Nəsimi rayonunda Gənclər Günü ilə bağlı video-görüş keçirilib
2 Fevral 2021 14:53 SosialNəsimi rayonunda Gənclər günü ilə əlaqədar video-görüş keçirilmişdir. "Olaylar" xəbər verir ki, video-görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, rayonun idarə, təşkilat və müəssisələrində çalşan gənclər, ali məktəb tələbələri, Nəsim Könüllüləri və Vətən müharibəsi iştirakçıları, yaralıları iştirak etmişlər. Video-görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov görüş iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir. Nəsimi rayonunda keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.
Asif Əsgərov bildirdi ki, hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyətinin, tarixinin və ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu vardır. Bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübüt olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində ordumuza daima yüksək səviyədə diqqət və qayğı göstərilir. Respublikamızın hər bir yerində olduğu kimi, Bakı şəhərinin Nəsimi rayonunda da Şəhid ailələrinə, Vətən Müharibəsi iştirakçılarının və yaralıları hərbiçilərin ailələrinə daim diqqət və qayğı göstərilmiş və göstərilməkdə davam edir. Sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Qismən səfərbərlik elan olunduqdan sonra Nəsimi rayonundan da 780 nəfər əsgər və zabitlərimiz könüllü olaraq cəbhə bölgələrinə getmiş və torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşmüşlər. Torpaqlarımızın azad olunması nəticəsində 21 nəfər şəhidimiz, 77 nəfər yaralı hərbiçimiz olmuşdur. Dövlət tərəfindən şəhid ailələrimiz daim diqqətdə saxlanılır, yaralı hərbçilərimizin sosial yönümlü məsələlərinin həlli istiqamətində müvafiq işlər görülür. Əsgər ailələri rayon İcra Hakimiyyətinə dəvət olunaraq onlara müvafiq yardımlar göstərilir. İl ərzində rayonda keçirilən onlayn-müsabiqələrdə, bilik yarışlarında fəal iştirask etmiş gənclər rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında sərəncamına əsasən könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır. 2020-ci il Könüllülər ili çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətində 100-dən artıq könüllü fəaliyyət göstərmişlər. İstər pandemiya dövründə, istərsə də vətən müharibəsi dövründə könüllü olaraq vətəndaşların qayğısına qalmış, onlara yardımlar etmişlər. Bu gün də Gənclər günü ilə bağlı fəaliyyətləri ilə əlaqədar bir qrup könüllüyə sertifikat veriləcəkdir.