Azərbaycan Dövlət Gömrük Komitəsi- 29- Yeniliklərə doğru və daim irəlidə

Gömrükçü dedikdə ağla yalnız çox çətin və məsuliyyətli, hətta bəzən təhlükəli iş şəraitində çalışan peşə sahibi gələ bilər. O peşə sahibi ki, gecəsini gündüzünə qatıb, peşənin ona verdiyi yükü, məsuliyyəti anlayaraq durmadan çalışır, inkişaf edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin  yaranmasından artıq 29 il ötür...Qos-qoca 29 il əslində  bir qədər böyük və dolğun səslənsə də,  çətin, bir o qədər də məşəqqətli, zaman-zaman imkansız görünən yollardan keçərək, günümüzdə bütün dünya standartlarına və müasir texnologiyaya cavab verən, daima bütün yeniliklərə açıq olan və ilklərə imza atan bir dövlət strukturu üçün  olduqca az və kiçik rəqəmdir.

Düz  29 il əvvəl, yəni 1992-ci ilin yanvarın 30-da sovet rejiminin dağılması və dünya sosializm sisteminin süqutu, baş verən total ideoloji qarşıdurmanın və bu zəmində həyata keçirilən "soyuq müharibə"nin başa çatması, yeni dövlətlərin müstəqillik qazanması və beynəlxalq hüququn subyektinə çevrilməsi kimi yaddaqalan hadisələrin fonunda Gömrük Komitəsi yaradıldı. Lakin o zamanlar hakimiyyətdə baş verən daxili çaxnaşmalar digər əhəmiyyətli qurumlar kimi Gömrük Komitəsinin də inkişafına mane olur, daima əngəllər yaradırdı.

Hələ 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti qurularkən, artıq bir müstəqil dövlətin nəznində yaradılan gömrük sisteminin də ömrü cəmi 23 ay çəkdi. Lakin XX əsrin sonunda təkcə Azərbaycanın deyil, dünyanın ümumi siyasi vəziyyətini dəyişməklə yanaşı, həm də beynəlxalq münasibətlər sistemində əsaslı transformasiyaların bünövrəsi qoyuldu, habelə, daxili strukturda köklü dəyişikliklərə gətirib çıxartdı.Təbii ki, artıq bu dəfə gömrük sisteminin öhdəsində cəmi 23 ay deyil, uzun bir yol dururdu.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin gəlişiylə müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoyuldu. Həmin vaxtdan etibarən, ölkənin ictimai-siyasi həyatında baş verən müsbətə doğru köklü dəyişikliklər digər sahələrdəki kimi Gömrük sistemində də yeni tarixi şərait, ölkəyə investisiya təyinatlı malların idxalının artımı xarici iqtisadi fəaliyyəti tənzimləyə biləcək çevik gömrük siyasətinin həyata keçirilməsini, bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığa sağlam rəqabət şəraitinin yaradılmasına təkan verdi.

H.Əliyev gömrük sisteminin inkişafı dedikdə, hər zaman üç vacib amili qeyd edirdi:

1) Xarici- iqtisadi əlaqələrdə vacib yer tutmaq

2) İqtisadiyyatın inkişafında mühüm rol oynamaq

3) Dünya arenasında Azərbaycanın nüfuzunu artırmaq

Artıq 29 ildir ki, bu üç vacib prinsip gömrük sisteminin əsas inkişaf yolunun açarı hesab edilir. Müstəqil dövlət kimi hər bir ölkənin dünya birliyində tutduğu mövqe və qazandığı nüfüz onun beynəlxalq, regional və milli səviyyələrdə reallaşdırdığı milli inkişaf xəttindən, həyata keçirdiyi siyasətin çevikliyindən, səmərəliliyindən və ətraf aləmlə yaratdığı effektiv geosiyasi münasibətlərin, milli inkişaf və təhlükəsizlik sahəsində yürütdüyü xarici və daxili siyasət strategiyasının əsas vəzifələrindən biri Prezident İlham Əliyevin söylədiyi kimi, ölkənin müstəqilliyini möhkəmlətmək, davamlı inkişafını və suveren dövlət hüquqlarını təmin etmək, beynəlxalq münasibətlərin əksər subyektləri ilə qarşılıqlı faydalı münasibətlərini yaratmaq və milli maraqlarını maksimum qorumaqdan ibarətdir.

