İlin zəkası intellektual yarışmasının qalibləri müəyyənləşdi
3 Fevral 2021 15:22 SosialYanvar ayının 22-də respublika Gənclər və İdman Nazirliyinin Yevlax Gənclər Evi xidmət müəssisəsinin təşkilatçılığı ilə "İlin zəkası"intellektual yarışmasına start verilmişdi. Pandemiya səbəbilə tətbiq edilən karantin günlərində gənclərin və məktəblilərin vaxtlarının səmərəli təşkili məqsədi ilə keçirilən yarışmada bütün şəhər məktəbləri şagirdlərinin iştirakı, həm də onlayn şəkildə təmin edilmişdi. Yarışmaya 400-dən artıq iştirakçının qatılması onun məlum auditoriya tərəfindən maraqla qarşılanmasının təsdiqi idi.

Üç mərhələdə keçirilməsi nəzərdə tutulan yarışmada obyektivliyin gözlənilməsinə, həqiqi intellektlərin müəyyən olunaraq ikinci mərhələdə iştirakının təmin edilməsinə xüsusi diqqət yetirilirdi.
Yarışmanın hədəfi: iştirakçıların KAHOT proqramı, kompüter və proyektorla bağlı bilik səviyyələrinin yoxlanılması. Şərtlərə görə birinci mərhələdə hər məktəbdən yalnız 6 nəfər ikinci mərhələyə vəsiqə qazanmışdı.
Yanvar ayının 30-da Gənclər Evi yarışmanın ikinci mərhələsinin iştirakçılarının ixtiyarında idi. Burada əvvəlki mərhələdə seçilmiş 60 nəfərin öz intellektini sınaqdan keçirib final mərhələsi uğrunda mübarizə aparması üçün, karantin qaydaları gözlənilməklə, hər cür şərait yaradılmışdı və son mərhədə iştirak edəcək 10 nəfər məktəbli uğurun sevincini yaşamışdı.
Gənclər gününə təsadüf edən "İlin zəkası" intellektual yarışmasının final mərhələsi təşkilatçıların səyi ilə əsil bayram əhval-ruhiyyəsində keçirildi. Tədbirə onu izləmək və qaliblərin həyəcan və sevincinə şərik olmaq üçün təhsil, media və ictimaiyyətin az sayda nümayəndələri də dəvətli idilər.


Tədbiri Gənclər Evi xidmət müəssisəsinin rəhbəri Elgün Əzizov açdı, keçən mərhələlərlə bağlı fikirlərini bölüşdü. Qurumun məsul əməkdaşı Orxan Abdullayev final mərhələsinin qaydalarını bir daha elan etdi və iştirakçılara uğurlar arzuladı.
Həm iştirakçılara, həm də dəvətlilərə maraq və həyəcan yaşadan anlar arxada qaldı. Yaxşı təşkil olunmuş final mərhələsində üç qalib müəyyən olundu. Onlar- Cabbar Təhməzov, Elçin Novruzov və Maarif Ramazanov idi.
Soyuq qış günündə Gənclər Evinin səliqəsi ilə göz oxşayan həyəti final mərhələsinin qaliblərinin mükafatlandırılması mərasimi üçün xüsusi zövqlə hazırlanmışdı. Tədbir iştirakçılarının alqış sədaları altında birinci yerin sahibi, 2 saylı tam orta məktıbin şagirdi Cabbar Təhməzova planşet, ikinci yerin sahibi,9 saylı tam orta məktəbin şagirdi Elçin Novruzova ağıllı saat, üçüncü yerin sahibi, yenə də 2 nömrəli tam orta məktəbin şagirdi Maarif Ramazanova qulaqcıq hədiyyə edildi.
Təşkilatçılar digər 7 iştirakçını da nəzərdən kənarda saxlamamışdı, onlara da mükafatlandırma mərasimində müxtəlif hədiyyələr təqdim edildi.


Sonda "İlin zəkası" 10 yarışmaçısının Milli QHT Psixoloji Araşdırma və Dəstək Mərkəzində təlimlərə cəlb olunacağı diqqətə çatdırıldı.
Maraqlı bir tədbir, olduqca da maraqlı və yaddaqalan bir gün başa çatdı. Ən xoş olanı isə qalib olmayan iştirakçıların belə məmnunluğu idi. Onlar yarışmanın aşkarlıq və obyektivlik şəraitində keçməsindən razılıqlarını və bu tip yarışmaların tez-tez baş tutması arzularını ifadə etdilər.
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti