Cəbhə bölgəsində yaşayan azyaşlılar psixoloji gərginliyə məruz qalırlar
Azərbaycanın cəbhə bölgəsində yaşayan insanlara psixoloji dəstək xarakterli yeni layihəyə start verilib.
19 Avqust 2020 13:07 SosialAzərbaycanın cəbhə bölgəsində yaşayan insanlara psixoloji dəstək xarakterli yeni layihəyə start verilib. "Olaylar" xəbər verir ki, layihə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında "Briut" Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Layihə Ermənistan ilə həmsərhəd olan cəbhə bölgəsində yerləşən rayonlarda yaşayan mülki əhalinin, xüsusilə də həssas qrupdan olan uşaqların erməni hərbçiləri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması, eləcə də törədilən hərbi təxribatlar nəticəsində mənfi təsirlərə məruz qalmış psixoloji vəziyyətlərinin bərpa edilməsi, psixoloji dəstək xarakterli təlim və tədbirlərin keçirilməsi məqsədi daşıyır.
Psixoloji dəstək layihəsi çərçivəsində keçirilən görüşlər zamanı Qazax rayonunda və rayonun cəbhə xəttində yerləşən kəndlərində yaşayan yetkinlik yaşına çatmayanların, xüsusilə də ibtidai sinif şagirdlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması və törədilən təxribatlar nəticəsində daim psixoloji gərginliyə məruz qaldıqları müşahidə olunub. Bu hal insan hüquqlarına dair beynəlxalq sənədlərin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də BMT-nin Uşaq hüquqları Konvensiyasının müvafiq maddələri ilə təsbit olunmuş uşaqların sağlam inkişaf etmək hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilməlidir. Görüşlər zamanı "Briut" Tibb Mərkəzinin mütəxəssisləri tərəfindən atəşkəsin pozulması nəticəsində psixi gərginlik keçirən yetkinlik yaşına çatmayanlara və onların valideynlərinə tibbi-psixoloji məsləhətlər və tövsiyələr verilib.