də bunu reallaşdırıb. Eyni zamanda, bildiyiniz kimi biz indi, icbari tibbi sığorta sisteminə keçmişik. Bu keçid də mərhələli yollarla həll olunub. Pilot layihələrin icrası bizə ilkin məlumatlar verib və məlumatlar da çox müsbət idi. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədə idi. Ona görə biz artıq bu sistemə də keçmişik. Əgər müasir xəstəxana fondu olmasaydı, buna keçmək mümkün olmazdı. Yəni, biz hər şeyi ardıcıllıqla edirik və yəqin ki, gələn 1-2 il ərzində böyük xəstəxanaların tikintisinə artıq son qoyulacaq və daha çox səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində addımlar atılacaqdır".
Milli Məcisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov qeyd edib ki, ölkədə səhiyyə sahəsində atılan uğurlu addımların inkişafı üçün bütün imkanlar yaradılıb: "Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Bunlardan biri də icbari tibbi sığortanın tətbiqidir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir. Bu istiqamətdə ilk olaraq pilot layihələr icra edildi və alınan nəticələr çox müsbət oldu. Pilot layihələrlə əhatə olunmuş şəhərlərdə həm tibbi xidmətin keyfiyyəti artdı, həm də vətəndaşların məmnunluğu yüksək səviyyədə oldu. Ona görə də icbari tibbi sığortanın ölkə üzrə tətbiqi tədricən genişləndirilərək, aprel ayının birindən etibarən bütün ölkəni əhatə edəcək. İcbari tibbi sığortanın tətbiqində yüksək maddi-texniki bazaya malik olan səhiyyə müəssisələrinin əhəmiyyəti böyükdür. Ölkəmizdə son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyənin xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub. Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilməyə başlanmışdır. Cənab Prezident də çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimiz üçün ən vacib məsələ vətəndaşların sağlamlığıdır. Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Məhz buna görə də, Azərbaycan dövləti bir çox iqtisadi və maliyyə risklərinə baxmayaraq, vətəndaşların sağlamlığının qorunması üçün bütün mümkün addımları atdı. Aztəminatlı ailələrə, işsizlərə və pandemiyadan əziyyət çəkmiş sahibkarlıq subyektlərinə davamlı maddi-mənəvi dəstək, göstərilən qayğı bu gün də razılıqla qarşılanmaqdadır. Bu tədbirlərin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizədə ölkəmizdə görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim edib".
Komitə sədri əlavə edib ki, ölkəmizdə koronavirusla mübarizə uğurla davam etdirilir. Bu gün dövlətin görmüş olduğu önləyici tədbirlərin nəticəsi olaraq koronavirusa yoluxma sayında azalma müşahidə olunur. Eyni zamanda bu virusa yoluxmuş insanların mütləq əksəriyyəti sağalaraq evlərinə göndərilib. Virusdan qorunmaq və bu xəstəliyin profilaktikası istiqamətində də mühüm addımlar atılıb. Ötən müddət ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılıb. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır: "Ölkəmizdə koronavirusa qarşı vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb və uğurla davam etdirilir. Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdan ibarətdir. Azərbaycanın aldığı Çinin "SinoVac" şirkətinin istehsal etdiyi "CoronoVAC" vaksini bir neçə ölkədə kliniki sınaqlardan keçirilib və mənfi təsiri aşkarlanmayıb. Cənab Prezident İlham Əliyev ölkəmizdə aparılan vaksinasiya il bağlı bildirmişdir ki: "Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verdi. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Biz COVAKS təşəbbüsünün üzvüyük və COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda, biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Eyni zamanda, biz artıq 4 milyon doz vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib".
Zəka
Olaylar.az