Karantinin əvvəli və sonrası...ikinci dalğaya gedən yol- ARAŞDIRMA

Vətəndaşların məsuliyyətsiz davranışı pandemiyanın ikinci dalğasına yol aça bilər

Vətəndaşların məsuliyyətsiz davranışı pandemiyanın ikinci dalğasına yol aça bilər

Ölkədə koronavirus infeksiyasına yoluxma sayının azalması bir sıra yumşaldılmalara şərait yaratdı və qəbul edilmiş qərarlarla bəzi sahələrdə fəaliyyət bərpa edildi. Fəaliyyətinə icazə verilən sahələr arasında iri ticarət mərkəzləri istisna olmaqla, sərt karantin rejiminin tətbiq olunduğu 7 şəhər və 6 rayonda qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət, həmçinin məişət xidməti obyektləri də var. Fəaliyyəti bərpa olunmuş iaşə obyektlərinə o şərtlə icazə verilib ki, karantin qaydalarına əməl etməlidirlər. Lakin aparılan araşdırmalar deməyə əsas verir ki, həm iaşə obyektləri, həm də istehlakçılar Nazirlar Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət etmək istəmirlər. Təkcə o faktı qeyd etmək kifayətdir ki, müvafiq qurumlar tərəfindən aparılan monitorinq nəticəsində 106 obyektdən 102-də karantin qaydalarının pozulması halları qeydə alınıb. Bu isə o deməkdir ki, fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilmir, hələ də əhaliyə məişət xidmətləri göstərilən zaman həm sahibkarlar, həm də istehlakçılar karantin rejiminə lazımi qaydada riayət etmirlər. Məhz bunun nəticəsidir ki, son günlər ölkədə koronavirusa ("COVİD-19) yoluxanların sayı üçrəqəmli həddə yüksəlib. Mütəxəssislər hesab edirlər ki, vəziyyətun bu cür davam etməsi pandemiyanın ikinci dalğasının reallaşması və karantin qaydalarının sərtləşdirilməsi ilə nəticələnə bilər.

İaşə obyektləri hansa qaydalara riayət etməlidirlər?

Xatırladaq ki, hələ iaşə obyektlərinin fəaliyyətinə icazə veriləndə İqtisadiyyat Nazirliyi bəyan etmişdi ki, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə əməl edilməsi vəziyyətini ciddi nəzarətdə saxlayacaq. Maraqlıdır, bəs iaşə obyektləri və istehkakçılar konkret olaraq hansı qaydalara riayət etməlidirlər? Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə dair müvafiq qərarlar qəbul edilib. Bu qərarlara əsasən, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmət ərazilərinin dezinfeksiya edilməsi, işçilərin və müştərilərin müvafiq davranış və sanitar normalara əməl etməsi, insanlar arasında sıxlıq normalarının qorunması və s. tələblər müəyyən edilib. Ölkədə sərt karantin rejiminin tələblərinin qismən yumşaldılması prosesi çərçivəsində bir sıra sahələrdə fəaliyyətlərin, o cümlədən ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin bərpa edilməsi nəzərdə tutulur. Lakin sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl etməlidirlər. Karantin rejiminin tələblərinin yumşaldılması şəraitində bu məsələlər xüsusilə aktuallaşdığından, İqtisadiyyat Nazirliyi və onun müvafiq qurumları tərəfindən bu tələblərə əməl edilməsi vəziyyətinə ciddi nəzarət olunacaq. Nəzarət prosesinin həyata keçirilməsi zamanı aşağıdakı məsələlərə xüsusi diqqət ediləcək: sahibkarlıq subyektlərinin fəaliyyətinin Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olub-olmadığına; fəaliyyətinə günün müəyyən saatlarında icazə verilən sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin həmin tələblərə əməl edib-etməmələrinə; təsərrüfat obyektlərində sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin edilməsinə, habelə tibbi maskadan istifadə olunmasına nəzarət edilməsinə; ictimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanının təmin edilməsinə, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsinə və həmin qurğuların işlək vəziyyətdə olmasına; təsərrüfat obyektlərinin ərazisindəki, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına nəzarət edilməsinə, bu məqsədlə obyektin ölçülərinə uyğun sayda şəxslərin obyektə daxil olmasına icazə verilməsinə; ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə açıq hava sahələrində oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən (qəlyan avadanlıqlarından istifadə edilməməsi və bir masa arxasında müştəri sayının 6 nəfərdən çox olmaması şərti ilə), masalararası məsafələrin isə 2 metrdən az olmamasına; müştərilərin təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olmasına, maskası olmayan şəxslərə girişdə maskaların təqdim edilməsinə, həmçinin ictimai iaşə obyektlərində masa arxasında oturma halları istisna olmaqla bütün digər vaxtlarda maskadan istifadəyə nəzarət edilməsinə. Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq ediləcək. Sahibkarlıq subyektlərinin fəaliyyətinin Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olduğu hallarda həmin obyektlər dərhal bağlanacaq.

