Savadsızlıq virusu...
4 Fevral 2021 12:03 SosialPandemiyanın həyatımıza necə daxil olması hamımıza məlumdur. Doqquz aydır ki, yaddaşımızda nə xoş bir xatirə, həyatımız naminə atacaq addımlarımız üçün sağlam yolumuz yox, problemlər və narahatlıqlar var. Yaşamaq istədiklərimizi yaşaya bilmirik, ən çox bundan narazıyıq. Virus səhiyyənin qapısından vurduğu qolu təhsilin qapısından da keçirtdi. Bu vəziyyətdən ən çox zərbə alan da məhz təhsil oldu.
Dünya bir çıxış yolu kəşf edib, adını da "məsafədən təhsil" qoyub. Guya bu tədris üsulu dəymiş ziyanı aradan qaldıracaq. Əkmək istədikləri çiçəkdir, amma yerində alaq otu bitir. Bitən alaq otlarını da biçən yoxdur. Başa düşürük ki, virus yaxın təmasla yayılır, bu da orta məktəblərdən tutmuş ali təhsil müəssisələrinin bağlanmasına səbəb olur. Lakin, bu bir fəlakətin - savadsızlığın başlanğıcından xəbər verir.
Dünya ölkələri kimi biz də distant təhsilə qoşulmuşuq. Öncəliklə, ölkəmizdə bütün ailələr distant təhsilə hazır deyil, ikinci ən böyük problem isə internetin zəif olmasıdır. Bulanıq görüntülərə və qırıq-qırıq cümlələrə nə beyin, nə də qulaq dözür. Əsas məsələ isə uzun müddətdir qaçmağa çalışdığımız müasir smartfon şüalarının əlinə düşməyimizdir. Kitablar da onlayn formada olduğuna görə gözlər əldən gedəcək, günün yarısını stol arxasında oturmaqla belimiz büküləcək və canlı ünsiyyət üçün kütləşəcəyik. Belə getsə pandemiya bitənədək sağlamlığımıza bir xeyli ziyan vurular. Məsafədən təhsillə proqram bitdi, imtahanda 700 bal topladılar və cari ilin təhsili başa çatdı. Əslində heç nə bitmir, hər şey bundan sonra başlayır. İki triqonometrik tənliklə, çaşdırıcı suallarla savadlı nəsil yetişmir. Koronavirusa vaksin tapılacaq, bəs ondan sonra gələn yeni savadsızlıq virusuna kim vaksin tapacaq? Sosial şəbəkələrdə tez-tez gənclərin bir ifadəsinə rast gəlirəm : "Virusdan yox, savadsızlıqdan qırılacağıq".
Sözləri Cabir Novruza məxsus olan və hər an dilimizin ucunda zümzümə etdiyimiz o möhtəşəm musiqidəki tələbələr dünyaya, cahana, insana bir də gələcəyə inanırdı. Bəs, indi tələbələr kimə inansın? Dünyaya inana bilmirik, çünki pandemiya hələ də ziyan vurmaqda davam edir, insanlar isə pandemiyadan çox aclıqla mübarizə aparır. Bu gedişlə də gələcəyə inam qalmır. Yarımçıq təhsil alan, təcrübəsiz birinin döydüyü qapını üzünə kim açacaq? Universitetlərdə edilən güzəştlər diplomu əlimə almağıma rahat şərait yarada bilər, lakin distant təhsil heç vaxt ənənəvi şəkildə, parta arxasında oturaraq qazandığımız biliyi əvəz edə bilməz. Adətən deyirlər ki, nəzəriyyəsiz praktika lal olur. Heç nə təcrübənin yerini tutmur. Həyatda edilən səhvlərlə qazandığımız təcrübə gedəcəyimiz yola necə işıq salırsa, gələcəyi qurmaq üçün də təcrübə biliyə bələdçilik etməlidir. Bu problemə bir yol tapılmalıdır, əks halda savadsızlıq cahil cəmiyyətin qapısını açar.
Gülər Seymurqızı
P.S. Son məlumatlara görə Azərbaycanda fevralın 15-dən ali təhsil müəssisələrində əyani təhsil bərpa olunur..