İİTKM: Vaksinə çıxış anlayışı iqtisadi və maliyyə xidmətlərinə çıxışla tam assosiasiya oluna bilər

Beynəlxalq Valyuta Fondu qlobal maliyyə bazarlarında cari trendlər və gələcək gözləntilər barədə proqnozlarını açıqlayıb.

Olaylar.az-ın məlumatına görə, hesabatdan çıxan nəticələri şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibov bildirib ki, BVF-nin hesabatından çıxan ən mühüm nəticə ondan ibarətdir ki, hazırki şəraitdə vaksinə çıxış anlayışı iqtisadi və maliyyə xidmətlərinə çıxışla tam assosiasiya oluna bilər: 

"Belə ki, indiki halda ölkələr üçün  vaksin resurslarının təmin edilməsi onların əhalisinin maliyyə və iqtisadi proseslərin bərpası nəticəsində yaranacaq xidmətlərdən istifadəsi şərtlərini müəyyənləşdirəcəkdir. BVF-nin iqtisadi analizləri vaksinasiya proseslərinin sürətlənməsinin iqtisadi bərpanın güclənməsi və aktivlərin qiymətinin enməsi ilə bağlı riskləri aradan qaldırdığını göstərir. Beləliklə, maliyyə sistemlərinin gələcək sabitliyi hazırki mərhələdə birbaşa olaraq pandemiya ilə mübarizənin səhiyyə çərçivəsində həll oluna bilmə səviyyəsindən asılı olacaqdır. Lakin bununla belə, vaksinasiya tam əlçatan olana qədər qlobal miqyasda implementasiyası davam edən fiskal və monetar siyasət üzrə dəstək tədbirlərinin realizasiyası tövsiyə olunur. Eyni zamanda, vaksinə çıxış imkanlarının ölkələrin siyasi çəkisi, maliyyə çatışmazlığı üzündən qeyri-bərabər olması, xüsusi ilə də inkişafda olan ölkələr üçün əlavə maliyyə sabitliyi problemləri ilə nəticələnə bilər və bu baxımdan, ölkələrə risklərə məruz qala biləcək məsələləri diqqətdə saxlamaq tövsiyə olunur. Bu ölkələrin vaksinasiya ilə təminatı beynəlxalq təşkilatlar və qlobal iqtisadi siyasət dizaynerləri üçün çağırış olaraq qalır".

Departament rəhbəri vurğulayıb ki, əks halda, təkcə 2017-2019-cu illərdə qlobal iqtisadi artımın 65 faizini təmin edən bu ölkələrdəki problemli məsələlər qlobal dəyər zəncirlərinə dağıdıcı təsir göstərə bilər ki, bu da pandemiyanı nəzarət altına alan ölkələrdə belə yeni maliyyə sabitliyi çağırışları formalaşdıra bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31