Azərbaycanda güclü vətənpərvər gənclər ordusu formalaşıb
7 Yanvar 2021 16:43 SosialMillətə, dövlətə, Vətənə sadiq, vətənpərvər gəncliyin formalaşdırılması hər bir ölkə üçün xarakterikdir. Çünki birmənalı olaraq qeyd etmək lazımdır ki, hər bir dövlətin, millətin gələcəyi onun gənclərindən asılıdır. Digər tərəfdən gənclər gələcəkdə dövlətin əsas idarəetmə qüvvəsi olduğu üçün bu təbəqənin insanları ilə daha yaxından işləmək, onlara ünvanlanmış və onları əhatə edən addımların atılması zəruridir.
Gənclərin dövlətə, millətə sadiq, vətənpərvər ruhda tərbiyəsi üçün ən başllca diqqət edilməli olan məqam onların milli mənlik şüurunun inkişaf etdirilməsidir. Milli mənlik şüuru formalaşdırılmayan, tarixini, keçmişini bilməyən gənclərin gələcəkdə dövlət idarəetməsində uğur qazanacağı, yaxud dövləti arzu olunan səviyyədə idarə edəcəyi də mübahisə predmetidir. Çünki belə gənclər cəmiyyətin istəyindən asılı olub-olmayaraq gənc olduqları dövrdəki kimi dövlət idarəsinə keçəndə də bir qayda olaraq xarici təsirlərin girovuna çevrilir, öz ölkələrinin müstəqil şəkildə inkişafı üçün qərarlar qəbul edə bilmirlər. Təbii ki, belə gənclər öz növbəsində vətənpərvər də ola bilmirlər. Nəticə etibarilə ölkədə kosmopolit, milli şüur, milli-mənəvi dəyərlərdən uzaq gənclik formalaşır.
İndi isə Azərbaycan reallığına nəzər yetirək. Diqqət edək ki, Azərbaycanda qeyd etdiyimiz sahədə vəziyyət necədir? Ümumiyyətlə, Azərbaycan gənci nə dərəcədə vətənpərvər, milli mənlik şüuruna, milli-mənəvi dəyərlərə bağlıdır? Etiraf etmək lazımdır ki, son 20-25 il üçün bu məsələ ilə bağlı müsbət fikir söyləmək doğru olmazdı. Çünki müstəqilliyin ilk illərində bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də vəziyyət qənaətbəxş deyildi, Azərbaycan gənci nəinki vətənpərvər ruhda böyüyür, tərbi alır, hətta mili-mənlik şüurundan, milli- mənəvi dəyərlərdən belə çox-çox uzaq idi. Ona görə də Birinci Qarabağ savaşında 20 faiz ərazilərimizin itirilməsi acı reallığı ilə barışmalı olduq. Həmçinin ölkədə mövcud olan hərc-mərclik, gənclərin diqqətdən kənarda qalması, onların öz problemləri ilə baş-başa buraxılması xarici dairələrin, Azərbaycana sirayət etmək marağında olan dövlətlərin kəşfiyyat orqanlarının asanlıqla daxilimizə sızmasına, gəncləri öz tərəflərinə çəkməsinə münbit zəmin yaradırdı. Nəticə etibarilə Azərbaycan gənclərindən dövlətə, Vətənə xəyanət edən bir qrup formalaşdırılır, hətta bəzi hallarda onlardan terrorçu belə hazırlanırdı. Müstəqillik illərində ölkədə baş verən bir neçə terror aktı və həmin terror aktını həyata keçirənlərin əsas etibarilə gənclərdən ibarət olması da deyilənlərin təsdiqi idi. İstintaq materialları da təsdiq edirdi ki, xarici xüsusi xidmət orqanları, ayrı-ayrı ölkələrin yaratdığı və ya himayə etdiyi terror təşkilatları asanlıqla Azərbaycana sızıb burada özlərinə gənclərdən ibarət şəbəkə formalaşdıra və lazım gələndə həmin gənclərdən nəzərdə tutduqları terror aksiyalarında istifadə edə biliblər.
Sevindirici hal ondan ibarətdir ki, artıq yuxarıda qeyd etdiyimiz mənfi tendensiyalar arxada qalıb. İndi nə xarici xüsusi xidmət orqanları, terror təşkilatları asanlıqla Azərbaycana sirayət edib gəncləri öz tərəfinə çəkib onlardan müxtəlif terror aktlarında istifadə edə bilir, nə də gənclər özləri könüllü şəkildə xarici dairələrin tələsinə düşə bilirlər. Düzdür, cüzi də olsa istisnalar var və bunu inkar etmək doğru olmazdı. Ancaq bütün halda hazırkı vəziyyət 20-25 il əvvəldən xeyli fərqlidir, müsbət dinamikayla ölçülə bilər. Təbii ki, bu da əsas etibarilə gənclərin özlərindən və onlara yaradılan şəraitdən asılıdır. Bu gün Azərbaycan gənci Allah ümidinə buraxılmayıb, onlar dövlətdən ayrı düşməyiblər ki, xarici dairələr gənclərimizi asanlıqla tora salıb onlardan öz çirkin məqəsdləri üçün istifadə etsinlər, yararlansınlar. Bu gün Azərbaycan gənci hərtərəfli dövlət qayğısı ilə əhatə edilib. Onlar öz problemləri ilə başlı-başına buraxılmayıb. Ona görə də indi gənclərimiz daha vətənpərvər, milli ruha xas bir şəkildə inkişaf edirlər.
