Aşura mərasiminin izdihamla keçirilməsi cəmiyyətimiz üçün böyük təhlükədir

Məhərrəm ayı hicri-qəməri ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay Həzərt Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura - Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub.   Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn (ə) həyat və mübarizəsinin yad edilməsi müsəlmanlar üçün olduqca böyük əhəmiyyət kəsb edir. Həmin gün ölkədə Kərbala faciəsi xatırlanır, yad edilir. Dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir, heç bir yerdə qəbul olunmur  və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir. Bu ayda küsülülərin barışması, yetimlər evinə getmək islam aləmində çox dəyərlidir. Aşura mərasimində məsciddə keçirilən təziyə məclisində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunur, həmçinin vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilir. Son illərdə isə təziyə günlərində irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədilə qanvermə aksiyalarının təşkil olunması adət halını alıb. Çox təəssüf ki, bu il Məhərrəmlik ayı və Aşura bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Şübhəsiz ki, belə bir şəraitdə dini ayinlərin kütləvi şəkildə, özü də qapalı məkanlarda təşkil olunması koronavirusa yoluxanların sayının artmasına səbəb ola bilər. Bəs Aşura günü dini ayinlərin hansı qaydada keçirilməsi tövsiyyə olunur?

Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız Qafqaz Müsılmanları İdarəsinin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, vətən təəssübü və milli mənafelərimizin təbliğinə ciddi çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir, İmamın (ə) və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Lakin reallıq ondan ibarətdir ki, hazırki şəraitdə sadalanan tədbirlərin hamısını həyata keçirmək qeyri-mümkündür. Çünki, pandemiyanın geniş yayıldığı bir məqamda belə kütləvi tədbirlərin keçirilməsi koronavirusa yoluxma ehtimalını artırır. Nəzərə almaq lazımdır ki,

Azərbaycan dövlətinin üzərinə əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm vəzifə düşür. Azərbaycan möminləri, inanclı şəxslər dövlətin bu sahədə qəbul etdiyi qərarlara böyük hörmətlə yanaşır, gördüyü işləri yüksək qiymətləndirir və yüksək məsuliyyət və intizamlı davranışla qlobal bəla ilə mübarizəyə güc qatırlar. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb. Cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən "Aşura" günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməz hesab olunur. Odur ki, hər bir kəs bu qırarı anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməlidir. Çünki, Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər. Xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək başlıca şərtdir.

Xatırladaq ki, koronavirusa yoluxma sayının azalması məqsədilə bir sıra dini ayinlər təxirə salınıb. Belə ki, İslamın vacib şərtlərindən biri olan Həcc ziyarəti dayandırılıb. Ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla, bu il Azərbaycanda Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazları qılınmayıb. Mövcud vəziyyətdə Aşura mərasiminin məscidlərdə qeyd olunmamasında da qeyri-adi səbəb yoxdur. Bu, kütləvi tədbirlərlə əlaqədar bu vaxta qədər verilmiş qərarların məntiqi davamıdır. O da faktdır ki, bütün möminlər bunu anlayışla və həmrəyliklə qarşılayırlar. Qeyd edək ki, hazırda bütün dünya ölkələri koronavirusdan xilas olmaq məqsədilə kütləvi tədbirləri arxa plana keçiriblər. Hazırda dünya ölkələrində kütləvi tədbirlər qadağan olunub, insanların bir yerə toplaşması prosedurlarını tənzimləyən xüsusi qaydalar tətbiq edilib. Ümumdünya Səhiyyə Təşkilatı, ekspertlər izdiham, mitinq, ayrı-ayrı mərasimlərin insan həyatı üçün ölümcül təhlükə olduğuna dair ardıcıl açıqlamalar, bəyanatlar verirlər.

Eyni zamanda İslam dinində insan sağlamlığına ziyan vuran bütün tədbirlərin reallaşdırılması məqbul sayılmır. Əksinə, Müqəddəs Qurani-Kərim daim birlik və bərabərliyə, sosial məsuliyyətə və xeyirxahlığa çağırır. İnsan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir və onun yerinə yetirilməsi ilə bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşür.  Qeyd etmək yerinə düşər ki, bir müddət öncə Bakıda keçirilmiş aksiyada minlərlə insanın iştirak etməsi sanitar-epidemoloji vəziyyətə mənfi təsir göstərdi. Buna görə də, kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir. Məhz bu baxımdan hesab etmək olar ki, Azərbaycan xalqı din xadimlərinin bu çağırışını da anlaşıqlıqla qəbul edərək, özlərinin və din qardaşlarının sağlamlığının qorunmasına öz töhvələrini verəcəklər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31