“I Respublika Virtual Debat Çempionatı”nın açılış mərasimi baş tutub
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilatçılığı ilə "I Respublika Virtual Debat Çempionatı"nın açılış mərasimi keçirilib.
15 Avqust 2020 04:37 SosialAzərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilatçılığı ilə "I Respublika Virtual Debat Çempionatı"nın açılış mərasimi keçirilib.
Olaylar.az bildirir ki, açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Ramin Məmmədov, Vüqar İsgəndərov, Müşfiq Cəfərov və Şahin Seyidzadə, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Ülviyyə Axundova, təşkilat rəhbərləri, nümayəndələri və 200-dən çox gənc iştirak edib.
Onlayn tədbirdə açılış nitqi ilə çıxış edən "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Ülviyyə Axundova təşkilatın fəaliyyəti, proqramları, layihənin məqsədi və istiqamətləri barədə məlumat verib, layihəyə 11 şəhər, 42 rayonu təmsil edən 450 iştirakçının seçildiyini qeyd edib və bütün qonaqlara, gənclərə iştiraklarına görə təşəkkür edib.
Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək debatın gənclərin inkişafındakı rolunu, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi ilə birgə həyata keçirilən proqram və layihələr barədə danışıb və əməkdaşlığın uğurunu vurğulayıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışı zamanı debat, natiqlik istiqamətində keçirilən tədbirlərə verilən dəstək, Gənclər Fondu tərəfindən gənclərin inkişafı üçün həyata keçirilən layihələr barədə məlumat verib və bütün layihə iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatları çıxışları zamanı pandemiya dövrünün çağırışlarına uyğun olaraq gənclərin iştirakı ilə keçirilən tədbirlərin önəmi, gənclərin inkişafının təmin olunmasının vacibliyi və təşkilatın fəaliyyətinin gənclərin həyatında oynadığı rolun əhəmiyyətindən bəhs ediblər.

