Şəhidlik zirvəsinə ucalmaq şərəf və qürurdur

Hər bir şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur

Hər bir şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu sözün əsil mənasında gənclərimizə örnəkdir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə minlərlə igid oğullarımız və qızlarımız şəhid oldu. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.

Etiraf edək ki, Azərbaycanda şəhid ailələrinə və onlara bərabər tutulan şəxslərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Hətta bu məqsədlə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında qanun da qəbul edilib. Qanunda əksini tapan qaydalar  Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.

Yeri gəlmişkən qeyd edək ki, Qarabağ müharibəsində şəhid olmuş hər bir qəhrəmanımız Vətən sevgisindən, xalqımızın qəhrəmanlıq ənənələrindən, hərbi şöhrət tariximizdən, ordu quruculuğundakı uğur və nailiyyətlərimizdən xəbər verir. Azərbaycanın müstəqilliyi uğrunda döyüşlərdə canlarından keçən Vətən övladlarının əbədiyaşarlığı, müharibədə sağlamlıqlarını itirən igidlərimizin, şəhid ailələrinin dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunması onların millət və xalq üçün nə qədər əziz olduğunun nümuməsidir. Şübhəsiz ki, şəhidlik zirvəsinə yüksələn igidlərimizin göstərdikləri qəhrəmanlıqlar ordu ilə xalqın birliyinin daha da möhkəmlənməsinə xidmət edir, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna rol oynayır. Elə bu səbədən də xalqımız onların adının uca tutulması üçün bir sıra tədbirlərə əl atırlar. Belə tədbirlərdən biri də avtomobillərə şəhid hərbiçilərimizin fotolarının vurulmasıdır ki, belə hallar  son vaxtlar daha çox yayılıb. Heç şübhəsiz ki, bu yanaşma insanların şəhidlərə olan hörməti, onların qəhrəmanlığının təbliği məqsədilə tətbiq edilsə də bəzi sürücülər şəhid hərbiçilərimizin şəkillərini avtomobillərinin şüşələrinə yapışdırmaqla şəhidlərə olan hörmət və ehtiramlarını nümayiş etdirmək istəsələr də yol hərkəti qaydaları baxlmından çətinliklər yaradırlar. Daha dəqiq, bu zaman şüşələrin qapanması avtomobillərin idarəetməsində ciddi risk və çətinliklər, hətta qəza şəraiti yaradır. Odur ki, hər bir vətəndaş etdiyi hərəkətin şəhid adına layiq olduğunun fərqində olmalıdır. Başqa sözlə, hər bir sürücü dərk etməlidir ki, şəhidlər həm də onların təhlükəsizliyi, dinc həyatı uğrunda canlarını fəda ediblər, avtomobillərin idarəedilməsində süni şəkildə görmə məhdudiyyəti yaratmaq, bununla həm özünü, həm sərnişinləri, həm də piyadaları qəza şəraitinə sürükləmək, yol hərəkəti iştirakçılarına qarşı bədbəxt hadisələrə səbəb olmaq heç bir halda məqbul hesab edilə bilməz. Digır tərəfdən, şəhidlər yüksək ehtirama və hörmətə layiqdir, onların şəkillərinin avtomobillərin gün-yağış tutan hissələrinə vurulması, həmin şəkillərin orada solması, çirklənməsi, deformasiyaya uğraması bu  münasibətə uyğun gəlmir. Bəzi sürücülər isə şəhid hərbiçilərimizin şəkillərini avtomobillərinin şüşələrinə yapışdırmaqla yüksək sürət və digər qanunazidd əməllərlə yol hərəkətini kobud surətdə pozmağa, bu fotolardan sui-istifadə etməyə çalışır ki, bu da yolverilməzdir və ictimaiyyətin haqlı narazılığına səbəb olur. Məlumata görə, məhz bu kimi amillər nəzərə allnaraq şəhid ailələri də Dövlət Yol Polisinə müraciət edərək onların övladlarının şəkillərinin bu cür istifadəsinin arzuolunmaz olduğunu bildiriblər.  Qeyd edək ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Hazırda Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur. Bu borcu layiqincə yerinə yetirmək üçün məsuliyyət hissinin artırılmasına ehtiyac duyulur.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31