“Vətən” və “şüvənlik” sözlərini bitişik yazan bizdənayrılar… Əkbər QOŞALI…

Əkbər QOŞALI

xüsusi  olaraq Olaylar.az saytı  üçün  

Respublika daxilində və xaricdə xeyli əli qələmli, masası bilgisayarlı, ağzı mik­rofonlu adam var, onların nə üçün yazmaq, danışmaq, efirdə görünmək ehtiyacı hiss etdiyini bir qırağa qoyub, işlətdiyi bir sözə - "vətənşüvənlik" sözünə diqqət çəkmək istərdim. Əslində, bu, bir yox, iki sözdür - iki sözdən "əməlgətirilmiş" sözbirləşməsidir. Vətən(çilik), dövlət(çilik) mövqeyində olan - həmin o, əli qələmli, masası bilgisayarlı, ağzı mik­rofonlu adamlarla eyni siyasi baxışı paylaşmayan, eyni siyasi partiyaya mənsub olmayan insanlara qarşı işlədirlər o sözü. Özəlliklə, Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində 12 iyulda başladığı hücumlar ordumuzun sərt cəza tədbirləri ilə cavablandırıldıqdan sonra dünya azər­bay­canlılarının işğalçı dövlətə etiraz aksiyaları zamanı o yaramaz söz tez-tez işlənməyə başladı. Artıq heç kəsə sirr deyil ki Ermənistan və havadarları nə ordumuzun sərt cavabını, ölkəmizə beynəlxalq dəstəyi, nə də, dünya azərbaycanlılarının haqq səsini bu yeni şəkli ilə təsəvvür etmirmiş.

Dərd ondadır ki, belə bir təsəvvürdə olanlar içində, (hə nə qədər ənənəvi söz olsa da, deyim) "sapı özümüzdən olan balta"lar, "manqurt"lar da tapıldı - onlar da pəjmürdə oldu. Və o yaramaz sözü yenidən və daha tez-tez işlətməyə başladılar: vətənşüvənlik, vətənşüvənlik... Hər şey bir yana, guya, özünə jurnalist, ekspert deyən adamlar bilmirmi ki şüvənlik sözünün qarşısında hansı sözün yerinə Vətən qoyub deyirlər? Mən o dəyişilən sözü burda yazmıram, zatən 7-dən 77-yə olmasa da, 17-dən 87-yə hər kəs bilir, söhbət hansı sözdən gedir. Yaxşı, bu yaramazlar bilə-biləmi Vətən və şüvənlik sözlərindən sünii sözbirləşməsi alıb, belə deyir, yoxsa, qanmazlıqdanmı? - Hər iki halda qəbulediləsi deyil. Ən çox da, birinci halda. İkinci halda isə peşəkarlığınız çatmır, harasa, nəyəsə tələsirsiz və bu tələskənlik peşəkarlığınızı artırmağa, özünüzə, sözünüzə çəki-düzən ver­məyə imkan vermir. Başqa nə ola bilər?

Üstəlik, dilimizin lüğət tərkibində "vətənşüvənlik"mi var? - Yoxdur, əlbəttə! - O zaman sən yeni söz yaradırsan... - Allah qoymasa, yaratdığın söz də budurmu? - "Hamı getdi quş gətirdi, Şahqulu bayquş gətirdi". Ayıbınıza kor olun!

Peşəkar nəinki Vətən və şüvənlik sözlərindən sünii sözbirləşməsi yaradar, hətta o iki sözü bir cümlədə işlətməz. Tam eynigüclü olmasa da, bənzəri bir olayı burada xatırlatmaq istərdim:

Demək, rəhmətlik Məmməd Aslan səksəninci illərdə ilk dəfə Türkiyəyə səfərə gedibmiş. Səksəninci illər ola, Azərbaycandan bir tanınmış şair gələ... - təsəvvür edin, eşidən-bilən görüşünə gəlir. - Kitab verən kim, duyğularını bölüşən kim, sual verən, fikrini öyrənən kim... Belə buluş­ların birində o zamanlar gənc şair kimi millətçi kəsim içində "Kərkük" şeiri ilə ün qazanmaqda olan Əli Akbaş həyəcanla öz şeirini oxuyur, ustadın rəyini bilmək istəyir:

Nə zaman ki Kərkük gəlir ağlıma,

Boğazlanmış bir türk gəlir ağlıma;

Füzuli bağını viran edənin

Ağzım dolu tüprük gəlir ağlıma...

Şeirin arxasını oxumağa ehtiyac qalmır - ustad məmnun qalmadığını, açıq etirazını bildirir:

-Şair də heç "Füzuli" və "tüprük" sözünü yanaşı işlədərmi?

Mən, olayı qısa şəkli ilə çatdırdım - umarım, məsələ aydındır. İndi necə olur ki bizim "peşəkar jurnalist" və "tanınmış eksper"lər vətən və şüvənlik sözlərindən sünii sözbirləşməsi yaradır və biz buna etiraz etmirik? Belə tərbiyəsizlikmi olar? - Sən Vətən sözünü hansı sözlə eynihüquqlu edirsən? Bu Vətən uğrunda nə canlar gedib, necə oğullar şəhid olub! Bu Vətən, məşhur sözlə ifadə etsək, mənası özündən böyük olan Vətəndir. Digər məşhur sözü yada salsaq, Azərbaycan xəritə üzərində xətkeşlə, pərgərlə sınırları cızılmış ölkə deyil, torpaqlarının hər qarışı qanla suvarılmış müqəddəs torpaqdır. Doğrudur, dünya birliyinin tanıdığı rəsmi sınırlarımız tarixi sınırlarımızın hələlik kiçik hissəsini əhatə edir və yaxşı bilirik ki biz hər tərəfdən öz torpaqlarımızla həmsınırıq. -

"Sərhədlər var, yarıb keçsəm,

Yenə də Vətən başlanar" - Borçalı balası, rəhmətlik Hamlet Kazımoğlu belə deyirdi.

Uzun sözün qısası, mən burada Vətən mühazirəsi etmirəm, sadəcə, bilməyərəkdən Vətən­şüvənlik "sö­zü"nü işlədənlərə səslənirəm: "...şüvənlik"dən öncə dilimizdə hansı sözün qəlib­ləşdiyini yadınıza salın və bu sözdən çəkinin! Bilərək işlədənlərə nə deyim? - Qarğış? Lənət? - bu mənlik deyil - məncə, bir kişi, bir türk qarğış qarğamamlı, lənət yağdırmamalıdır. Mən vətənşüvənlik "söz"ünü ağzına alanlara qarğış yağdırmıram, Vətənsevərlərə alxış edirəm! Ancaq "şüvənliy"i Vətənə yamaq edənlərlə Vətənin başı üstündə dolaşan müqəddəs ruhlar necə davranar, onlara nə yapar? - artıq bunu mən deməyim. Yalnız onu deyim ki. əlbəttə, kainatın, Vətənin ruhu vardır, buna inanıram...

Vətənimiz, dövlətimiz zaval görməsin!

Vətənimizin bayrağı uca olsun!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31