Bu birmənalıdır ki, Azərbaycan gəncinin bu günkü səviyyəyə gəlib çatmasında, onların dövlət qayğısı ilə əhatə olunmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Elə bu gün də ulu öndərin gənclər siyasətinin uğurla davam etməsinin nəticəsidir ki, Azərbaycanda çox güclü, vətənpərvər gənclər ordusu formalaşıb. Biz bu gücü, qüvvəti, vətənpərvər gənclər ordusunun nəyə qadir olduğunu 2016-cı ildən görə-görə gəlirik. İstər 2016-cı ilin Aprel döyüşləri zamanı, istər Tovuzda baş verən erməni təxribatı və bu təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələr endirməsi ərəfəsində, istərsə də 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan gəncliyinin nə dərəcədə vətənpərvər, dövlətinə, millətinə, xalqına, eyni zamanda Ali Baş Komandanına bağlı, bütün bunlar üçün gözlərini qırpmadan ölümə getməyə hazır olduğunu gördük.. Məhz həmin gənclərin vətənpərvərlik ruhu, dövlətə, xalq olan sevgisi, məhəbbəti, eyni zamanda milli şüura bağlılığı bizi 30 ilə yaxın işğal altında olan ərazilərimizə qovuşdurdu, erməni işğalı altında olan şəhər və rayonlarımız düşməndən təmziləndi, məhz vətənpərvər gənclərimiz sayəsində öz əvvəlki sahiblərinə qaytarıldı.
Azərbaycan gənclərinin vətənpərvər ruhda böyüməsi, dövlətinə, millətinə, xalqına bağlı olmasını şərtləndirən əsas amillərdən biri onlardan əvvəlki nəsilə, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən igidlərimizə, gənclərimizə dövlət tərəfindən yüksək diqqət və qayğının göstərilməsidir. Ramil Səfərov, Mübariz İbrahimov, Fərid Əhmədov, Polad Həşimov, eləcə də digər bu kimi nümunələr, daha dəqiq desək torpaqlarımızın azadlıq və bütövlüyü, milli qürurumuz naminə canlarını fəda etməkdən çəkinməyən vətən övladlarına göstərilən yüksək səviyyəli dövlət qayğısı, diqqətin nəticəsidir ki, bu günkü Azərbaycan gənci vətənpərvərdir, kökünə, elinə, obasına bağlıdır. Və bu müsbət tendensiya, ümumi maraqlarımıza xidmət edən fəaliyyət bu gün də davam edir, gənclər öz qəhrəmanları ilə fəxr edərək, onlarla qürur duyaraq Vətənin müdafiəsində yaxından iştirak edirlər. Əgər müstəqillik illərinə qədər, eləcə də müstəqilliyin ilk illərində Azərbaycan gəncinin qəhrəmanı, kumiri xarici aktyorlar, filmlərdəki döyüş səhnələrinin baş rol ifaçıları idisə, bu gün onları səfərovlar, ibrahimovlar, əhmədovlar, həşimovlar əvəzləyib. İndi hər bir Azərbaycan gənci soyadlarını qeyd etdiyimiz qəhrəmanlarımızla qürur duyur, onların fotoları gənclərimizin mənzillərində, avtomobillərində əksini tapır. Bu gün Azərbaycan gənci məhz həmin qəhrəmanlara oxşamaq , onların dövlət, Vətən, xalq üçün etdiklərini təkrarlamaq, tarix yazmaq istəyirdilər. Və həmin tarix də yazıldı. Sentyabrın 27-də ermənilərin cəbhədə növbəti təxribatına qarşı əks-hücum əməliyyatı keçirən Azərbaycan Ordusu 44 gün ərzində düşmənin silahlı birləşmələrini darmadağın edərək işğal altında olan əksər şəhər və rayonlarımızı öz canları, qanları bahasına düşməndən azad etdilər. Azərbaycan Ordusunun şəxsi heyətindən əlavə on minlərlə gəncimiz döyüşlərin başladığı ilk gündən könüllü şəkildə ordu sıralarına qoşularaq düşmənlə döyüşə, işğal atında olan ərazilərimizi azad etməyə yollandı. Məhz Azərbaycan gəncinin yüksək səviyyədə olan vətənpərvərliyi və Silahlı Qüvvələrimizin düzgün istiqamətdə qurulması, modernləşməsi, ən əsası Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevin yüksək bacarığı və taktiki gedişləri 44 günlük Vətən müharibəsindən Azərbaycanı qalib ayırdı.
Bu gün Azərbaycan gənci Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə qürur duyduğu kimi, dövlət başçısı da öz növbəsində vətənpərvər gənclərdən fərəhlənir, qürurlanır. 44 günlük Vətən müharibəsindən sonrakı günlərdə Azərbaycan Prezidentinin Vətən müharibəsində iştirak edən mütləq əksəriyyət zabit və əsgərləri mükafatlandırması da bunun əyani sübutudur. Bununla dövlət başçısı gənclərdə vətənpərvərlik hisslərini bir qədər də artırmış olur. Azərbaycan gənci də öz növbəsində onun əməyinibn yüksək səviyyədə qiymətləndirilməsindən dolayı daha da vətənpərvər, dövlətə, millətə, xalqa bağlı olaraq böyüyür, inkişaf edir. Elə zaman-zaman Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də gənclərimizə məhz bunu aşılayır və çıxışlarında hər zaman gəncləri daha vətənpərvər olmağa çağırırdı. Bu mənada dövlət başçısı qeyd edirdi: "Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görəki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bu günkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəmki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir".
Süleyman
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.