Şübhəsiz ki, milli maraqların qorunması, milli təhlükəsizlik, xarici və daxili siyasət dedikdə, ölkəmizin iqtisadi tərəfdən dünya arenasında öz sözünü deməsi və təsdiq etməsində Azərbaycan Gömrük Xidmətinin misilsiz rolu var. Daxili iqtisadiyyat bazarının qorunmasında, yerli istehsalın və ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayan Azərbaycan gömrük orqanları dövlət başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, xüsusən bu sahənin inkişafına dair müvafiq dövlət proqramı çərçivəsində reallaşdırılan genişmiqyaslı tədbirlər nəticəsində ilbəil təkmilləşməkdədir. Dünyada baş verən qlobal inkişaf tendensiyaları ölkədən ixrac və idxal, həmçinin loqistik prosedurları asanlaşdırmaq üçün gömrük strukturunun qarşısına yeni öhdəliklər və tapşırıqlar qoyur.

Azərbaycanın Gömrük xidməti mükəmməl hüquqi bazaya malik olmaqla,ölkənin fiskal siyasətini müvəffəqiyyətlə həyata keçirir və onun quru, hava və dəniz alanında təhlükəsizliyini qorumaqla dövlətin ən vacib institutlarından birinə çevirir və bu zaman texnoloji innovasiyalar sistemin fəaliyyətində dominant rolunu oynamağa zəmin yaradır. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) tətbiqinə əsasən 1999-cu ildən başlanılıb. Həmin ilin yanvarından etibarən Dövlət Gömrük Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması" layihəsi uğurla həyata keçirilib. Bu proqramın həyata keçirilməsi sayəsində "Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar olunmuş hüquq pozuntularının qeydiyyatı və nəzarətinin Avtomatlaşdırılmış Sistemi", "Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında məlumatların qeydiyyatı, göndərilməsi, alınması, nəzarətdə saxlanılması və nəzarətdən çıxarılması işinin təkmilləşdirilməsi məqsədilə avtomatlaşdırılmış sistemi", eləcə də "Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin avtomatlaşdırılmış sistemi" və Risklərin Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tətbiqinə başlanılıb. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti 11 noyabr 2008-ci ildə "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" fərman imzalayıb. Bu fərmanın tələblərinə görə sərhəd-keçid məntəqələrində "bir pəncərə" prinsipinin həyata keçirilməsində məsul tərəf Dövlət Gömrük Komitəsi müəyyən edilib. "Bir pəncərə" prinsipinin tələblərinə uyğun olaraq Gömrük Komitəsi ilə digər dövlət orqanları və nazirliklərlə məlumat mübadiləsinin həyata keçirməsi təmin edilib. Bu isə öz növbəsində məntəqələrdə yoxlama dövrünü azaltmağa imkan yaradıb.

Azərbaycanda tətbiq olunan "bir pəncərə" prinsipinin hüquqi əsasları 2012-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsində də öz əksini tapmışdır. Ölkələr arasında bu yenilikləri fərqləndirən cəhət, sistemin reallaşma müddəti və özünəməxsus detallardan ibarət olmasıdır. Ümümilikdə götürsək, prinsip eynidir. Buna görə də "Elektron gömrük" təkcə bir neçə ölkənin vahid bir pəncərə altında formalaşması deyil, eləcə də "gömrük birliyi"nin uğurlu gələcəyi deməkdir. Ölkəmizdə müasir informasiya sisteminin yaradılması beynəlxalq təcrübəyə əsaslanır və bu istiqamətdə mərhələli şəkildə addımlar atılır. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli imzaladığı Fərmanda, yaradılan publik hüquqi şəxslərin elektron xidmətlərindən "bir pəncərə" prinsipi əsasında istifadənin təşkili üçün "elektron hökumət" portalının təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması, dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlərindən geniş istifadə edilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "Elektron Hökumət"in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, "Elektron Hökumət" portalı hazırlanaraq istifadəyə verilib. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.

