Öncə torpağı oğluna, sonra da oğlunu torpağa əmanət edən analar
28 Yanvar 2021 13:43 SosialAtalarımız, analarımız babalarımız yaşamışdı bizə miras qalan o torpaqlarda. Binalar, saraylar, məscidlər, türbələr tikmiş, yollar, körpülər salmış, sular çəkmiş, mədəniyyət yaratmışdılar. Həm də qorumuşdular, canları və malları hesabına. Əmanəti bizə təslim etmək üçün nə qədər can qurban vermişlər. Tariximizin hansı səhifəsini vərəqləsən şəhid qanı qoxar. Biz də o yerləri əcdadlarımızdan əmanət aldıq, üstündə xoşbəxt yaşamaq üçün, əkib-becərmək, quzumuzu otarıb, ocağımızı yandırmaq, xanamızı asıb xalımızı toxumaq üçün. Maddi və mənəvi sıxıntılarımızı, çıxarlarımızı bir kənara qoyaraq 10 milyon fərd bir nəfər olduq, sevgilə, əl və el birliyilə düşmənlərə qarşı yurdumuza sahib çıxdıq. Biz o sevgini iliyimizdən qanımızcan hiss edərək yaşadıq. İnsan sevdiyinə qovuşmağı necə həsrətlə, özənlə gözləyirsə, biz də o eşqlə sevdik və uğrunda ölməyə tələsdik. Övladlar ana qucağına qaçar kimi qaçdı ölümə. Bu gənc, çiçəyi burnunda oğullar nə aşqilərmiş, nə sevdalılarmış Vətənə...
Faiq Mehdi oğlu Adıgözəlov, 24 yaşlı gənc, nə yaşamışdı ki?! Bu körpə yaşında, bu körpə vaxtında namusumuzu, izzətimizi, şərəf və heysiyyətimizi qorumaq üçün həyatın parıltılarını aldırmadı. Vətən üçün ölmək qəhrəmanın ölümü deyil, ölümün qəhrəmanlığıdır. Faiq də onu seçdi, ona yaraşanı. Çünki qutsal dəyərlər uğrunda şəhid olmaq hər kişiyə deyil, ər kişiyə nəsib olur. Onlar vücudunu sipər edib, qanlarıyla vətənimizin mülkiyyət hüququnu yazdılar.

Faiq 1996-cı ildə Yevlaxın Nemətabad kəndində doğulmuşdu. Yaşıdları kimi oynuyur, qaçır, qoşur, xoşbəxt uşaqlığını yaşayırdı. Ailədə 3 qardaş idilər və evin sonbeşiyi Faiq idi. Üç oğul atası Mehdi Birinci Qarabağ müharibəsinin veteranıydı. Müharibənin nə demək olduğunu yaxşı bilirdi. Torpaqlarımızın uzun illər işğal altında olması, şərəf və heysiyyətimizin yağı ayaqlarının altında əzilməsi onun canını yandırıdı. Və böyütdüyü oğulun üçü də hərbçi oldu. Faiq orta məktəbi 2014-cü ildə bitirib həmin il humanitar kollecə daxil oldu. Gələcəkdə həyata keçirmək istədiyi arzuları, xəyalları vardı. Lakin təhsilini yarımçıq qoyub hərbi xidmətə yollandı və vətən borcunu yerinə yetirdikdən sonra həyatını həmişəlik hərb sənətinə bağladı. Bir örnək atası, böyük qardaşları idisə, digəri də içindəki ərlik, ərdəmlikdi, millətinin əzilən qüruruna üsyanıydı. Hərbi geyim də ona çox gözəl yaraşırdı.
İlk vaxtlar N saylı hərbi hissədə xidmətə başlayır. 2018-2019-2020-ci illərdə orduda atəş üzrə keçirilən yarışlarda birinci yeri tutur. Bundan başqa idmanın qaçış, hündürlükdən tullanma və digər növləri üzrə yarışlarında ilk yerləri tutur. Hərbi hissəyə medal, kubok və fəxri fərmanlar, ailəsinə sevinc, qürur, özünə isə güvən gətirir. Bakı və Qazaxıstan arasında keçirilən yarışlarda da yüksək nailiyyətlər əldə edir. Onu demək yerinə düşər ki, Ordumuzun bugünkü uğurunun təməli həmin günlərdə qoyulurdu. Gənclərimizin fədakarlıqları və vətən sevgilərilə.

