"Kütləvi ibadət edilən ölkələrdə virusa yoluxanların sayında sürətli artım var"  - AÇIQLAMA

"Praktika onu göstərdi ki, yas mərasimlərində kütləvi yığışma infeksiyaya yoluxma sürətini kəskin artırır, həm də dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılmış ölkələrdə koronavirusa yoluxanların və ölənlərin sayında sürətli artımlar müşahidə edilir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olan deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, pandemiya dövründə əsas tələblərdən biri insan təmasının azadılmasıdır, bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi xüsusi qaydalar içərisində sosial məsafəni saxlamaq və tibbi maskadan istifadə etmək ön sıradadır: "İnsan təmasının azaldılması məqsədilə dövlətlər ölkələrdə karantin rejimləri tətbiq edir. Bu, karantin rejiminin tələblərinə uyğun olaraq ölkələrdə kütləvi ictimai tədbirlərin dayandırılmasından başlanılır. Azərbaycan pandemiyaya çox həssas yanaşan, insanların sağlamlığını hər şeydən üstün tutan ölkələrdəndir. 6 aya yaxın bir müddətdir ki, iqtisadiyyatın bir çox sektorlarında fəaliyyət dayandırılmış və ya da qismən davam etdirilməkdədir. Təşkilatlara işçi personalının 50 faizə endirilməsini tövsiyyə olunmuşdur. İctimai-mədəni, kütləvi tədbirlər qadağan edilmişdir. Bu, bütün dünyada belə qəbul olunmuşdur. Azərbaycan da dünyanın bir parçasıdır və pandemiya ilə mübarizədə ən effektiv təcrübəni ölkəmizdə tətbiq edirik".

Millət vəkili xüsusilə vurğulayıb ki, praktika onu göstərdi ki, yas mərasimlərində kütləvi yığışma infeksiyaya yoluxma sürətini kəskin artırır, həm də dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılmış ölkələrdə koronavirusa yoluxanların və ölənlərin sayında sürətli artımlar müşahidə edilir: "Ona görə də pandemiya başa çatana qədər dini ibadət yerlərinin qapalı qalması, məscidlərdə kütləvi namaz qılmaq və digər tədbirlərin keçirilməsi qadağan olunmuşdur. Bu gün dünyada və ölkədə pandemiya təhlükəsi ilə bağlı vəziyyəti hamı görür. Xüsusilə də, dinə ibadət edət insanlar bunu daha yaxşı dərk etməlidirlər. Müqəddəs dini kitablarda da insan sağlamlığı üçün təhlükəli halların yolverilməzliyi haqqında yazılmışdır".

Azər Badamovun fikrincə, bununla əlaqədar ardıcıl olaraq televiziya kanallarında və mətbuatda təbliğat və əhalinin maarifləndirilməsi işləri davam etdirilməlidir: "Bununla yanaşı düşünürəm ki, dövlət tərəfindən aparılan maarifləndirmə işləri dini ibadət yerlərində kütləvi tədbirlərin keçirilməsində mənfi təsirlərinin aşılanmasında kifayət deyil. Bu işə din adamların da cəlb olunmasını vacib hesab edirəm. Ölkəmiz dini bayramlarla zəngindir. Ona görə də mütləq şəkildə bu maarifləndirmə işlərinə dini icmaların rəhbərlərinin, dini elmli adamların cəlb olunması vacibdir. Dindarların dilindən pandemiyanın potensial təhlükəsi haqqında eşidiləndə dinə inanclı şəxlər daha yaxşı başa düşərlər və qəbul edərlər. Xüsusilə də, qabaqda Məhərrəmlik ayı gəldiyini nəzərə alaraq, televiziya kanallarında dini alimlərin iştirakı ilə dindarları kütləvi tədbirlərdən çəkindirməklə bağlı maarifləndirici aktual verlişlərin keçirilməsini vacib hesab edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31