Karantin qaydalarına niyə riayət olunmur?

Məlum məsələdir ki, sahibkarlıq subyektlərini, o cümlədən açıq hava sahələrində müştəriləri qəbul edən ictimai iaşə sahəsində çalışan sahibkarlar sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə, xüsusilə müştəri qəbulu zamanı adambaşına müəyyən edilmiş sıxlıq normalarına əməl etməlidirlər. Başqa sözlə, cərimələrə məruz qalmamaq və sahibkarlıq fəaliyyətini yeni həyat tərzinin qaydalarına uyğun şəkildə qurmaq üçün diqqətli və məsuliyyətli davranmalıdırlar. Lakin reallıq hələ ki, sahibkarlıq subyektlərinin yeni həyat tərzinə uyğunlaşmadığını deyir. Belə ki,  Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları tərəfindən restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda birgə reyd keçiriblər. Reydlər zamanı koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin müəssisədə təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməsi məsələləri araşdırılıb, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılıb. Reydlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, burada qaydalara düzgün riayət edilməsi müəyyən edilib. Aşkar edilən nöqsanlar yerində aradan qaldırılıb və mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb. Paytaxtda ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər mütamadi olaraq davam etdiriləcək.

Yoluxma sayını necə azaltmaq olar?

Millət vəkili Vüqar Bayramov qeyd edib ki,  kafe və restoranlara açıq havada işləməsinə icaizə verildikdən sonra əksər ictimai iaşə müəssisələrində yenidən canlanma müşahidə olunmağa başlanıb: "Epidemioloji vəziyyət nəzərə alınmaqla iqtisadiyyatın mərhələli şəkildə tam açılımının vacibliyini dəfələrlə vurğulamaqla qeyd etmək istərdik ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi aktivliyin bərpası əhəmiyyətli olmalqa yanaşı, virusdan qorunmaq ilə bağlı qaydalara həm nəzarətin gücləndirilməsi, həm də əməl edilməsinin təşvqiq çox əhəmiyyətlidir. Bu baxımdan, ölkəmizdə də yeni standartlar çərçivəsində ictimai iaşə və xidmət sektorunda fəaliyyətlərin tam bərpası məqsədəuyğundur. Rəsmi statistikaya görə, 4 milyon 879 min məşğul əhalinin 1 milyon 769 mini aqrar sektorda çalışır. Onların əksəriyyyəti pay torpaq sahibləridir. Turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 81.5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçı var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımdan da vacib hesab olunur". Onun sözlərinə görə, hələlik ictimai iaşə müəssisələri qapalı məkanda xidmət göstərə bilmirlər. Bu baxımdan, qapalı xidmət göstərən kafe və restoranlar üçün də yeni standartların müəyyənləşdirilməsi və onların fəaliyyətlərinə də icaizə verilməsi məqsədəuyğun olardı: "Məsələn, elə kafe və restoranlar var ki, onlar ümumi zalda deyil, fərdi otaqlarda müştərilərə qulluq edirlər. Halbuki, virsudan qorunma qaydalarını tətbiq etməklə onların da fəaliyyətinin bərpası mümkün idi. Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Öndə qeyd etdiyimiz Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi və onlara nəzarət və əməl edilməsi vacibdir. Buna görə də, iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür".

Alim  Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31