Azərbaycanda nazirlik əməkdaşlarına silahlı hücum: Yaralananlar var

Yanvarın 27-də Qızılağac Milli Parkının mühafizə müfəttişinə qarşı zor tətbiq olunması ilə bağlı Lənkəran rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluqdan "Olaylar"a verilən məlumata görə, araşdırmalarla 27 yanvar 2021-ci ildə saat 23 radələrində Qızılağac Milli Parkının mühafizə yegerləri Zahir Bəşirov, Ceyhun Mustafayev və mühafizə müfəttişi Natiq Rzazadənin qanunsuz ov edən şəxslərin müəyyən edilməsi məqsədilə qeyd edilən parkda xidməti vəzifələrini icra edərkən naməlum şəxs tərəfindən ov tüfəngindən atəş açaraq sonunculara xəsarət yetirilməsi müəyyənləşib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

"27 yanvar 2021-ci il tarixində gecə saatlarında Qızılağac Milli Parkının Kiçik Körfəz ərazisinə icazəsiz daxil olan və ova cəhd edən naməlum şəxslər xidməti vəzifələrini yerinə yetirən milli parkın əməkdaşlarına atəş açıb."

Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, milli parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyerlər mühafizə yegerləri Ceyhun Mustafayev, Zahir Bəşirov və sahə müfəttişi Natiq Rzazadəyə bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb.

"Yaralanan mühafizə işçiləri Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda müalicələri davam etdirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Daha ətraflı məlumat araşdırmadan sonra veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31