Hər gün anlayış, hər yer sağlamlıq yeri… Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

xüsusi  olaraq  Olaylar.az  saytı  üçün 

Bu il Məhərrəmlik ayı və Aşura, koronavirusla bağlı yaranmış təhlükəli - olduqca təhlükəli ortama təsadüf edir. Doğrudur, pandemiya aşağı-yuxarı, bütünlüklə planeti əhatə edir, lakin Aşura mərasimləri, müsəlmanların, daha doğrusu, şiə təriqətinə mənsub əhalinin çoxluq təşkil etdiyi ölkələri əhatə edir; Allahın sonuncu elçisinin son müqəddəs kitabla müjdələdiyi İslam ümməti, din, təriqət mənsubluğundan asılı olmayaraq, insanların sağlamlığına, hər bir bəşəri çağırışlara daha çox töhfə vermək imkanındadır. "Quran" insanları birliyə, bərabərliyə, həmrəyliyə, sosial məsuliyyətə və xeyirxahlığa çağırır. Yəni, insan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biri kimi təsbit olunub və bu təsbit olunmuş şərtin yerinə yetirilməsi ilə bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşür.

Əlbəttə, əhalisinin mütləq çoxu İslam dininə mənsub olan ölkəmiz, bu planda özünəxas gələnəklərə, potensiala malikdir. Azərbaycan dövlətinin üzərinə əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi kimi çox önəmli, məsuliyyətli və şərəfli görəv düşür. Bir vətəndaş, bir yazar olaraq, özəlliklə vurğulamaq istərdim ki, Azərbaycan din xadimləri, möminlərimiz, inanclı vətəndaşlarımız müstəqil dövlətimizin bu plandakı qərarlarına sayğı ilə yanaşır, dövlətin gördüyü işləri yüksək qiymətləndirir. Biz dövlətin, dövlət xadimlərinin, məmurların məsuliyyətini qeyd etdik, onu da vurğulamalıyıq ki, din xadimlərimiz, möminlərimiz, sadə vətəndaşlarımız da, öz yüksək məsuliyyət və intizamı ilə qlobal problemlə mübarizə gücümüzə güc qatır. - Bu özü, dövlət-xalq birliyinin, vətəndaş-dövlət münasibətlərindəki səmimiyyətin bir örnəyini təşkil edir və əlbəttə, xoşdur, qürurvericidir.

Bəlli olduğu kimi, ÜST nüfuzlu bir beynəlxalq qurum olaraq, habelə ayrı-ayrı tanınmış ekspertlər pandemiya dönəmində izdihamların, nümayişlərin, mərasimlərin insan həyatı üçün ölümcül təhlükə riskini artırdığına dair ardıcıl açıqlamalar verir.

Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı, habelə, digər milli və dövlət bayramlarımız, əlamətdar günlərimiz zamanı şüurlu şəkildə, kütləvi tədbirlər, mərasimlər keçirmədik; İslamın vacib şərtlərindən olan Həcc ziyarəti dayandırılıb. Deməli, mart ayından bu yana davam edən pandemiya dönəmində davranmağın özünəməxsus təcrbəsini qazanmışıq; başa düşürük ki, Aşura ilə bağlı kütləvi dini tədbirlərin, mərasim ayinlərinin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura bilər - durumun yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləş­dirilməsinə səbəb ola bilər.

Bu sətirlər yazılarkən Azərbaycanda koronavirus gündəliyi beləydi:

-"COVİD-19" infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb; 

-162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb;

-"COVİD-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib;

-İndiyədək ölkədə ümumilikdə 34620 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32363 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, 1747 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir;

-Avqust ayının əvvəlində 5 minin yuxarısında olan mövcud yoluxma sayı 1700-dək azalıb;

-Ölkədə sərhədlər, ibadətxanalar və ticarət mərkəzləri avqustun 31-nə qədər bağlı olacaq.

Doğrudur, iyul ayında bir gündə yoluxma sayının 600-ə yaxınlaşdığı günlər olmuşdu, ona baxanda 162 təhlükəli görünmür; lakin yolixmanın beş-altı gün öncə yetmiş-səksənlərə düşdüyünü nəzərə alsaq, demək, son yumşalmalar özlüyündə nə qədər xalqcanlı olsa da, sadə tələblərin gözlənməməsi halları da artmış olub ki, bununla da, infeksiyada 1 həftə içində 2 dəfəyədək yüksəlmə müşahidə edilib. Yoluxma hallarının artdığı bugünlərdə, üstəlik, kütləvi mərasimlər də keçirsək, özümüz özümüzə pislik etmiş olmarıqmı? - Bax, bu anlamda, ümumi maraqlar adına anlayış, anlayış və yenə də anlayış göstərməliyik. İşin içində bir də xarici təcrübə var: xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji duruma olduqca mənfi təsir göstərir. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək başlıca şərt kimi qarşımıza çıxır. Bu, kütləvi tədbirlərlə bağlı indiyədək verilmiş qərarların məntiqi davamıdır. Təkrarçılıq olmasın, möminlərimizin bu durumu, məcburi addımları anlayışla qarşılaması, birlik-bərabərlik, həmrəylik ruhu içində olması öz-özlüyündə bir dəyərdir.

Bir daha o məqama vurğu etmək istərdim ki, həmişə müqəddəs dəyərlərə sayğı ilə yanaşan, nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərləri yüksək tutan xalqımız öz mütəşəkkilliyi, həmrəyliyi sayəsində hazırkı çətinliyi də geridə qoyacaq; sağlıq olsun, dini rituallar da, kütləvi tədbirlər də zamanı gəldiyində ( -inşallah, çox gec olmadan), yenidən davam etdiriləcək.

Dindar xadimlərimiz, inanclı vətəndaşımız özləri, hazırkı mürəkkəb durumu nəzərə alan çağırışlar edincə, bu hər kəsdə qədirşünaslıq, sayğıduyarlıq hissləri oyadır.

Xalqımız dövlət maraqları adına, bəşəri çağırışlar adına həmişə anlayış, yüksək mədəniyyət nümayiş etdirib. - Dünən belə olub, bugün belədir, sabah da belə olacaq!

Xalqımız var olsun!

Dövlətimiz zaval görməsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31