2020-ci ildə Bolqarıstanda keçirikləcək yarışlarda iştirak etmək üçün təlimlərə başlasa da, sentyabrın 27-də başlayan Vətən müharibəsi Faiqin bu səfərdən imtina etməsinə səbəb olur.Qardaşları Mikayıl və Müşfiq kimi ilk gündən döyüşlərə qatılır. O, tank əleyhinə qumbara atan idi. Goranboyun Tapqaraqoyunlu, Tərətərin Talış, Suqovuşan kəndlərininin və Murovun dağətəyi istiqamətində gedən döyüşlərə qatılaraq mərdliklə vuruşurdu. Murovdağ döyüşlərində düşmənin bir neçə tank və zirehli maşınını sıradan çıxarararq ordumuzu qələbəyə yaxınlaşdırmışdı. Hər dəfə evə zəng edəndə anasına ürək-dirək verirdi: "Ana, vaxt olacaq oğlunla fəxr edəcəksən. Bax, səni azad etdiyimiz torpaqlarda qarış-qarış gəzdirəcəm. Sənin borcun vətən üçün oğul böyütmək, mənim də borcum o vətəni qorumaqdır". Qürurlandırmışdı anasını.
Faiqin nəşi Nemətəbada gətiriləndə bütün kənd, yaxın el-oba orada idi. İstədim anası Sevil xanıma yaxınlaşıb, bağrıma basım, dərdinə şərik olum. Bacarmadım. İlahi bir gözə nə qədər kədər toplana bilərmiş...
Can ay ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da...
Bu baxışda itib bütün mizanlar...
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da
Dərddən heykələ dönmüş Sevil ananın kədər dolu gözləri yadıma saldı bu misraları. Baxışın nələr demirdi, Sevil ana. Sən demə, baxışların da müqəddəsi olurmuş.
Şəhidin bibisi Zöhrə Adgözəlova ilə fikirlərimizi bölüşürük. Ona ürək-dirək verməyə çalışıram. Zöhrə Adgözəlova Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Yevlax rayon Komitəsinin sədri, Yevlax şəhər Yaradıcılıq evinin direktorudur. Cənab Prezidentin sərəncamı ilə əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür. Bilirdim ki, yaxınlarından müharibəyə düz 6 nəfər igid yola salmışdılar. Faiq, Sahil, Sərxan şəhid olmuş, qardaşı oğlu Tural hərbi əmri yerinə yetirərkən gözünün birini itirmiş, Müşfiq isə "N" saylı hərbi hissədə peşəsini davam etdirir. şücayətləri ilə müharibədə ad qoyub gəlmişdilər. Zöhrə xanım göz yaşları içində deyir: - Faiq, bu igid bala, tez-tez mənə zəng edərdi. Arada məhf etdiyi erməni tanklarından danışıb deyirdi: - Bibi, atalarını yandırırıq bu dığaların. Bir dəfə Murovdağ ətəyində İstisudan ləzzətlə içdiyi anı videoelentə alaraq mənə göndərmişdi: - Tezliklə qələbə ilə qayıdacağam. Bax, onda sənə bu İstisudan gətirəcəm, bibi.
Zöhrəni həmişə çox istəmişəm. Dövlətçi, vətənpərvər, sözü üzə deməyi bacaran, peşəsinin ustası, müraciət edənə kömək əli uzadan xanımdır. Hər kəsin qayğısına qalmaq sanki alın yazısı idi. Bəlkə elə buna görə kiminləsə əhd-peyman bağlamaq, ailə qurmaq heç yadına da düşməmişdi.
Sonuncu dəfə oktyabrın 8-də atası Mehdi Suqovuşana gedib, növbəti döyüşə hazırlaşan Faiqlə görüşür. Bu, onların son görüşü və oğlundan eşitdiyi son sözlər olur: - "Ata, özünüzdən muğayat olun, məndən qətiyyən narahat olmayın"
Elə həmin gün gözünün acısını alırmış. Axı, növbəti döyüşə gedəcəkdi. Onu yuxudan oyadan əsgərə: - Elə gözəl yuxu görürdüm ki... Şəhid olmuşdum, qardaş, şəhid,- deyə sevinclə bildirir. Sabahı günü oktyabrın 9-u idi. Qanlı döyüşlər davam edirdi. Faiq həmin gün də qəhrəmanlıqla düşməni yurdumuzdan qovub çıxarır. Amma həmin gün Suqovuşanda aldığı ağır yaradan Faiq qəhrəmanlıqla şəhid olur. Oktyabrın 10-da Yevlaxın Şəhidlər Xiayabanında dəfn edilir. Deyirlər, zaman hər yaranı sağaldır. Bəlkə də elədir. Amma bu sualın ən doğru cavabı bu yurdun Faiq kimi oğullarının analarının yanan ürəklərindədir. Yaraları sağalırmı, son nəfəslərinə qədər onları dağlayırmı, analar daha yaxşı bilir. Onu dəqiq bilirəm ki, bir zamanlar anası torpağı qorumağı oğluna əmanət etmişdi, indi oğlunu torpağa əmanət etdi.


Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti