Hacı Fuad Nurullayev: "Məscidlər bağlı olan zaman da biz ayinlərimizi həyata keçirə bilərik"
15 Avqust 2020 10:59 Sosial"Bir çox insanlar indiki şəraitdə məscidlərin açılmasını istəyirlər. Bu normal bir haldır. Buna başqa cür yanaşmaq, başqa münasibət bildirmirik. Amma burada bir incə nüans var ki, bunu yaddan çıxartmamalıyıq. Bu gün dünyada elə bir xəstəlik yayılıb ki, insanların bir yerə toplaşması onların həyatları üçün böyük təhlükədir. Bunun qarşısını almaq üçün dövlətimiz müəyyən tədbirlər görür."
Bunu Olaylar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib. O deyib ki, bunlardan biri də Operativ Qərargah tərəfindən insanların kütləvi şəkildə toplaşmasına qoyulan qadağadır: "İnsanların ən çox cəmləşdiyi yerlərdən biri də məscidlərdir. Məscidə ibadətə gələn insanlar möminlərdir. Möminlər istənilən şəraitdə ibadətlərini edə bilərlər. Mütləq deyil ki, bir insan məsciddə ibadət etsin və belə bir qanun da yoxdur ki, məsciddə edilməyən ibadət qəbul olunmur. İslam dininin gözəlliyi ondan ibarətdir ki, Allahın bizə bəxş etdiyi məkanlar bizlər ibadət yeri, səçdəgahlar hesab olunur. Hər bir yerdə-evimizdə, istənilən şəraiti olan yerdə biz rahatlıqla namazımızı, dualarımızı etsək allah onu qəbul edəcək. Bugünkü şəraitdə biz bacardığımız qədər xəstəliyin yayılmaması üçün əlimizdən gələni etməli, göstərilən tələblərə əməl etməliyik. Bizim ibadətimizin özəlliyi və gözəlliyi buradadır. Ona görə də bir çox ayinlər, mərasimlər təbii ki, müvəqqəti olaraq təxirə salınıb. Unutmayaq ki, bu virus, pandemiya təkcə ölkəmizdə deyil, dünyadadır. Ona görə də bizlər bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Burada möminlərin də üzərinə vəzifə düşür ki, onlar ibadətlərini, ayinlərini kütləvi şəkildə, qorxu, həyacanla həyata keçirməsinlər."
Hacı Fuad Nurullayev qeyd edir ki, məscidlər bağlı olan zaman da biz ayinlərimizi həyata keçirə bilərik: "Burada heç bir məhduduiyyət yoxdur. İnşallah zaman gələr, məscidlərimiz açılar, tətbiq olunan qadağalar aradan götürülər və bundan sonrakı ayinləri, ibadətlərimizi rahat şəraitdə edərik. İndi virus, yoluxma təhlükəsi varsa bunu anlamalı və ətrafımızdakı insanların sağlam olmaları üçün əlimizdən gələni etməliyik. Bir müddət ibadətlərimizi ailəmizdə, evimizdə rahat şəkildə etsək, həm özümüzü, həm də ətrafımızdakı insanları bu virusdan xilas edə bilərik.
Bu gün mobil imkanlar var ki, biz onlardan da bəhrələnə bilərik. Bir insanın hansısa söz demək ehtiyacı varsa, xütbə oxumaq istəyi varsa, sosial şəbəkələrdən istifadə edə və bunu da insanlar üçün də paylaşa bilər. Allahdan bu bəlanı vətənimizdən, dünyamızdan uzaq eləməsini, dualarımızı qəbul etməsini arzulayıram."