Elektron bəyannamənin əsas üstünlüyü sənədsiz texnologiyadır, bu da kağız sənədlərinin axınından xilas olmaq, zəruri prosedurlardan keçmək üçün lazım olan vaxtın qısaldılması, gömrük rəsmiləşdirilməsi nöqtələrində növbələrin azalması, həmçinin gömrük rəsmiləşdirilməsini asanlaşdırmaq və sürətləndirmək, ümumi xərcləri minimuma endirməyə gətirib çıxarır. Kompüter bildiyimiz kimi rüşvət almır, bu da, öz növbəsində hər hansı bir sui-istifadə ehtimalı hallarını minimuma endirir. Bundan başqa idxalçı gömrük müfəttişi ilə birbaşa əlaqə qurmur. Gömrük prosedurları sistemləşdirilərək, sərhəddən-buraxılışa qədər prinsipi əsasında tam olaraq avtomatlaşdırılıb və bir qədər sadə mexanizmlə həyata keçirilir.Yəni, Bəyannamə yazan gömrük bəyannaməsini doldurur, onu rəqəmsal imza ilə təmin edir, digər zəruri məlumatları daxil edir və bu məlumatı regional gömrük orqanlarına mesaj şəklində göndərir. Həmçinin, elektron imza mövcudluğu bu məlumatın hüquqi cəhətdən qüvvəyə malik olduğunu göstəricisir.Daha sonra elektron bəyannaməni qəbul edən gömrük müfəttişi bildirilən məlumatı yoxlayır və bəyan etmədən sonra ödənişləri qəbul edir və malların sahibinə sərbəst buraxılmasına qərar verir.Sxem sadə və aydındır. Bütün bunlar Dövlət Gömrük Komitəsinin təşəbbüsü və imkanları nəticəsində yaradılan "Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi - VAİS" vasitəsilə həyata keçirilir.Hazırda DGK tərəfindən vətəndaşlar üçün bir sıra elektron xidmətlər - gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsi (GÖÖEN), ilkin məlumatlandırma, gömrük orqanlarına xidmətə qəbul, idxal-ixrac əməliyyatları, nəqliyyat vasitəsi üçün uyğunluq sertifikatı, e-Sərnişin Bəyannaməsi fəaliyyət göstərir.

Gömrük xidmətinin birləşmə sistemi gömrük orqanlarının səlahiyyət və gücünü artırmaq üçün əsas addımlardan biridir.Bu yanaşma təkcə informasiya vahidlərinin deyil, həm də mərkəzi aparatın idarəetmə səviyyəsinin dəyişməsinə gətirib çıxarır.

Ölkəmizdə müasir vahid informasiya sistemininin yaradılmasının bir çox üstünlükləri var. Ən vacib üstünlüklərdən biri Azərbaycanın qlobal iqtisadi informasiya proseslərində tam inteqrasiya edərək, bu məkanın tərkib hissəsinə qoşulmağa imkan yaradır. Habelə, beynəlxalq, yerli və regional səviyyədə informasiya mübadiləsi sisteminin inkişafını genişləndirməklə elmi-texniki və mədəni inkişaf səviyyəsinin artırılması, vətəndaşların və dövlət qurumların məlumatları sərbəst qəbul etmək və yaymaq, dövlətin demokratik inkişafı üçün zəmin yaradır.

Gömrük Komitəsi artıq illərlə sübut edir ki, düzgün qurulmuş yeni texnologiyalara cavab verən sistem, gömrük rüsumlarının toplanmasının artımına, həm də idxalçı və yaxud da gömrük orqanlarının vəzifəli şəxslərinin yol verdiyi pozuntuların sayının azalmasına gətirib çıxarır. Gömrük prosedurlarının real şəkildə sürətləndirilməsi və sadələşdirilməsi sahibkarlara ticarətin həcmini artırmaq və xərcləri azaltmaq imkanı verir. Yeniliklərə doğru addım atmaq, daima bir addım irəlidə olmaq deməkdir.

Aysel  Oğuz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31